Mədəniyyət

Xalq yazıçısı Elçinin “Baş” romanı barədə italyan dilində resenziya dərc olunub

İtaliyanın “https://www.differentmagazine.it/” portalında Azərbaycanın Xalq yazıçısı Elçinin “Baş” romanı barədə resenziya dərc edilib.

AZƏRTAC xəbər verir ki, Sandro Tetinin nəşriyyatında çapdan çıxmış və italyan dilinə tərcümə olunmuş “Baş” (La testa) romanına resenziyanın müəllifi Miriam Bokkinodur. Əsər barədə məlumatda bildirilir ki, o, tarixi roman janrında yazılıb. Romanda XVIII-XIX əsrlərdə Rusiya, Türkiyə, İran və Qafqazın (həm Şimali, həm də Cənubi Qafqaz timsalında) hökmdarlarının, tarixi şəxsiyyətlərin daxili aləmi açılır, bir çox məqamlarda mövcud gerçəklik milli mənəviyyat yönündən araşdırılır, nəticədə oxucu dolğun və əhatəli biliklə təmin olunur. Burada sənəd və faktlarla müəllif təxəyyüllü məharətlə əlaqələndirilib, nəticədə yaxın tarixin qaranlıq, indiyə qədər bədii həqiqətə çevrilməmiş mənzərəsinə aydınlıq gətirilib. Yazıçı gələcəkdə ədəbi-nəzəri fikirdə yarana biləcək mübahisələri nəzərə alaraq əsərin əvvəlində romandakı hadisələrin tarix ilə üst-üstə düşmədiyini, lakin tarixilik baxımından əhəmiyyətli olan məqamların az olmadığını yazıb.

Resenziyada romandakı əsas xətt, qəhrəmanlar və onların taleyi barədə maraqlı məlumatlar və dialoqların əksini tapdığı barədə də məlumat verilir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Daha çox
Back to top button
Close