Elm və təhsil

İqtisadçı alimin “Gömrük statistikası və müasir informasiya texnologiyaları” adlı monoqrafiyası çap olundu

İqtisadçı alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru Yadigarov Təbriz Abdulla oğlunun Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi Şurasının 30 yanvar 2020-ci il tarixli 01 saylı protokol qərarı ilə çapa tövsiyyə olunmuş 520 səhifəlik “Gömrük statistikası və müasir informasiya texnologiyaları” adlı monoqrafiyası AVROPA” nəşriyyatında Mail Xəlilovun texniki redaktorluğu ilə çapdan çıxmışdır.

Kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü, AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi tədqiqatların riyazi təminatı” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Akif Fərhad oğlu Musayev və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının elmi işlər üzrə rəis muavini, iqtisad elmləri doktoru, professor Cəmilə Bayraməli qızı Namazovadır.

Kitabın rəyçiləri isə Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, “Ekonometrika və statistika” kafedrasının professoru, iqtisad elmləri doktoru Sakit Məmədi oğlu Yaqubov, Azərbaycan Dövlət İqtisad Universitetinin “Ticarət və gömrük işinin təşkili”kafedrasnın müdiri, iqtisad elmləri doktoru, professor Arif Şəkərəli oğlu Şəkərəliyev və AMEA İqtisadiyyat İnstitutunun“Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Kamran Nurəddin oğlu Abdullayevdir.

17 fəsildən ibarət olan monoqrafiyada gömrük statistikası və informasiya texnologiyalarının predmeti, obyekti, məqsədi, cəmiyyətdə rolu və yeri, xarici ticarətin gömrük statistikasında ilkin məlumatların emalı üsulları, statistik cəmləmə və qruplaşdırma, xarici ticarətin gömrük statistikasında indeks metodu, struktur indeksi, xarici ticarətin gömrük statistikasında amil üsulu və statistik kəmiyyətlər, dinamika sıraları və onların növləri, gömrük statistikasında ticarət sistemləri və təsnifat bazası, Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikası metodologiyasının tətbiqi ilə statistik dəyərin hesablanması, güzgülü statistikanın əsas məqsədi, müqavilə-ticarət şərtləri ilə bazis ticarət şərtlərinin eyniliyi və fərqliliyi, gömrük statistikasında entropiya, informasiyanın miqdarı və faydalılığı, gömrük statistikasında göstəricilər arasındakı əlaqə sıxlığının qiymətləndirilməsi metodları, MS Excel və EViews proqram paketlrinin tətbiqi ilə gömrük statistikasında xarici ticarət əməliyyatlarının təhlili, informasiya və avtomatlaşdırılmış informasiya sistemləri, onların sinifləri və elektron sənəd dövriyyəsi zamanı informasiya texnologiyalarının iş prinsipi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin avtomatlaşdırılmış informasiya sistemi, gömrük statistikasında informasiya texnologiyalarının, o cümlədən blokçeyn texnologiyasının tətbiqinin üstün və çatışmayan cəhətləri və EViews proqram paketində gömrük üzrə daxilolmaların dövlət büdcəsinə təsirinin statistik təhlili və qiymətləndirilməsinə aid məsələlərin nəzəri və praktiki əsasları şərh edilmişdir.

Monoqrafiyada Azərbaycan Respublikasında ixrac və idxal əməliyytalarında vergilərin tətbiqinin təhlil olunması nəticəsində onların təkmilləşdirilməsi isqamətlərinin şərh edilməsində, əsasən ixrac- idxal əməliyyatlarında vergitutma obyektinin, yəni gömrük dəyərinin müəyyən olunması ilə vergilərin hesablanması və ödənilməsi əsas istiqamət kimi müəyyən edilmişdir.

Bununla yanaşı xidmətlərin idxal və ixrac xüsusiyyətləri nəzərə alınaraq onların rəsmiləşdirilməsi yollarının tədqiq olunması zamanı meydana çıxa bilən bir sıra məqamlar geniş şəkildə aydınlaşdırılmışdır.

Xarici ticarət əməliyyatları üzrə statistik məlumatların təhlili üzrə aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, gəlirlərin və ya mənfəətin repatriasiyası baxımından Azərbaycan Respublikasının vergi sistemi əlverişli investisiya mühitini yaratmasına xidmət edəcəkdir.

Monoqrafiyanın materiallarından ali məktəblərdə “Gömrük statistikası və informasiya texnologiyaları”, “Gömrük vergi və rüsumlarının beynəlxalq təcrübəsi”, “İqtisadi təhlil və audit”, “Gömrük işinin təşkili”, “Ekonometrika” fənlərinin tədrisində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində”, respublikada hazırlanan məqsədli proqramlarda, gömrük əməliyyatlarının səmərəliliyi ilə bağlı elmi araşdırmaların aparılmasında, həmçinin tədqiqatçılar və geniş oxucu kütləsi istifadə edə bilər.

Kitaba müəllifin xarici jurnallarda dərc olunmuş bəzi məqalələri üzrə məlumatlar da daxil edilmişdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button