Mədəniyyət

“Tofiq Mahmud. Biblioqrafiya” kitabını təqdim olunub

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində görkəmli uşaq yazıçısı, dünya uşaq ədəbiyyatının kamil tərcüməçisi, zəngin irs qoyub getmiş Tofiq Mahmudun yaradıcılığını tam və küll halında işıqlandırmaq məqsədlə “Tofiq Mahmud. Biblioqrafiya” kitabı və “Tofiq Mahmud” Elektron Məlumat Bazası tərtib olunub.

Analoq.az xəbər verir ki, Tofiq Mahmudun yaradıcılığına həsr olunan 271 səhifəlik “Tofiq Mahmud. Biblioqrafiya” kitabı görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ilk fundamental biblioqrafiya vəsaitidir.

Göstəricidə Tofiq Mahmudun həyat və yaradıcılığının əsas tarixləri, “Tofiq Mahmudun müdrik deyimləri”, “Tofiq Mahmud görkəmli şəxsiyyətlər haqqında”, “Görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri Tofiq Mahmud haqqında” adlı bölmələrdə verilmiş materialların müxtəlif oxucu qruplarının və tədqiqatçıların marağına səbəb olacağı da şübhəsizdir.

Ədibin ədəbi – ictimai fəaliyyətini tam şəkildə əks etdirən bu fundamental biblioqrafik göstərici 1948 – 2018-ci illərdə dərc olunan 1166 adda materialı əhatə edir.

Vəsaitdə materiallar Azərbaycan və rus dillərində təqdim olunub. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda Tofiq Mahmudun əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəricisi verilib. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın tərtibçiləri Nazilə Tahirova, Leyla Qafarova, Tünzalə Əzizova, ixtisas redaktoru və buraxılışa məsul Şəhla Qəmbərova, “Ön söz”ün müəllifi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərlidir.

“Tofiq Mahmud” Elektron Məlumat Bazasında isə “Tofiq Mahmud bədii yaradıcılığının sirləri”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər şair haqqında”, “Müdrik deyimləri”, “Əsərləri”, “Haqqında”, “Sözlərinə yazılmış mahnılar”, “Tofiq Mahmuda həsr olunmuş şeirlər”, “Mükafatları”, “Fotoqalereya”, “Videoqalereya” bölmələri yer alıb.

Bazaya şairin həyat və yaradıcılığını (1959-2018) əhatə edən kitablarının, tərcümələrinin, dövri mətbuatda və məcmuələrdə dərc olunan məqalələrinin və həmçinin onun haqqında yazılan kitabların, məqalələrin biblioqrafik təsvirləri ilə yanaşı, onların tam mətnləri də daxil edilib.

Fotoqalereya bölməsində ədibin həm şəxsi, həm də ictimai həyatını əks etdirən fotolarla yanaşı, əsərlərinin fotosərgisi, videoqalereya bölməsində isə haqqında çəkilmiş filmlər və şairin öz səsi ilə olan lent yazıları verilib.

Azərbaycan uşaq poeziyası və nəsr yaradıcılığında öz orijinal dəstxəti olan, ömrünün çox hissəsini uşaqların bir şəxsiyyət kimi formalaşmasına sərf edən, onlara vətən sevgisi aşılayan, kiçikyaşlı oxucuları arxasınca aparmağı bacaran Tofiq Mahmudun bədii yaradıcılığı bu gün də aktuallığını saxlayıb.

1948-ci ildə “Şirindir” adlı ilk şeiri “Azərbaycan pioneri” qəzetində dərc olunanda o, hələ tələbə idi. Tofiq Mahmud “Azərbaycan müəllimi” qəzeti redaksiyasında xüsusi müxbir və “Göyərçin” uşaq jurnalında ədəbi işçi kimi çalışmış, 1976-cı ildən ömrünün sonuna qədər isə “Göyərçin” uşaq jurnalının baş redaktoru vəzifəsində fəaliyyət göstərmişdir.

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close