Mədəniyyət

27 mart – Beynəlxalq Teatr Günüdür

Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

Məlumat üçün bildirək ki,Teatrın vətəni qədim Yunanıstandır. Bu söz də yunan sözüdür, “tamaşa yeri” mənasını verir. Yunanıstanda qədim zamanlarda şərabçılıq ilahı (yəni allahı) Dionisin şərəfinə təntənəli bayramlar keçirilirdi. Azad yunanlar şəhər və kəndlərin küçələrində təntənəli gəzintilər təşkil edir, Dionis haqqında əfsanələrdən bütöv səhnələr oynayırdılar. Əvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilərdi. Tamaşaçılar isə yamacda yer tutub otururdular. Təpənin ətəyində yunanca “skena” adlanan çadır qurulurdu. Burada aktyorlar paltarlarını dəyişirdilər. Sonralar çadır əvəzinə kiçik bina tikdilər. Tamaşa vaxtı burada dekorasiyalar asırdılar. Binanın qarşısında aktyorların və xorun çıxış etməsi üçün meydança – orkestra düzəldirdilər. Beləliklə, e.ə. V əsrdə Yunanıstanda teatr binaları tikməyə başladılar.

Qədim yunanlar teatrı çox sevir, onu “böyüklər üçün məktəb” adlandırırdılar. Tamaşalar yarış səciyyəsi daşıyırdı. Aktyorlar tamaşanın məzmununa uyğun maskalar taxırdılar. Parlaq rəngli maskaları ən arxa cərgələrdə belə oturanlar yaxşı görürdülər. Aktyorlar səhnədə hündür görünməkdən ötrü qalın altlığı olan xüsusi ayaqqabılar geyirdilər. Qadın rollarını da kişilər oynayırdılar. Hər il iki-üç teatr tamaşası göstərilir və hər tamaşa üç gün səhərdən axşamadək davam edirdi.

Qədim yunan əfsanələri teatra olduqca zəngin mövzu verirdi. Əfsanələr əsasında tragediyalar adlanan pyeslər yaranırdı. “Tragediya” sözü yunanca “keçilər mahnısı” deməkdir. Tragediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, faciəsi, çox vaxt isə ölmələri təsvir olunurdu. İlk tragediyaları “faciənin atası” adlandırılan Esxil yazmışdır. Esxillə bir dövrdə yaşamış digər faciə ustası olan Sofokl “Antiqona” tragediyasının müəllifdir.
Gülməli səhnəciklərdən şən və məzəli pyeslər – komediyalar yarandı. “Komediya” yunan sözü olub, “şən sakinlərin mahnısı” mənasını verir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya tamaşaçıların rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verirdi. Onlar çələnglə və qiymətli hədiyyələrlə mükafatlandırılırdılar. Pyes müəllifləri son dərəcə böyük hörmətə malik idilər. Afina teatrında Esxilə və Sofokla heykəl qoymuşdular. Onları “müdriklik dahiləri” adlandırırdılar. Aristofan teatrın rolunu belə qiymətləndirirdi: “Müəllimlər oğlanlara ağıl öyrətdikləri kimi, şairlər də böyükləri tərbiyə edirlər”.

Teatr sonralar qədim Romada, Şərq ölkələrində – Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq YUNESKO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşdi.
Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdu.

Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30 dövlət teatrı,11 özəl teatr fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.

Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Ağdam,Şuşa və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub, 30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət edilib.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

Turan Etibaroğlu
Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close