Mədəniyyət

10 Mart – Milli Teatr Günüdür

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti oldu.

10 Mart Azərbaycan teatrı yaranmasının 147-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.

Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu.Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər. Bu şərəfli işdə H. Zərdabi və N. Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.

Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərmişdilər.

Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu “Şərqin operası” adlandırmışdı. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H. Z. Tağıyevin böyük xidməti oldu.

O, Bakı şəhərində ilk teatr binası inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olmuşdur.

AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu.

Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açılmışdı. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer almışdı. Məhz martın 10-u (köhnə stillə 22-si) – Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu.

Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.

Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button