Müsahibə

Bayram bayrama, yubiley yubileyə qarışıb

Dövlət Akademik Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev hesab edir ki, tamaşaçı hər zaman haqlıdır

Martın 10-nu ölkəmizdə Milli Teatr günü kimi qeyd edilir. Əlamətdar hadisə ərəfəsində Dövlət Akademik Musiqili Teatrında əsl bayram ovqatı yaşanır, bu da təsadüfi deyil, çünki bir necə gün əvvəl teatrın akademik status almasının biri ili tamam oldu. May ayında isə kollektiv böyük tarixi ənənələr malik bu sənət ocağının 110 illiyini qeyd edəcək. Necə deyərlər, bayram bayrama, yubiley yubileyə qarışıb.

Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevlə bu əlamətdar günlər ərəfəsində görüşüb söhbətləşdik.

– Əliqismət müəllim, müsahibəyə başlamazdan öncə tamaşa zalını, məşq otaqlarını, bəzi sexləri sizinlə birgə gəzdik. Paralel olaraq bir neçə tamaşanın məşqləri gedir, bütün kollektiv inanılmaz dərəcədə səylə çalışır. Teatrda nə baş verir?

– Teatrda nə baş verməlidirsə bizim teatrda o da baş verir. Müşahidə etdiyiniz vəziyyət bizim kollektivin son illərdəki adi iş ritmidir. Dövlət başçısının sərəncamı ilə teatrımıza akademik status verilməsinin bir neçə gün öncə bir ili tamam oldu. Biz elə ilk gündən buna sadəcə ad dəyişikliyi yox, böyük etimad kimi baxmışıq və işimizə məsuliyyətlə yanaşmağa çalışmışıq. Bizə diqqət, qayğı artıbsa gördüyümüz işin həcmi və keyfiyyəti də buna adekvat olmalıdır. Teatrın direktoru olaraq sevinərəm ki, yaradıcı və texniki heyətin hər bir üzvü gündəlik fəaliyyətində bunu yaxşı dərk edir, işinə məsuliyyətlə yanaşır.

Qeyd etdiyiniz kimi, bu gün eyni vaxtda bir neçə səhnə əsərinin quruluşu üzərində iş gedir. Onların bəzilərində işlər tamamlanmaq üzrədir, bəzilərində isə məşqlərə yeni start vermişik.

– Təzə tamaşalardan söhbət düşmüşkən bəlkə elə bu barədə ətraflı məlumat verəsiniz?

– Bir neçə gün əvvəl “Beş manatlıq gəlin” tamaşasının ictimai baxışı oldu. Teatrımızın fəaliyyətini yaxından izləyən tamaşaçılar, teatrşünaslar yaxşı bilir ki, Səid Rüstəmov və Məmməd Səid Ordubadi yaradıcılığının birgə məhsulu olan bu komediya 1940-cı ildən başlayaraq müxtəlif quruluşlarda səhnəyə qoyulub və uzun illər uğurla nümayiş etdirilib, sonuncu dəfə bu əsərə 1994-cü ildə müraciət olunub. Zaman keçdikcə hər bir əsərə təbii ki, münasibət, baxış bucağı dəyişir. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov məhz bu prizmadan yanaşaraq “Beş manatlıq gəlin”ə yeni bir quruluş verib. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədovadır. Komik situasiyalarla dolu, eyni zamanda dərin məna çalarlarına malik, rəngarəng bir tamaşa alınıb. Fikrimcə bu tamaşa maraqla qarşılanacaq və repertuarımızda özünə möhkəm yer tuta biləcək.
Bayram bayrama, yubiley yubileyə qarışıb

Tamaşaçılarımıza təqdim etməyə hazırlaşdığımız növbəti səhnə əsəri “İstintaq” adlanır. Tamaşaya Xalq artisti, Sumqayıt Dövlət dram Teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş verir. Bəstəkarı Ceyhun Allahverdiyev, libretto müəllifi isə Pərviz Seyidli olan “İstintaq” tariximizin bu vaxta qədər az araşdırılan bir dövründən- “Difai” təşkilatının fəaliyyətindən, bu qurum ətrafında birləşən insanların həyatından, məruz qaldıqları repressiyalardan bəhs edir. Tamaşanın bir özəlliyi də ondadır ki, Xalq artisti, “Şöhrət” ordenli sənətkarımız Afaq Bəşirqızı tam yeni bir ampluada səhnəyə çıxacaq. Afaq xanım tarixi şəxsiyyətlərimizdən biri Nağı bəy Şeyxzamanlının ömür-gün yoldaşı Səlimə xanımın obrazını yaradacaq. Bilirəm ki, Afaq Bəşirqızı sənətinin vurğunları “İstintaq” tamaşasının premyerasını maraqla gözləyirlər.

