Müsahibə

“Biz bolşevik təfəkküründən əl çəkməliyik” – İqbal Ağazadə ilə müsahibə

9 fevralda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrindən narazılıq olsa da, bu etirazlar ümumi nəticəyə təsir etmədi və proses bitmiş hesab olundu.

“Unikal” qəzetinə müsahibə verən Ümid Partiyasının sədri İqbal Ağazad ilə söhbətə də bu mövzudan başladıq:

-Yeni parlament Azərbaycan xalqının iradəsini əks etdirən şəkildə formalaşmadı. Təəssüf ki, etirazla qarşılanan, seçicinin qarşısına çıxa bilməyən, kəndlərdə görüşlərdən qovulan namizədlər belə millət vəkili adını aldılar. Bu, çox təəssüf doğuran haldır. Bu parlament 2015-ci ildə formalaşan parlamentdən heç nə ilə fərqlənmədi. Bu da növbədənkənar parlament seçkilərinin keçirilməsi arqumentini zəiflətdi. Belə çıxdı ki, növbədənkənar parlament seçkilərini sanki parlament rəhbərliyini dəyişmək üçün elədilər. Çünki parlamentin tərkibində hansısa ciddi dəyişiklik olmadı.

-Axı parlamentə 40-dan çox şəxs də düşüb. Müxalif fikir ondan ibarətdir ki, 40 nəfər yeni şəxsi ciddi dəyişiklik hesab etmək olmaz. Hakimiyyət təmsilçiləri isə 30 faizdən çox dəyişikliyi əsas gətirərək fərqli mövqedən çıxış edirlər və bildirirlər ki, yalnız inqilablar zamanı tərkib tamamilə dəyişir…

-Əsas məsələ başqadır. Xalqın seçmədiyi, görüşdən qovduğu namizədlərin yenidən parlamentə seçilməməsi seçici üçün əsas göstərici ola bilərdi. Amma bu adamlar yenidən parlametdə əyləşdilər. 40 nəfər yeni şəxslərin təxminən 10 nəfəri bundan əvvəl də parlamentdə yox idi və onların yeri boş idi. Çünki həmin şəxslər bir müddət əvvəl səlahiyyətlərini icra strukturlarına dəyişmişdilər. Amma xalqın gözləntiləri başqa idi. Xalqın əsas narazı olduğu məqam odur ki, xalqın səsinə səs verməyən adamlar parlamentə düşdü. Lakin bu narazılığa məhəl qoyulmadı, həmin adamlar parlamentdə oturdular. Rəqəmlərin hər hansı bir əhəmiyyəti yoxdur. Əsas mahiyyətdir, o da xalqın iradəsinin əksinədir. Geniş mənada dəyişikliyə gəlincə, parlamentdə çoxsaylı insanlar dəyişməliydi, çünki xalq onlara səs vermir. Ona görə yox ki, hakimiyyət dəyişməliydi, sadəcə, insanlar onlara səs vermirlər. Əgər onlar yenə də parlamentdə otururlarsa, xalqın da, siyasi müxalifətin də qənaəti budur ki, budəfəki seçkidə də heç nə dəyişmədi. O cümlədən, siyasi institutların tərkibinə baxanda demək olar ki, heç bir dəyişiklik yox idi.

-Parlamentə düşəcəyiniz təqdirdə də bu fikirləri səsləndirəcəkdiniz, yoxsa obrazlı desək, bir qədər ütülü danışacaqdınız?

-2005-2010-cu illərdə parlamentdə təmsil olunmuşam. Eyni mövqeyi sərgiləmişəm. Partiyanın da mövqeyi bu şəkildə olub. Yəni, parlamentdə oturub-oturmamağımızdan asılı olmayaraq, hər zaman obyektiv mövqedən çıxış etməyə çalışmışam. Parlamentdə olsaydım, analoji fikirləri səsləndirəcəkdim.

– O zaman ortaya bir sual çıxır. Əgər parlament xalqın iradəsi ilə formalaşmayıbsa, o parlamentdə oturmaq nəyə xidmət edir?

