Mədəniyyət

YUĞ Dövlət Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycan Dövlət Yuğ Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov Analoq.az-a bildirib ki, 25 mart tarixində mədəniyyət ocağının rəhbərliyi adından Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib. O qeyd edib ki, Yuğ Dövlət Teatrının kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edir.

Covid-19 virusunun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində həyata keçirilə tədbirləri yüksək qiymətləndirən İ.Həsənov bir çox sosial məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsinin, kütləvi tədbirlərin, konsertlərin, tamaşaların təxirə salınmasının dövlətimizin öz vətəndaşlarını qorumaq istəyindən irəli gəldiyini bildirib.

“Son aylar ərzində baş verən hadisələr, o cümlədən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin bu fonda ianələr bağışlaması bütün dünyanına cənginə alan virusa qarşı mübarizədə dövlətin və xalqın həmrəylik göstərməsinin bariz göstəricisidir. YUĞ Dövlət Teatrının kollektivi də pandemiyanın ölkəmizə mənfi təsirinin qarşısının alınması üçün əlimizdən gələn maddi və mənəvi dəstəyi göstərməyə hazırdır.

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close