Müsahibə

“HAKİMİYYƏTİN DEYİL, MƏSULİYYƏTİN BÖLÜŞDÜRÜLMƏSİDİR…” – “Parlament müxalifəti yoxdur, parlament azlığı var”

Milli Məclis rəhbərliyinin tam heyətdə yenilənməsi, ilk dəfə olaraq müxalifət partiyası nümayəndəsinin parlament sədrinin müavini postuna seçilməsi, komitə sədrlərinin müavinləri vəzifələrinin siyasi partiyalara verilməsi və digər məsələləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ilə müzakirə etdik.

Fazil Mustafa ilə müsahibəni təqdim edirik:

– Fazil bəy, Milli Məclisin yeni rəhbərliyi seçildi, bu dəfə müxalifət partiyalarının nümayəndələrinə də vəzifə verildi. O cümlədən Siz də komitə sədrinin müavini seçildiniz. Bu yeniliyi necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, burada Prezidentin çıxışı və orada göstərilən istiqamətlərdə parlamentin dəstək vermək keyfiyyətinin qaldırılması siyasəti var idi. Və bu siyasət də gerçəkləşdi. Bu nə ilə bağlı idi? Təbii ki, təkcə parlament vitrini dəyişmədi. Vitrin önəmli idi. Cəmiyyətə islahatlara uyğun parlament modeli, yeni parlament rəhbərliyinin konfiqurasiyasını təqdim etmək olduqca vacib idi. Eyni zamanda parlament rəhbərliyində azlığı təmsil edən siyasi qüvvənin təmsilçisinin olması ilk hadisə idi. Azərbaycan Cənubi Qafqazda yeganə ölkə idi ki, belə təmsilçilik nəzərdə tutulmurdu. Diqqət edirsinizsə, MSK-nın formalaşdırılmasında çoxluq, bitərəflər və azlıq yer alırdı. Amma konkret olaraq parlament rəhbərliyində bu nəzərdə tutulmurdu. Eyni zamanda parlament komitələrinin sədr müavinləri səviyyəsində olsa da, bu təmsilçiliyin olması da müsbət haldır. Ən azı azlığın da bütün spektrdə təmsilçiliyini ehtiva edən addım atıldı. Yəni bir sıra yeniliklər müşahidə olundu. Yəqin ki, Milli Məclis aparatında və başqa yerlədə bir sıra struktur dəyişikliyi də olacaq. Mən bunları müsbət hadisə kimi qiymətləndirirəm.

– Paramentin yeni sədri seçildi. Sahibə Qafarovanın bu vəzifəyə gətirilməsini necə qarşılayırsınız?

– Parlament rəhbərliyinə kifayət qədər nüfuzlu ziyalının gətirilməsidir. Sahibə xanım dəyərli alimdir, elm adamıdır və həm də AŞPA-da öz nüfuzu ilə Miqrasiya komitəsinə sədr seçilən ilk azərbaycanlıdır. Bu çox böyük uğur idi və öz müddəti ərzində də uğurla işlədi, nüfuz qazandı.

Həmçinin spikerin birinci müavini seçilən Əli Hüseynli Azərbaycanın peşəkar hüquqşünasıdır, bu sahədə kifayət qədər təcrübəsi var. Hesab edirəm ki, Əli Hüseynli də böyük töhfə verəcək. Eyni zamanda komitə sədri olaraq da davam edəcək. Adil Əliyev də cəmiyyətdə kifayət qədər tanınan, seçicilərlə ən fəal işləyən millət vəkilidir. Həmçinin idman hərəkatında böyük rolu var.

Fəzail İbrahimli dəyərli ziyalıdır, uzun illər parlament təcrübəsi var. Bütün bunların hamısı yaxşı mənada parlament haqqında təsəvvürlərin ən azı ilkin təəssüratda dəyişilməsinə yardımçı olacaq. Amma sonrakı mərhələdə, Prezidentin də söylədiyi kimi, parlament müşahidəçi rolundan baş rola gəlməli, əsas rolları öz üzərinə götürməlidir. Deputatlar daha fəal performans ortaya qoymalıdırlar. Yəqin ki, bunun da yaxın zamanlarda şahidi olacağıq.

– Siz Mədəniyyət komitəsinin sədri müavini postuna seçilmisiniz. Bu sizin üçün yenilik oldu, yoxsa bunu gözləyirdiniz?

– Yox, açığı mənim parlamentdə müavin olmaq və ya sədr olmaq iddiam yoxdur. Məsləhət bilinibsə fərqi yoxdur, harada olsam, orda fəaliyyət göstərirəm. Hansı platformada olursa, olsun. Belə məsləhət olubsa, Mədəniyyət komitəsində də fəaliyyət göstərərəm.

– Parlamentdə bitərəflərə daha çox yerin verilməsi nədən qaynaqlanır?

