Mədəniyyət

Azərbaycan Xalq artisti Avstriya Teleradiosunda konsert proqramında çıxış edib

Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov Avstriya Teleradiosunda (ORF) yayımlanan “Biz Avstriya üçün ifa edirik” mədəniyyət proqramında iştirak edib.

AZƏRTAC xəbər verir ki, teleradio və Vyana Dövlət Operasının birgə təşəbbüsü əsasında ərsəyə gələn verilişə dünyanın ən tanınmış opera müğənniləri qatılıblar. Koronavirus pandemiyasına görə səhnə fəaliyyətinə fasilə verməli olan musiqiçilər efir vasitəsilə tamaşaçıların görüşünə gəliblər. Müxtəlif məkanlarda xüsusi təhlükəsizlik şərtləri altında lentə alınan konsert proqramında Yusif Eyvazovla yanaşı dünya şöhrətli opera müğənniləri Anna Netrebko, Xuan Dieqo Florez, Valentina Nafornita, Tomas Konieçni, Elena Maksimova, Yonas Kaufmann və Helmut Doyç tanınmış bəstəkarların əsərlərini səsləndiriblər.

Yusif Eyvazov öz çıxışında italyan bəstəkarları Qaetano Donizetti və Françesko Tostinin əsərlərini ifa edib. Konsert proqramının zirvə nöqtəsini isə Anna Netrebko və Yusif Eyvazov cütlüyünün ifa etdiyi “Məni unutma“ (Ernesto de Kurtis) əsəri təşkil edib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button