Müsahibə

Tamaşaçılarımız daha çox aktual hadisələri səhnədə görmək istəyir – Xəyalə Rəis

Bu gün Azərbaycan teatrı yaranmasının 147-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.

Analoq.az xəbər verir ki, Mövzu ilə bağlı teatrşünas Xəyalə Rəis Sonxeber. az-a danışıb. O, bildirib ki, bu gün Azərbaycan teatrının 147 yaşı tamam olur:
“147 yaşlı Azərbaycan teatrı çox çətin dönəmlərdən keçib. Bəzən dövlət dəstəyi olub, bəzən də olmayıb. Xüsusilə qeyd edim ki, teatr çox vaxt tamaşaçının çiyinləri üzərində özünü qoruyub saxlamağı bacarıb.

Bu gün Azərbaycan teatrına böyük dövlət dəstəyi göstərilir. Bəli, yeni teatr binaları tikilib, yeni akustika, eyni zamanda səhnə tərtibatı da yenilənib. Amma bir məsəl var, üstü bəzək, içi təzək, yəni bizim teatrlarımız onu xatırladır. Bu gün teatrlarımızın repertuarında nə qədər rəngarəng repertuar siyasətimiz var desələr də, ancaq elə deyil. Çünki Azərbaycanın paytaxt və bölgə teatrlarının əksəriyyətini klassik əsərlər təşkil edir və klassika da, heç kimə maraqlı deyil. Niyə maraqlı deyil? Çünki bizim bugünkü tamaşaçımıza bir-iki əsr bundan əvvəl baş vermiş hadisə maraqlı deyil. Misal üçün, nə qədər dərviş Parisi partladacaq, nə qədər Sevil başındakı çadranı çıxardacaq? Artıq 21-ci əsrin insanı üçün bu problemlər diqqət çəkmir. Bugünkü tamaşaçılarımız daha çox gündəmdə aktual olan mövzuları, hadisələri səhnədə görmək istəyir.

Teatrlarımızın direktorları, baş rejissorları nə qədər desələr də ki, klassik əsərə müasir baxış gətirmişik, klassik əsərləri bugünkü gündəmlə uzlaşdırmışıq ancaq aktyora cırıq şalvar geyindirməklə, aktyorun əlinə telefon verib səhnəyə çıxartmaqla klassik əsəri müasirləşdirmək olmur. Çünki, rejissor o əsərin məzmununa, xəttinə heç də toxuna bilmir. Yəni, nəticəni dəyişmək mümkün olmadığı təqdirdə, o əsər necə müasirləşə bilər? İndiyə qədər mən heç bir dövlət və paytaxt teatrlarımızda klassik əsəri müasir üslubda səhnələşdirən nə bir rejissor, nə də bir tamaşa gördüm. Ona görə də bu gün bizim tamaşaçılar üçün teatr toz yığınağını xatırladır. Toz yığınağından başqa bir şey deyil, çünki klassik əsərlər orada səhnələşdirilir. İnsanlara teatrı təqdim edəndə onlar elə başa düşürlər ki, teatr köhnədən qalma, qədim, klassik əsərləri səhnələşdirən o pafosdan çıxa bilməyən bir mədəniyyət ocağıdır. Ancaq bu əsla elə deyil. Mən çox istərdim ki, teatra gənclər gəlsin və onlar tamaşaçıya yeni əsərlər təqdim etsinlər. Gənc rejissorlara, dramaturqlara şərait və meydan yaradılsın”.

Daha çox
Back to top button
Close