Banner

Millət vəkili “Bolt” şirkətindən narazı olan sürücülərlə görüşdü

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev “Bolt” taksi şirkətindən narazılıq edən sürücülərlə görüşüb. Bu barədə millət vəkili Razi Nurullayev özü bu barədə sosial şəbəkədə paylaşım edib. Analoq.az həmin paylaşımı təqdim edir :

“Bolt” taksi xidmətinin sürücülərini xahişləri üzrə Parlamentdə qəbul etdim. İlk növbədə Parlamentin sədri Sahibə xanım Qafarovaya görüşlər üçün deputatlara yaratdığı şəraitə görə təşəkkürümü bildirirəm. Parlamentə ümid yeri bilib gəlirlərsə, mütləq dinləmək və qanunvericilik səviyyəsində köməklik etmək lazımdır.

Xeyli söhbət etdik və narahatlıqlarını dinlədim. Onların xeyli haqlı olduqları məqamlar var. Bunlardan biri 8 saatdan çox işləməkdir. Məncə bu məsələni şirkətlər sistemli həll etməlidir ki, sürücü istəsə belə işləyə bilməsin. Çünki, həm özünü, həm də sərnişini təhlükəyə atır. Lakin, gərək sürücü ailəsini saxlaya biləcək qədər də qazanc götürsün.

İkinci haqlı məqam isə 300 yaxın sürücünün şikayət və narazılıq etdiyinə görə şirkət tərəfindən bloklanması və işə buraxılmamasıdır. Bunu hansı qanun əsasında edirlər, başa düşülən deyil. Ona görə də aidiyyatı qurumlar gərək bunu araşdırıb onların hüququnu bərpa etsin.

Əslində, hökumət bu məsələni tənzimləyə bilər. Amma, bu ciddi sosial narazılıq yarada bilər deyə etmirlər və mən bunu doğru sayıram. Taksi xidməti bir sosial layihədir və 60 000 şəxs ailəsini dolandırır. Sərnişinlər də normal qiymətə istifadə edə bilir. Bu gün taksi yalnız varlılar üçün deyil, kasıblar da yararlana bilir. Ona görə də bu məsələ bir az diqqətdən kənarda qalıb. Amma, müəyyən addımların atılmasına ehtiyac var ki, heç bir tərəf ziyan çəkmədən məsələlər tənzimlənsin.

İstərdim ki, taksi xidməti sahibkarları ilə də bir görüş keçirək və onları da dinləyək. Məsələləri başlı-başına buraxmaq olmaz və həll edilməlidir ki, sabaha saxlamayaq. O qədər problemləri sabah, sabah deyib konservləşdirmişik ki, bu gün altından çıxa bilmirik.

Bu sahədə təklif və tövsiyələrinizi verin!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button