Mədəniyyət

Akademik Musiqili Teatrın fəaliyyətinə həsr olunan videokonfrans keçirilib

Xüsusi karantin günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivinin ev şəraitində ümumi fəaliyyətinin tənzimlənməsinin təşkili və bu qəbildən olan həlli vacib digər məsələlərin müzakirələrinə həsr edilmiş videokonfrans keçirilib.

Trend-in məlumatına görə, teatrın sahə rəhbərlərinin də iştirak etdiyi bu konfransda çıxış edən qurumun direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri ilə əlaqədar son günlərdə teatrın gördüyü işlərdən, “Evdə qal, sağlam qal” kampaniyası çərçivəsində təqdim olunan yeni-yeni layihələrdən danışıb. O, Mədəniyyət naziri Əbülfəs Qarayevin mövcud vəziyyətlə əlaqədar teatrların fəaliyyətinə həsr olunmuş online toplantısında səsləndirdiyi tələb və tövsiyələri, eyni zamanda digər önəmli məsələləri bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Akademik Musiqili Teatr öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun davam etdirdiyini bildirən Ə.Lalayev yaşı 65-dən yuxarı və qayğıya ehtiyacı olan teatr əməkdaşlarının problemləri ilə daha yaxından və mütəmadi şəkildə maraqlandığını, eyni zamanda bu problemlərin həll edildiyini nəzərə çatdırdı.

Teatrın günün tələblərinə uyğun müasir texnoloji vasitələrdən və beynəlxalq təcrübədən yararlanaraq fəaliyyətini virtual qaydada davam etdirməsi, sosial şəbəkələr üzərindən teatrın repertuarında olan tamaşaların online nümayişinin yüksək səviyyədə təşkil edilməsi barəsində tövsiyələrini verən direktor bu sahədə Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının xüsusi rolunu da vurğulayıb və kanal rəhbərliyinə təşəkkürlərini bildirib: “Bir çox layihələr sosial şəbəkə hesablarımız vasitəsilə həyata keçirilsə də, bu çətin günlərdə teatr kollektivinin fəaliyyətinin daha geniş auditoriyaya təqdim olunmasında “Mədəniyyət” kanalının rolunun əvəzolunmazdır”.

Teatrın inzibati binasında ardıcıl olaraq dezinfeksiya işlərinin aparılması və hazırda orada müvafiq qurumların icazəsi ilə çalışan teatr əməkdaşların fəaliyyətlərinə ciddi nəzarət olunduğu da xüsusi qeyd edilib.

Bildirilib ki, hazırkı vəziyyət müvəqqəti xarakter daşısa da, yaradıcı heyətdən yeni və müasir standartlara cavab verən, yeni üsullarla hazırlanan layihələr tələb edir, eyni zamanda yüksək çəkiliş keyfiyyəti olan tamaşaların videomateriallarının daha geniş ictimaiyyətə təqdim edilməsi zərurətini doğurur.

Yaranmış fasilədən teatrın əməkdaşlarının səmərəli istifadə etmələri, yaradıcılıq axtarışlarının aparılması, yeni ideyalar üzərində düşünməyin vacibliyi, gələcəkdə teatrın fəaliyyətinin inkişafını daha da yaxşı təmin etmək üçün təkliflər səslənmişdir. Bu gün “Evdə qal” kampaniyasına qoşulan kollektivin hər bir üzvü Akademik Musiqili Teatrın sosial şəbəkə hesablarında təqdim olunan istər yeni, istərsə də retro tamaşaların yayımlanmasında iştirak edir. Repertuarın zənginləşdirilməsi istiqamətində teatrın rejissorları quruluş verdikləri yeni tamaşaların yaradıcı heyətləri ilə birgə məşqlərini ev şəraitində davam etdirirlər.

Virtual görüşdə iştirak edən teatrın direktor müavinləri – Hüseyn Hüseynov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova hesabat xarakterli çıxışları ilə karantin rejiminin ilk günlərindən indiyə qədər reallaşdırılan layihələr və yaradıcı heyətin gələcək fəaliyyətləri üçün nəzərdə tutulan proqramları açıqlayaraq bildiriblər ki, kollektivin hər bir üzvü ilə müasir texnoloji vasitələrlə mütəmadi əlaqə saxlanılır, onlara karantin qaydalarına ciddi şəkildə əməl olunması tələbi və rəhbərliyin tapşırıqları çatdırılır. Teatrın aktyor heyəti, xor, balet truppası, orkestrın fəaliyyəti videokonfranslar rejimi vasitəsilə tənzimlənir, onlara tapşırıqlar verilir və sonda görülən işlərin hesabatları soruşulur.

Videokonfransda teatrın truppa rəhbəri, Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov, teatrın baş dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, Əməkdar artistlər – teatrın baş xormeysteri Vaqif Məstanov, teatrın balet truppasının baletmeysterləri – Zakir və Yelena Ağayevlər və teatrın videomateriallarının rejissoru, montajçı-operator Hikmət Şahverdizadə və başqaları da çıxış edərək ayrı- ayrı sahələrin fəaliyyəti barədə məlumat veriblər, təkliflər səsləndiriblər.

Videokonfransda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri tədbirlərin əhəmiyyəti böyük minnətdarlıq hissi ilə dönə-dönə vurğulanıb, tətbiq edilən xüsusi qayda və tövsiyələrə hər bir ölkə vətəndaşının əməl etməsinin vacibliyi diqqətə çatdırılıb.

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close