Gündəm

Nahid Bağırova verilən töhmətin şok pərdəarxası: Bakıdakı məşhur restoranda…

İsmayıllı rayonuna yeni icra başçısı təyin edilən Nahid Bağırovun töhmət alması ilə bağlı detallar AFN-ə məlum olub.Heç demə N.Bağırov xüsusi karantin rejimi vaxtı yaylağa çıxdığına görə yox, Bakıya gəldiyinə görə töhmət alıbmış. Bakıya gəlmək ilk baxışdan bir icra başçısı üçün normal hərəkətdir. Təbii ki, işi, vəzifəsi gərəyi paytaxta çağırıla bilər. Lakin N.Bağırovun gəlişi o gəlişdən olmayıb. Belə ki, icra başçısı paytaxtdakı restoranların birində (dəqiqləşdirilməmiş məlumata görə, Mərdəkandakı “Qalabazar” restoranında) saytlardan birinin baş redakdoru olan tanınmış jurnalist (baş redaktorun kimliyi də bizə məlumdur-red.) və iki xanımla nahar edirmiş. Xüsusi karantin rejiminə təhkim olunmuş polis serjantı onların restoranda olduğunu bilib xəbərdarlıq etsə də, N.Bağırov özünü, jurnalist-baş redaktor isə vəsiqəsini təqdim edərək polisi ordan uzaqlaşdırıblar.

Xidmətçi polis isə bu durumu rəisinə, rəisi rəhbərliyə məruzə edib. Təbii ki, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılıb. Nəticədə 21 aprel 2020-ci il tarixli sərəncam verilib. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamda bildirilirdi: “İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib”.
Lakin sonradan yayılan məlumatda N.Bağırovun guya bir qrup sahibkarla İsmayıllının Qalacıq kəndinə getməsi bildirilirdi. Hətta bunu əks etdirən video da yayımlanmışdı. Lakin yuxarıdakı məlumatı bizə verən mənbənin sözlərinə görə, həmin video və “səbəb” əsl səbəbi gizlətmək üçün ortaya atılıb.

Qeyd edilənlərlə bağlı N.Bağırovun mövqeyini öyrənmək istəsək də, hörmətli icra başçısı əvvəlcə iclasda olduğunu bildirib sonra zəng etməyimizi xahiş etdi, sonrakı zəngimizə isə cavab vermədi.

Analoq.az

Daha çox
Back to top button
Close