Ölkə

AZƏRBAYCANÇILIĞI MİLLİ DÖVLƏT İDEOLOGİYASI SƏVİYYƏSİNƏ QALDIRAN DAHİ – ULU ÖNDƏR HEYDƏR ƏLIYEV

Azərbaycanda azərbaycançılıq ideyasının kökləri tarixin çox dərin qatlarına gedib çıxsa da və şimalda Qafqaz sıra dağlarından cənubda Gəngər körfəzinə, qərbdə Qara dənizdən şərqdə Xəzər dənizinə qədər uzanan böyük bir coğrafiyada min illər boyu bu ideyaya xidmət edən insanlar yaşayıb mübarizə aparsa da, bu ideyanı milli dövlətçilik ideologiyası səviyyəsinə qaldırmaq tarixi xidməti Azərbaycan xalqının və bütün dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevə məxsusdur.

Bunu ümummilli liderin 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının birinci qurultayında etdiyi çıxışında səsləndirdiyi aşağıdakı fikirləri də sübut edir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adətənənələrini yaşatmalıyıq”.

Azərbaycançılıq ideologiyasının mahiyyətini dırk etmək üçün ilk növbədə azərbaycançılıq ideyasının keçib gəldiyi tarixi yola diqqət yetirmək lazımdır. Azərbaycanda bu ide¬yanın tarixi, əslində, Azərbaycan xalqının bir etno¬vahid, etnik subyekt olaraq tarix səhnəsinə qədəm qoymasından başlayır.

Başqa sözlə, xalq özünün etnik varlığını, etnik dəyərlərini, etnik mövcudluğunu formalaşdıra-formalaşdıra yaşayır və bu varlığı, bu dəyərləri, bu mövcudluğu dərk edəndə onu qorumağa qalxır. Bu qoruma əvvəl etnosun öz daxilində gedir, etnosdaxili həyat və davranış qaydaları müəyyənləşir, sonra qohum və qonşu etnosların konsalidasiyası nəticəsində etnoslararası birgəyaşayış normaları meydana çıxır və hamı bu normalara əməl edir.

Bundan sonra vahid coğrafiyada yaşayan insanların həyatın bütün sahələri üzrə vahid maraqları meydana çıxır. Vahid maraqlar ən çox xarici hücumlar zamanı təhdid altında qalır və bu hücumlar hər kəsi silaha sarılmağa, düşmənə qarşı çiyin-çiyinə vuruşmağa məcbur edir. Bu vaxt vahid ərazi anlamında Vətən anlayışı meydana gəlir.

Azərbaycan coğrafiyasında azərbaycançılıq ideyasının bünövrəsi belə qoyulub.
Azərbaycançılıq ideyasının ilk təzahürləri özünü Azərbaycan xalqının mifik düşüncəsində göstərdiyi kimi, sonrakı dövrlərdə də bu coğrafiyadakı bütün dini-siyasi-ideoloji sistemlərdə – zərdüştilikdə, məzdəkizmdə, xürrəmilikdə, hürufizmdə təzahür etmişdir.

Daha sonrakı siyasi, ictimai proseslərdə də azərbaycançılıq ideologiyası aydın şəkildə özünü göstərir. Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar dönəmində Vətən ideyası bütün tarixi Azərbaycan coğrafiyasını əhatə edirdi.

XIX əsrdə xüsusilə Şimali Azərbaycanda rus və Avropa mədəniyyəti ilə tanışlıq nəticəsində M.F.Axundov, H.B.Zərdabi və b. yaradıcılığında azərbaycançılıq ideyasının yeni konturları cızıldı, XIX əsrin sonu – XX əsrin əvvəllərində azərbaycançılıq ideyası yeni vüsət qazandı və 1918-ci ildə milli demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.

Beləliklə, Azərbaycanın istiqlal məfkurəsinin üç təməl prinsipi–”türk millətindənəm, islam ümmətindənəm, Azərbaycan məmləkətindənəm” azərbaycançılıq ideologiyasının da üç təməl prinsipi olaraq təsbit edildi.

Həmin tarixi dövrdə başqa yol da yox idi. Azərbaycanın qonşu imperiyalar tərəfindən tikə-tikə parçalandığı, ərazisində separatçılığın baş alıb getdiyi bir zamanda vətənçilikdən böyük ideal ola bilməzdi. Türk milli və islam dini dəyərlərini qorumaq şərti ilə vətənçilik ideyası yeganə düzgün ideologiya idi.

Lakin təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə azər-baycançılıq ideyası da kommunist ideologiyasının kölgəsinə sıxışdırıldı. Sovet dövründə isə azərbaycançılıq ideyası dövlət ideologiyasına çevrilə bilməmiş, ancaq bədii əsərlərdə və adət-ənənələrdə, mərasim və rituallarda yaşamışdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə ikinci dəfə gələndə də 1918-ci ildəkinə oxşar bir tarixi dövr idi, ölkə nəinki xarici təcavüzlə üz-üzə qalmışdı, həm də daxildə etnik separatçılıqla mübarizə aparmaq məcburiyyətində idi.

Belə çətin bir dövrdə Ulu Öndər milli birlik və həmrəylik ideologiyası kimi, azərbaycançılıq ideologiyasını irəli sürdü.

Bu ideologiyaya müraciət etməklə də Ulu Öndər yeni müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin nəinki siyasi, həm də ideoloji varisi olduğunu bir daha təsdiq etdi.