-Bunlar fərqli bir şeylərdir. Seçicinin rəyini özündə əks etdirməyən, saxta yollarla parlamentə düşən adamlarla bir yerdə oturmağı doğru saymasaq, gərək bu yanaşma ilə heç kimə yaxın durmayaq. Biz cinayətkarla da, narkomanla da, alimlə də, fəhləylə də, iş adamı ilə də bir cəmiyyətdə yaşayırıq. Bu yanaşmanı əsas götürsək, gərək öz qrupumuzu götürüb başqa yerdə yaşamalıyıq. Biz harda mümkündür, orda xalqa xidmət etməyi bacarmalıyıq. Bu gün parlamentə Erkin Qədirli düşüb. Çoxsaylı adamlar deyir ki, niyə gedib parlamentdə oturub. Zaman tanımaq lazımdır ki, fəaliyyət göstərsin və fəaliyyətinə qiymət verilsin. Niyə orda oturub sualını verməyin. Oturubsa, deməli, xalq üçün nəsə edəcək. Biz bolşevik təfəkküründən əl çəkməliyik. “Məndə yoxdursa, heç kimdə olmasın” yanaşması yanlışdır.Biz istəyirik ki, parlamentdə fərqli fikirdə olan daha çox adam otursun. Bir Erkin olmasın, 20 olsun, 30 olsun, bəlkə də daha çox olsun. Olmadısa, real nəticə budursa, Erkinin üzərinə daha çox yük yığmaq lazımdır. Yaxud başqa birindən tələb etmək lazımdır ki, xalq üçün işləsin, xalqın mövqeyini ifadə eləsin.

-Seçkinin nəticələrindən narazılıq yarananda bir qisim hökuməti suçlayır, bir qisim namizədləri ittiham edir. Maraqlıdır, parlament xalqın iradəsi ilə formalaşmayanda cəmiyyətin məsuliyyəti nə qədərdir, xalq hansı formada etiraz etməlidir?

-Xalqın siyasi proseslərə yanaşması və siyasi proseslərin dinamikasında iştirakı olduqca aşağıdır. Bunu qəbul etmək lazımdır. Təbii ki, bunun bir neçə fundamental səbəbləri var. Birincisi, iqtidarın yanaşması, siyasətlə məşğul olanlara münasibət, həbslər, işdənçıxarmalar və digər səbəblər. İkincisi, nəticəsizlik sindromu, burada təkcə iqtidarın deyil, müxalifətin də günahı böyükdür.Keçirilən bütün seçkilərdə vətəndaş nəticəsizlik sindromu yaşayıb, inamını itirib. Deyir ki, seçkidə iştirak edib-etməməyimin nə mənası var.
Bundan əlavə, müxalifətin o günahı var ki, mövcud situasiyada vəziyyəti doğru dəyərləndirib qələbə modelini tapa bilmir. Bu gün bizim seçiciyə xitabımız onların bizi eşitməyi formasındadır. Bu gün seçici bizi eşidir, amma dinləmir. Çünki dediyimiz sözlərin inandırıcılıq dərəcəsi azdır. Mən öz dairəmizdən deyirəm ki, seçici ayaqda idi. 120 saylı dairədə də aktivlik var idi. Görüşləriniz, seçici ilə təmasınız təqdir olunmalıdır. 12-ci, 29-cu, 31-ci, 83-cü, 44-cü və digər dairələrdə də dinamiklik var idi. Təsəvvür edin, 125 dairədə bu şəkildə işlənilsəydi, nə qədər effektli olardı. Təəssüf ki, çox az müstəqil namizəd, çox az partiyalı namizəd işlədi. Adını çəkmək istəmirəm, partiyaların böyük əksəriyyəti seçki kampaniyası aparmadı. Açığını deyək, bu seçkinin üzünü ağ edənlər daha çox bitərəf namizədlər idi. Bəziləri etiraf etsə də, etməsə də, bizim dairədəki seçki kampaniyası göz qabağında idi. Mənim görüşlərim cəmiyyət üçün açıq və maraqlı idi. Amma bu, yetərli deyildi. Ümumən seçki aurasını bir və iki namizəd yaratmırdı ki. Mənə görə bu seçkinin qəhrəmanları vətənpərvər, demokratiya istəyən, azadfikirli yeni nəslin nümayəndələri idi. Əksər dairələrdə dinamikanı da, seçki ab-havasını da onlar yaratdı. Etirazlarda da öz mövqelərini qoya bildilər. Demək ki, siyasi institutlar prosesdə ləngiyir. Bax, müxalifətin günahı bundadır. Bizim dairədən kənar heç bir siyasi partiyanın nümayəndəsi Zaur Əhməd qədər, Bəxtiyar Hacıyev qədər, Mehman Hüseynov qədər, yaxud başqa aktiv bitərəf namizəd kimi işləyə bilmədi. Hər gün seçicinin yanında olmaq, az olanda azla görüş, çox olanda çoxla görüş, verilən mesajlar, dinamika, bütün bunların hamısı seçkiyə pozitivlik gətirmişdi. Biz siyasi institutlarımızı yenidən şəkilləndirməyi bacarmalıyıq. Siyasi institutların hazırkı şəkli cəmiyyətə bədbinlik və hərəkətsizlik gətirir. Budəfəki seçki həm də bunda ötrü bir dərs idi.

