Gündəm

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır

FHN Yeni il bayramında əsas təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında əsas təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bu il də Yeni il bayramının koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyi vurğulanıb: “Odur ki, özünüzün və əzizlərinizin təhlükəsizliyi üçün keçiriləcək Yeni il şənlikləri ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun (şənlik mərasimlərində qonaqların müəyyənləşdirilmiş say məhdudiyyətinə əməl olunmalı, şənlik mərasimində xidmət göstərən heyət tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməli və s.) təşkil olunmalıdır”.
Bununla yanaşı, müraciətdə qeyd edilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, Yeni il bayramında zəruri yanğın təhlükəsizliyi qaydalarına hər kəs tərəfindən riayət olunmalıdır. Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı, işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə olunmalıdır. Eləcə də ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
“Həmçinin bayram şənliyi keçirilən məkanlarda təxliyə yolları odadavamlı və işlək vəziyyətdə olmalı, ehtiyat çıxış qapıları olmalı və təxliyə istiqamətində açılmalı, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, odlu, rəngləmə və digər yanğın-partlayış təhlükəli işlərin aparılmasına yol verilməməli, elektrik şəbəkəsində gərginliyi azaldan transformatorlardan istifadə olunmadığı halda çil-çıraqlarla bəzədilərkən 12 volta qədər gərginlikdən və 25 voltdan çox olmayan lampalardan istifadə olunmalıdır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!”, – deyə məlumatda əhalinin diqqətinə çatdırılıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button