Sənətsevərlər bu mövsüm repertuarımızda daha bir yeniliyin şahidi olacaqlar, teatrımız ilk dəfə olaraq “Cehizsiz qız” pyesinə müraciət edib. Dünya ədəbiyyatına şedevr əsələr bəxş edən böyük rus yazıçısı Aleksandr Nikolayeviç Ostrovskinin bu ölməz pyesini teatrımızın rus truppası ilə hazırlamaq üçün Gəncə Dövlət dram Teatrının baş rejissoru, Prezident mükafatçısı İradə Gözəlovanı dəvət etmişik. Rusiyanın və Gürcüstanın müxtəlif teatrlarında tamaşalar hazırlayan istedadlı rejissor son illər Akademik Dövlət Musiqili Teatrı ilə də sıx əməkdaşlıq edir. Bu gün teatrımızın repertuarında İradə xanımın quruluş verdiyi “Kimdir haqlı?”, “Mənim günahım”, “999-cu gecə” kimi maraqlı səhnə əsərləri var. Təkcə teatrın direktoru kimi deyil, həm də layihənin bədii rəhbəri kimi deyə bilərəm ki, “Cehizsiz qız” Azərbaycan teatr məkanına bir yenilik gətirəcək. Çünki quruluşçu rejissor bu klassik əsərə fərqli bir rakusdan yanaşıb. Tamaşanın musiqi rəhbəri və dirijoru Fəxrəddin Atayev, musiqi tərtibatçısı Prezident təqaüdçüsü Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Vaqif Məstanov, geyim rəssamı Yelena Almazova, rejissor assistenti Tamilla Aslanovadır.
Bayram bayrama, yubiley yubileyə qarışıb
Daha bir gənc və istedadlı rejissor Samir Qulamovla yaradıcılıq əlaqələrimizi davam etdirmək istəyirik. Samir Azərbaycan xalqının ən qədim yazılı abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanı əsasında “Qədəm Qorquddan bir nişanə” adlı balet-tamaşa hazırlayır, librettosunu da özü yazıb. Tamaşanın quruluşçu baletmeysteri Emin Əliyev, musiqi rəhbəri Prezident təqaüdçüsü Atabəy İsmayılov, quruluşçu rəssamı Vüsal Rəhimovdur. Dədə Qorqud obrazını gənc və istedadlı aktyorumuz Əmrah Dadaşov oynayacaq.

Kollektivimiz dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığına da müraciət edib, müəllifin böyük oxucu rəğbəti qazanan “Cəmilə” povesti əsasında hazırlanacaq yeni tamaşanın artıq məşqlərinə başlamışıq. Bu məsuliyyətli işi gənc və istedadlı rejissor Anar Babalıya həvalə etmişik. Əsəri teatrımız üçün Cavid Zeynallı səhnələşdirib. Tamaşanın səhnə tərtibatı Vüsal Rəhimə, musiqi tərtibatı isə Atabəy İsmayılova məxsusdur. Geyim rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur, Zakir və Yelena Ağayevlər bu tamaşa üçün maraqlı rəqslər qurur.

Dəyərli tamaşaçılarımıza daha bir xoş xəbərim var- Emin Sabitoğlunun Sabit Rəhmanın librettosu əsasında yazdığı “Hicran” iki hissəli musiqili komediyanı yeni quruluşda təqdim etməyə hazırlaşırıq. Tamaşaya quruluş vermək üçün Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist Qurban Məsimov dəvət olunub. Tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Mir Azər Abdullayev, konsertmeysteri Nərminə Əbdürrəhmanova olacaq.

– “Hicran” tamaşası deyəndə göz önünə səhnəmizin metrləri- Nəsibə Zeynalova, Səyavuş Aslan və Hacıbaba Bağırov gəlir. Həmin məşhur trionu yeni quruluşda kim əvəz edəcək?

– Həqiqətən də “Hicran”ın təkcə bizim teatrın deyil, ümumilikdə teatr tariximizdə özünəməxsus yeri var. Adlarını böyük ehtiramla yad etdiyimiz korifey sənətkarlarımız bu tamaşada yaddaqalan obrazlar yaradıblar. Tamaşa hər dəfə bayram günlərində televiziya vasitəsi ilə göstərilir və hər dəfə də maraqla qarşılanır. Yeri gəlmişkən, onu da xatırladım ki, mən Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor kimi çalışarkən “Hicran”a quruluş vermişdim və uğurlu səhnə əsəri kimi tamaşaçıların rəğbətini qazanmışdı.