-İqbal bəy, artıq parlament formalaşıb və fəaliyyətə başlayıb. Hazırda ölkədə kifayət qədər ciddi problemlər var. Yeni tərkibli parlament hansı problemləri qaldırmalı və həllinə çalışmalıdır?

-Millət vəkili gördüyü, seçicisini narahat edən hər bir məsələni gündəmə gətirməlidir. Əgər bu gün koronavirus ölkə vətəndaşını narahat edirsə, millət vəkili ondan danışmalıdır. Dolların kursu insanları narahat edirsə, onunla bağlı sözünü deməlidir. Neftin qiyməti, iqtisadiyyatın neftdən asılılığından mütləq mənada danışmalıdır. Əgər cəmiyyətin böyük bir kəsimini siyasi məhbuslar narahat edirsə, millət vəkili onlardan da danışmalıdır. İnsanları seçki saxtakarlığı narahat edirsə, bu qədər insan məhkəməyə müraciət edirsə, hökmən millət vəkili onların da mövqeyini ifadə etməyi bacarmalıdır. Millət vəkili seçicinin yanında olmalıdır, öz maraqlarını güdməməlidir. Ölkə vətəndaşını başqa nə narahat edir, qiymətlərin bahalaşması, ondan danışılmalıdır. Yaxınlarda hökumətin hesabatı olacaq. Müzakirə zamanı deputat xalqın mövqeyindən çıxış etməlidir, sosial vəziyyətin ağırlığını, problemləri gündəmə gətirməlidir. Hər bir millət vəkili Qarabağ məsələsindən mütləq danışmalıdır. Atəşks dönəmindən bu yana bu qədər şəhid vermiş bir millət ya torpağını azad etməlidir, ya da normal çıxış yolu tapılmalıdır.

-Yeni tərkibdə qeyd elədikləriniz barədə danışacaq millət vəkili varmı?

-(Fikirləşir) Çətin. Kimsə epizodik olaraq, hansısa problemləri qaldıra bilər, amma təəssüflər olsun ki, böyük mənada hazırkı tərkibdə heç bir deputat problemləri açıq şəkildə deyə bilməz.

– Koronavirus, neftin qiyməti, dollar və digər məsələlərlə bağlı hökumətin mövqeyi ortadadır. İndi deputatlar da hökumətin “hər şey qaydasındadır” musiqisinə qoşulacaqlar?

-Məncə, qoşulacaqlar. Çünki problem və proses ona gətirib çıxarıb ki, o insanların böyük əksəriyyəti bilavasitə hakimiyyətin dəstəyi ilə parlamentə düşüblər. Onlar da şükranlıq edib hakimiyyətin o dəstəyini unutmayacaqlar.

-Bəs bu proses nə zamana kimi davam edəcək?

-Biz siyasi institutları yenidən şəkilləndirənə qədər. Yeni düşüncəli insanlar seçki prosesinə girmək yox, siyasi proseslərə girənə qədər davam edəcək. Çox sevindim ki, yeni nəsil seçki prosesində iştirak edir, amma seçkidən sonra hərə öz işi ilə məşğul olsun deyə bir anlayış olmamalıdır. Seçkiyə girən namizədlər, seçkiyə dinamika gətirən namizədlər siyasətə də dinamika gətirməyi bacarmalıdırlar. Ya mövcud partiyalar çərçivəsində birləşməlidirlər, ya da yeni bir qrup yaradıb ölkə siyasətinə dinamika gətirməlidirlər. Bunun ayrı yolu yoxdur. Biz əksər müxalif təşkilatların öz vəzifələrini icra edə bilməmələrinin şahidiyik.

-Bəlkə özləri meydandan çəkilsinlər, yeni qüvvələr gəlsin…

-Heç kimə geri çəkil demək lazım deyil. Hər kəs nə qədər bacarır, o qədər iş görsün. Siyasətə daha çox insan gəlsin ki, daha çox iş görülsün. Kimin yeri daralacaq, kimin proseslərə təsir etmək imkanları azalacaq, görəcəyik. Cəmiyyət də baş verənləri qiymətləndirəcək. Odur ki, olanları qovmaq yox, yeni insanların gəlməsinə çalışmaq lazımdır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button