Ölkə

“KAMAZ” SÜRÜCÜSÜ NECƏ ŞÖBƏ MÜDİRİ OLDU?

Azərbaycanda bəzi məmurların şəxsi işlərində qeyd olunan diplomlarının şübhəli olduğuna dair məsələlər mütəmadi olaraq gündəmdə olub. Hətta sabiq deputatlar arasında da belə diplomlara sahib olanların olduğu da deyilir.Qeyd edək ki, belə hallar təkcə, Azərbaycanda deyil, dünyanın bəzi ölkələrində də baş verir. Məsələn, hələ Əhmədinejat İranın prezidenti olan zaman təyin etdiyi Daxili İşlər nazirinin Harvardın məzunu olduğu deyilsə də, sonradan aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, sabiq nazirin diplomu saxtadır. Elə Rusiyada da belə hallar az olmayıb. Amma Azərbaycan deyəsən, bu məsələdə də çoxlarını geridə qoymaqdadır.JAMAZ.İNFO-ya daxil olan məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Tikinti Şöbəsinin hazırkı müdiri Adil Xudadatov da belələrindən hesab oluna bilər. Bir vaxtlar “Kamaz” markalı yük maşınının sürücüsü olan sözügedən şəxs gözlənilmədən Abşeron İcra Hakimiyyətində yüksək vəzifəyə gətirilib. Təbii ki, həmin vaxt rayonun icra başçısı olan Zakir Fərəcovun dəstəyi sayəsində. Lakin bu dəstəyin ona hansı səbəbdən və məqsəddən dolayı verildiyi məlum deyil.

Məlumatda deyilir ki, Xudadatov Abşerona Memarlıq Şöbəsinə rəhbərlik edərkən, çıxmadığı oyun qalmayıb. Onun Zakir Fərəcovun “kassiri” olduğunu deyənlər də az olmayıb. Çünki Abşeron rayonunda daş-daş üstünə qoyan şəxs mütləq Adil Xudadatovu görməliydi, əks təqdirdə, qoyulan daş sahibinin başına partlamış olardı.

Bildirək ki, Adil Xudadatov bir müddət vəzifəsini icra etdikdən sonra elə onu himayə edib, vəzifə başına çəkən Zakir Fərəcov tərəfindən işdən qovulur. Bu azmış kimi, onun 15 sutka həbsdə yatdığı da deyilir. İddialara görə, Xudadatovun işdən qovulmasının səbəbi onun icra başçısını aldatması, “hesab-kitab” məsələsində kəf gəlməsi olub.

Hərçənd keçmiş “Kamaz” sürücüsünün bəxti ona sonradan yenə yar olub. Məsələ belədir ki, Zakir Fərəcovla araları düzələndən sonra bu dəfə o, Sumqayıt İcra Hakimiyyətin başçısının müavini təyin edilir. Lakin bu postda onun cəmi bir ay duruş gətirdiyi deyilir. Hansıda hadisə baş verdiyindən Xudadatov vəzifədən çıxarılır. Amma işsiz qalmır. Bu dəfə onu Zakir Fərəcov Şəhər İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin başına keçirir.

İş adamları və şəhər sakinlərinin dediyinə görə, Adil Xudadatov Sumqayıtda bütün abadlıq və tikinti işlərinə nəzarət edib. Elə Abşerondakı kimi fəaliyyətinə davam edib. Hətta səlahiyyətlərinin və imkanlarının çoxluğu səbəbindən özünü Arxitektura Komitəsinin nümayəndəsi kimi təqdim etməkdən də çəkinməyib.

Maraqlıdır ki, sözügedən şəxs bu postda da uzun müddət qala bilməyib. Bbelə ki, Arxitektura Komitəsinin iradlarından və nöqsanlardan sonra Xudadatov yanvar ayının əvvəlindən tutduğu vəzifədən azad edilərək, cərimələnib. Və həmin vəzifəyə, yəni baş memar vəzifəsinə şəhər Arxitektura Komitəsi Babək Hüseynovu təyin edib. Naəlac qalan Zakir Fərəcov Xudadatovu tikinti şöbəsinə müdir təyin edib. Bu dəfə isə Xudadatov işi daha da böyüdərək, koronavirusdan pul qazanmağa başlayıb. Sumqayıtdan verilən məlumata görə, şöbə müdiri şəhərdə fəaliyyət göstərən iş adamları, sahibkarları, tikinti ilə məşğul olanları məcburi qaydada pul köçrməyə cəlb edir. Yəni, onları məcbur edir ki, koronavirusla bağlı müxtəlif hesablara pul köçürsünlər.

Xudadatov bütün bunlara rəğmən, hər yerə səs salıb ki, tezliklə daha samballı vəzifəyə təyinat alacaq. Daha doğrusu, özü deyir ki, yaxın vaxtlarda rayonlardan birinə icra başçısı gedəcək. Görəsən, “Kamaz” sürücüsünü niyə icra başçısı qoysunlar ki?
İndi isə keçək yazının əvvəlində qeyd etdiyimiz diplom məsələsinə. Adil Xudadatovun şəxsi işində onun iki ali məktəb bitirdiyi qeyd olunub. Maraqlıdır ki, hər iki ali məktəb Rusiyada fəaliyyət göstərir. Onlardan biri də Dağıstandakı “universitet” hesab olunur. Maraqlıdır ki, “Kamaz” sürücüsü olan bir şəxs qısa müddətdə iki ali məktəbi necə bitirə bilib? Yəni, Adil Xudadatov o qədər istedadlı və vunderkind biridir ki, bir universitetlə kifayətlənməyib, ikincisində də oxumağa nail olub? Hər halda bunlar açıq suallardır.
Təbii ki, bizim Adil Xudadatovun diplomunun saxta olub, olmadığını müəyyən etmək imkanımız yoxdur. Bunu Təhsil Nazirliyi və əlaqəli qurumlar araşdırmalıdırlar. Hər halda ölkənin üçüncü ən böyük şəhərində önəmli postlardan birini tutan şəxsin saxta diplomlu olub, olmaması ciddi məsələdir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close