Həqiqətən də istər yaşlı, istərsə də gənc nəsil tamaşaçılar arasında “Hicran” böyük populyarlıq qazanıb. Ona görə də yenidən “Hicran” komediyasına müraciət etmək böyük məsuliyyətdir. Amma nəzərə almaq lazımdır ki, bizim sənət doqmanı sevmir, daim yenilik, eksperiment tələb edir.

– Yəqin tamaşaçılar üçün də maraqlıdır, Mitoş, Dadaşbala və Qızbacının yeni ifaçıları kim olacaq?

– Yeni quruluşda Mitoş rolu Əməkdar artist Çingiz Əhmədova, Dadaşbala rolu Əməkdar artist Əkbər Əlizadəyə, Qızbacı rolu isə Əməkdar artist Almaz Ələsgərliyə həvalə olunub. Artıq tamaşanın məşqlərinə start verilib və inanıram ki, “Hicran”ın yeni quruluşu da seviləcək.

Gənc və yeniyetmə tamaşaçılarımızı da həmişəki kimi diqqətdə saxlayırıq. Bu mövsüm onlar üçün yeni bir tamaşa hazırlayırıq. Görkəmli gürcü yazıçısı Nodar Dumbadzenin populyarlıq qazanan əsərlərindən birini- “Mən, nənəm, İliko və İllarion”u səhnələşdirmişik. Tamaşaya gənc rejissorumuz Əhəd Hacıyev quruluş verir. Tamaşanın rejissoru Zaur Əliyev, musiqi tərtibatçısı Səməd Süleymanlıdır.

– Bu il ölkəmizdə “Könüllülər İli” elan edilib. Rəhbərlik etdiyiniz teatr bu günlərdə bir ilkə imza ataraq “Akademik Musiqili Teatrın könüllüləri” layihəsinə start verib…

– Əslində bu layihə üzərində çoxdan- hələ Mədəniyyət Nazirliyində çalışarkən düşünürdüm, teatra, incəsənətə marağı olan gəncləri bir araya gətirmək istəyirdim. Ölkə başçımız İlham Əliyevin bu il Azərbaycanda “Könüllülər İli” elan edilməsi ilə bağlı sərəncamı bu layihənin məhz indi reallaşmasına bir vəsilə oldu. “Akademik Musiqili Teatrın könüllüləri” ilə uzun müddətli və müxtəlif layihələr həyata keçirməyin qarşıya məqsəd qoymuşuq, bir araya gətirdiyimiz bu könüllülər teatrımızın təbliğində bizə yaxından yardım edəcəklər. Onlar üçün treninq və seminarlar təşkil olunacaq, layihənin yekununda isə könüllülərimizin iştirakılə tamaşa hazırlanmağı da düşünürük.
Bayram bayrama, yubiley yubileyə qarışıb
– Milli Teatr günü ərəfəsindəyik. Ömrünü-gününü bu sənətə sərf etmiş bir insan kimi bu bayram sizin üçün nə deməkdir?

– Bu sənətdə olan hər bir insan kimi mənim üçün də böyük bir bayramdır. Teatr Gününün bir özəlliyi də ondan ibarətdir ki, tamaşaçılar da bu bayramı əlamətdar gün kimi qeyd edirlər, bizimlə birgə sevinirlər. Tamaşaçı olmadan bu bayramı necə qeyd etmək olar? Bütün fəaliyyətimiz, uğurlarımız onlar üçündür. Nəzərə almaq lazımdır ki, bu günün tamaşaçının zövqü, baxışı 2-3 il öncəkindən fərqlənir. Mən və müavinlərim hər tamaşamızdan sonra onlara görüşür, söhbət edir, fikirlərini, irad və təkliflərini dinləyirik. Onların fikirləri və iradları bizim üçün önəmlidir, çünki mənim düşüncəmə görə tamaşaçı hər zaman haqlıdır.

Qeyd etməyə hazırlaşdığımız Milli Teatr günü həm də onunla əlamətdardır ki, bu ilin mayında Akademik Musiqili Teatrın 110 yaşı tamam olur. Dövlət başçımız İlham Əliyev, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva şərəfli tarixə malik bu sənət ocağına hər zaman böyük diqqət və qayğı ilə yanaşırlar. Əbülfəs Qarayev başda olmaqla mədəniyyət nazirliyinin bütün kollektivi daim işimizə dəstək olur. Məhz bu diqqət və qayğıdan, tamaşaçı alqışından ruhlanaraq böyük əzmlə çalışırıq. İnanırıq ki, həm Milli Teatr Gününü, həm də 110 illik yubileyimizi sənət uğurları ilə qeyd edəcəyik.

Etibar CƏBRAYILOĞLU

Daha çox
Back to top button
Close