– Əslində əvvəldən də müstəqillərə yer verilmişdi. Məsələn, Ziya Səmədzadə komitə sədri idi, Ülvi Quliyev komitə sədri idi. Səhv etmirəmsə, onlar müstəqil deputatlar idi. Əslində müstəqillərin təmsilçisi var idi, azlığın təmsilçisi yox idi. Bu dəfə azlığın nümayəndələrinin olması da müsbət haldır. Hazırda komitə sədrlərinin müavinlərinin əksəriyyəti parlamentdə azlığı təşkil edən partiyaların nümayəndələri oldu. Fikrimcə, buna müsbət yanaşılmalıdır.

– Bu dəyişiklik parlament müxalifətinə nə verəcək?

– Əslində indi parlament müxalifəti hüquqi termində işlədilmir. Əgər işlədilsəydi, əsas referans olaraq parlament müxalifəti anlayışı gündəmə gətirilsəydi, daha yaxşı olardı. Çünki azlıqla parlament müxalifəti eyni anlayışı ehtiva etmir. Azlıqda elə partiyalar var ki, hakim partiyadan daha çox onun siyasətini dəstəkləyirlər. Onlar hər hansı bir şəkildə müxalifət mövqeyini təmsil etmirlər. Amma konkret olaraq müxalif mövqe nədə bilinir? Daha çox hökumətin hesabatına münasibətlərdə, tənqidi çıxışlarda, alternativ layihələrini ortaya qoymaqda özünü ehtiva edir. Odur ki, parlament müxalifəti ifadəsi indi aktual ifadə deyil və işlədilmir. Daha çox azlıq ifadəsi işlənir. Parlamentdə fraksiya söhbəti ola bilərdi. Bunun üçün də 25 deputatın iştirakı nəzərdə tutulur. Bu mənada parlament müxalifəti ifadəsi hüquqi cəhətdən öz yerində deyil və hər hansı bir təmsilçilik də müxalifət təmsilçiliyi kimi anlaşılmamalıdır. Bu, sadəcə azlığın nümayəndələrinin çoxluğun razılığı ilə parlament sədrinin müavini, komitə sədri və komitə sədrinin müavini səviyyəsində təmsil olunmasıdır. Bu müxalifət formatında təmsilçilik deyil, bir başqa azlığın təmsilçiliyidir. Azlıq da hakim partiyadan olmayan, tərəfsiz olmayan və rəsmi qeydiyyatdan keçən bütün partiyaları ehtiva edir.

– Parlament rəhbərliyindəki son təmsilçilik siyasi hakimiyyətin, az da, olsa bölüşdürülməsi anlamına gəlirmi?

– Bu hakimiyyətin bölüşülməsi deyil, sadəcə olaraq məsuliyyətin bölüşülməsidir.

– Amma səlahiyyəti olmayanın məsuliyyəti də olmaz…

– Hakimiyyətin bölüşülməsinin fəlsəfəsi bir qədər fərqlidir. Hakimiyyət bölgüsü anlayışı elə hakimiyyət qolları arasında olan bölgüdür. Yəni icra, qanunverici və məhkəmə hakimiyyəti arasında olan bölgüdür. Biz müzakirə etdiyimiz məqam isə sadəcə olaraq parlament məsuliyyətinin bölüşdürülməsidir. Gələcəkdə biz o istiqamətə getməliyik ki, parlament müxalifəti anlayışı qəbul edilməlidir. Yəni iqtidarı dəstəkləyən partiyalar ayrı, iqtidara müxalifət olan partiyalar ayrı götürülməlidir. Bunlar azlıq kimi deyil, hakim partiya, onu dəstəkləyən qüvvələr və hakim partiyaya müxalifətdə olan qüvvələr anlayışı və terminləri ilə tanınmalıdır. Amma indiki vəziyyətdə sadəcə parlament daxilində məsuliyyətin bölüşdürülməsindən söhbət gedir. Həmişə böyük məsuliyyət ya YAP-ın çiynində olub, ya da müstəqillərlə birlikdə YAP-ın olub. Başqa sözlə, hakim partiya parlament çoxluğundan yararlanaraq, bütün vəzifələrə özününküləri seçib. İndi ilk dəfədir ki, azlığın nümayəndələri də seçiliblər. Bu həm də parlament çoxluğunun parlament azlığına edilən bir jestidir. Bunu belə də qiymətləndirmək lazımdır.

– Bundan sonrakı gözləntiləriniz nədir?

– Açığı, ardınca hansı addımların gələcəyini bilmirik. Biz sadəcə kənardan təkliflər verə, fikirlərimizi söyləyə bilərik. Bizim verdiyimiz təkliflər qəbul oluna da, olunmaya da bilər. Amma hesab edirəm ki, bu proseslər davam edərsə Azərbaycanda parlamendən başlayan demokratiya ab-havasının genişlənməsi hamı tərəfindən müşahidə oluna bilər.“AzPolitika.info”

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close