Azərbaycançılığın milli dövlətçilik ideologiyası kimi seçilməsində həlledici rolu terminin məna yükü oynayırdı. Azərbaycançılıq – “Azərbaycançı olmaq” deməkdir, yəni dinindən, dilindən, milliyyətindən, sosial vəziyyətindən, cinsin-dən, yaşından asılı olmayaraq, Azərbaycanda yaşayan hər kəs bu ölkənin maraq və mənafelərini birinci sıraya qoymalıdır. Əraziləri işğal altında, özü müharibə vəziyyətində olan, daxildən etnik separatçılıqla təhdid edilən bir ölkədə bu, milli birlik yarada biləcək yeganə ideologiya idi və Heydər Əliyev də böyük siyasi uzaqgörənliklə bu ideologiyanı seçdi.

Bəs bu yola haradan və nədən başlamaq lazım idi? Təbii ki, hər şeydən əvvəl, milli özünüdərkdən, milli dəyərləri qoruyub saxlamaqdan və inkişaf et-dirməkdən. 1998-ci il dekabrın 24-də Dünya Azərbaycanlılarının Həmrəylik Gü¬nü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciətində “Xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmaq, inkişaf etdirmək və bütün dünyada təbliğ etmək bizim hər birimizin üzərinə düşən çox məsuliyyətli bir tarixi yükdür”, – deyə elan etdi.

Daha sonra Azərbaycanda bütün sosial təbəqələr və etnik qruplar arasında vahid və bölünməz vətən, milli birlik və həmrəylik ideyası təbliğ olunmalı, xalq bu ideya ətrafında birləşməli idi. Və tasadüfi deyil ki, tarixdən də bildiyimiz kimi, Azərbaycan həmişə müxtəlif etnosların və müxtəlif dinlərin çiyin-çiyinə yaşadığı bir ölkə olmuşdur.

Milli və dini fərqliliyə baxmayaraq, bu coğrafiyada yaşayan insanları eyni tale, eyni qədər birləşdirmiş, yadelli işğalçılara qarşı onlar həmişə birgə mübarizə aparmışlar. III-IV yüzillərdə Sasanilərə qarşı mübarizədə də bu, belə olmuş, VII-IX yüzillərdə ərəb işğal-çılarına qarşı mübarizədə də, XIII-XIVyüzillərdə monqol yürüşlərinə qarşı mü-qavimət hərəkatında da, XIX yüzildə rus işğalçılarına qarşı vuruşanda da və hətta bu gün də davam edən Qarabağ müharibəsində də.

Lakin azərbaycançılıq ideologiyası təkcə Azərbaycan Respublikası ərazisində yaşayan Azərbaycan türklərinin və Azərbaycanı özünün tarixi vətəni hesab edən müxtəlif azsaylı xalqların milli birlik ideologiyası olaraq qalmır, o həm də bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasıdır.

Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə 28 dekabr 1999-cu il tarixli Müraciətində deyildiyi kimi: “Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var.

Bu, müstəqil suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Ona görə də Ulu Öndər Heydər Əliyev 28 dekabr 1996-cı il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün dünya azərbaycanlı-larına üz tutaraq elan edirdi ki, “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır”.

Bununla da azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən və onları Azərbaycan naminə vahid məqsəd uğrunda səfərbər edən milli ideologiya kimi irəli sürülürdü.

Bu, həm də o demək idi ki, azərbaycançılıq milli ideologiya kimi, təkcə Azərbaycan Respublikası hüdudlarında formalaşıb, bu hüdudlarda öz parametrlərini müəyyən etmir.

Azərbaycançılıq konsepti azərbaycanlıların minillər boyu yaşadıqları bütün tarixi Azərbaycan torpaqlarında, müxtəlif türk tayfa birliklərinin və xalqlarının onlarla qonşuluqda yaşayan müxtəlif etnoslarla birgəyaşayışı kontekstində formalaşıb və inkişaf edib.

Təsadüfi deyil ki, 1988-ci ildə ermənilər Qarabağ uğrunda mübarizəyə qalxanda Qərbi Azərbaycandakı soydaşlarımız bu separatçı aksiyaya dərhal reaksiya verdilər və Ermənistanda ermənilərə qarşı Qarabağ uğrunda mübarizəyə qalxdılar.

Ermənistanda erməni əhatəsində yaşamalarına baxmayaraq, artıq heç kəsi özünün şəxsi taleyi düşündürmürdü, milli maraqlar hər şeyi üstələmişdi, hamı Qarabağ, Azərbaycanın ərazi bütövlüyü üçün narahatçılıq keçirirdi.

Çox keçmədi ki, Vedidə, Göyçədə, Ağbabada, Zəngəzurda, Zəngibasarda Qarabağ uğrunda ermənilərə qarşı mitinqlər başladı və bütün “Ermənistanı” silkələdi. Bu, azərbaycançılıq ideyasının Qərbi Azərbaycanda təzahürü idi.

Beləliklə, birdəfəlik bilməliyik ki, Azərbaycanın bugünkü siyasi-iqtisadi, sosial-mədəni sahələrdəki uğurlarının kökündə azərbaycançılıq ideologiyası durduğu kimi, gələcək uğurlarının təməlində bu gün bu ideologiyaya nə dərəcədə sadiq olmağımız dayanır. Bu məsələdə ən böyük məsuliyyət isə Azərbaycanın bugünkü ideoloji institutlarının üzərinə düşür.

Əziz Ələkbərli
Millət vəkili

Analoq.az

Daha çox
Back to top button
Close