Mədəniyyət

Əməkdar artist Mansur Mansurov vəfat edib

A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası,görkəmli kuklaçı aktyor,Respublikanın əməkdar artisti Mansur Mansurov uzun sürən xəstəlikdən sonra bu gün 75 yaşında dünyasın dəyişib.

M.Mansurov uzun zamandır ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Məlumat üçün bildirək ki,Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 190 saylı məktəbdə oxuyub (1950-1960). Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakultəsində təhsil alıb (1963-1966). İxtisas aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub. 1970-ci ildən ömrünün son gününə kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb.
Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısı olmuşdur. Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div, Abdulla Şaiqin «Tıq-tıq xanım» tamaşasında Siçan bəy, «Yaxşı arxa» tamaşasında Tülkü, Rəhman Əlizadənin «Dəcəl çəpişlər belə-belə işlər» tamaşasında Cangüdən, «Bilqamıs əfsanəsi» tamaşasında İlan, Odlu, E.Quliyev və A.Əbilovun «Dədə Qorqud» tamaşasında Ağsaqqal, N.Zamanov və M.Məmmədov «Səfərin nağılı» tamaşasında Rəmmal, N.Qarnet «Ələddinin sehirli çırağı» tamaşasında Cin, S.Marşal «Bu ev kimin evidir?» tamaşasında Kirpi, Ə.Vəliyevin «Madarın dastanı» tamaşasında Vəzir, F.Məmmədovun «Tələ quran özü düşər» tamaşasında Alabaş, Əli Səmədlinin «Artıq tamah baş yarar» tamaşasında Səməndər, H.Ziya «Əkiz qardaşlar» tamaşasında Cin, Kədi, T.Mütəllibov «Meşə nağılı» tamaşasında Dələ, «Danışan qayalar» tamaşasında Şakir, Y.Oleşa «Üç gombul» tamaşasında Tibul, Mirvarid Dilbazinin «Göyçək Fatma» tamaşasında Elçin, Xanımana Əlibəylinin «Cunquş» tamaşasında Vəli baba, Mirmehdi Seyidzadənin «Sehirli nar» tamaşasında Vüqar və Mərcan, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Qurd, Vaymil Rabadanın «Zəncirlənmiş Pəri» tamaşasında Zalım, Anarın «Qaravəlli» tamaşasında Abbas Abbasov, Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» tamaşasında Məşədi İbad, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Madyan, Şahmar Hüseynovun «Sehirli güzgü» tamaşasında Zalım, Mərkəz Quliyevin «Dovşanın məhkəməsi» tamaşasında Çaqqal, Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında Gavur çarı, Mirmehdi Seyidzadənin «Cırtan» tamaşasında Div, Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında Mısmırıq, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Məlikməmməd, Rəhman Rəhmanovun «Rəhmanın nağılı» tamaşasında Əzazil, Karlo Qostinin «Şahzadə Turandot» tamaşasında Briqela, Pantalone rollarını xüsusi qeyd etmək olar.
Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib.

2012-ci ildə əməkdar artist fəxri adına layiq görülmüşdür.

Allah rəhmət eləsin

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close