Manşet

Bir nəğmə deyərdim ürəkdolusu – Şeirlər

Tanınmış şairə və bəstəkar Xanım İsmayılqızının şeirlərini Analoq.az-ın oxucularına təqdim edirik:

Bir nəğmə deyərdim ürəkdolusu,
Bütün hisslərimin içində gəzib.
Şeir oxuyardım, özümdən qopan
Ruhun baş aldığı köçündə gəzib.

Əlimdən bir sığal bəxş eləyərdim
Üzlərin, tellərin tumarı üçün.
Öpüş göndərərdim hava üstündə,
Həyata baxışın xumarı üçün.

Bir qucaq açardım bir ömür içi,
Qollarımın üstü beşik olardı.
Bağrıma basardım bütün dünyanı,
Sinəmin üstü ev-eşik olardı.

Bu gələn nəfəsin içini çəkib
Hədiyyə edərdim nəfəssizlərə.
Ölməyən günləri bağışlayardım
Burda yaşamağa həvəssizlərə.

Bir nəğmə deyimmi ürəkdolusu
Bütün hisslərimim içində gəzib?..
Şeir oxuyummu, özümdən qopan
Ruhun baş aldığı köçündə gəzib?..

***

Doğulandan bu günədək
Bir qəlibə tökülmüşəm.
Nə bələkdi, nə kəfəndi,
Amma ağa bükülmüşəm.

Bir ruh kimi dolaşıram
Zamansız, məkansız kimi.
Həyatımı tapşırmışam,
Amma varam cansız kimi.

İlin olmayan fəsliyəm,
Günün qeyb olan çağıyam.
Nə bəndənin əskiyiyəm,
Nə Allahın artığıyam.

İtirsəm, tapan olmasın
Məni məhv edən yaddaşı.
Başımın üstünə qoyun
Boynumdan asılan daşı.

***

Göz ilə görünməz çəkən, çəkilən,
Açıq yaralar var duzun içində.
Dağlar da gizlənir sinə altında,
Ürək də dayanmır buzun içində.

Gecələr gündüzə elçi göndərib,
Buludlar yağışı dilçi göndərib,
Ömür yorulmağa yolçu göndərib,
Həyatdı fırlanır yüzün içində.

Burda günəş batır, burda ay doğur,
Burda sükut ölür, hay-haray doğur,
Qismət yerdən keçir, göyə pay doğur,
Bəxt ulduzu batır tozun içində.

Hisslər əriyərək sözə köçəndən,
Ocaqlar yanaraq közə köçəndən,
Bütün sevilənlər gözə köçəndən,
Ruhum göylərdədi, özüm içimdə.

***

Bapbalaca körpəyə
Tay-tuş olmağım gəlir.
Yuvasında qıvrılan
Bir quş olmağım gəlir.

Yükü çiynindən satan,
Bütün ömrünü yatan,
Xoşbəxtliyində batan
Sərxoş olmağım gəlir.

Yoxluğa yazıb adı,
Atıb doğmanı, yadı,
Xarabalar övladı
Bayquş olmağım gəlir.

Öz əllərindən itib,
Son kəlməsində bitib,
Gedib, gedib və gedib
Bihuş olmağım gəlir.

***

Bir küçə, bir adam, bir də yalqızlıq…
Bir adam, bir ürək, bir də haqsızlıq…
Bir ürək, bir nifrət, bir də qansızlıq…
Bir nifrət, bir əzab, bir insafsızlıq…
Bir əzab, bir ölüm və vicdansızlıq…
Bir ölüm, bir küçə və ADAMSIZLIQ…

***

Yuyundu deyəsən hər şey
Bu yağışla…
Pəncərənin izləri də,
Küçələrin tozları da,
Göylərin ulduzları da…
Yağış yenə də islatdı,
Çiyinlərini qısaraq,
Başını götürüb qaçan
ADAMLARI…
Bir az da yuyub apardı,
Havadan asılıb qalan
DUALARI…

***

Yazıb göndərilən bir məktub kimi,
Atıldım, qutunun açıq gözündən.
Qaranlıq dünyadan işığı çəkib,
Bir gün oxudular məni üzümdən.

Oxuyan gözlərin körpüsü oldum,
Bir az yuxuluyam, bir az diriyəm.
Kitab arasında aylarla yatan,
Hərdən də oxunan məktub kimiyəm.

Bir gün bu məktubu sonuncu dəfə,
Oxuyub qutudan keçirəcəklər.
Üzünü görmədən, köhnə məktubu
Vərəqdən vərəqə köçürəcəklər.

***

Qapıları döyən əlin sahibi,
Bizim küçəmizdən keçəndə, yatıb.
Gözlərdən o qədər yük asılıb ki,
Yaxşını yamandan seçən də, yatıb.

Xoşbəxtlik – namnazik corab kimidi,
Ehtiyatsız oldun, ilişib qaçar.
Rahatlıq – əlinə atılan balıq,
Saxlaya bilmədin, sürüşüb qaçar.

Gəzən fırtınayam, uyuyan vulkan,
Coşsam da, daşsam da, səsə köçürəm.
Hamıya bəxtəvər görünə bilib,
Hissimə bürünüb, sözə köçürəm.
Xəlvətcə, özümdən sizə köçürəm.

***

…Nə saatın qolunda, nə eynəyin gözündə…
…Yarımçıq ay dayanıb yenə də göy üzündə…

Çəkmələrin kiminsə ayağına qonağdı,
Addım səsləri ölüb, gecə hələ də sağdı.

Xəlvətcə gəzən yoxdu barmağının ucunda,
Pıçıltılar çəkilib dünyanın ovucundan.

Qaranlığa batıbdı ulduzunun işığı,
Fikirlər beyni didib düşmür üzüaşağı.

Baxışlar da utanıb qaçıbdı, səsi gəlmir,
Hər şey küsüb dayanıb, evin nəfəsi gəlmir.

Xəyalların dibində gülüşün itib-batıb,
Saatın əqrəbləri çoxdan yuxuya çatıb.

Təzə gödəkçən hələ asılıb asılqandan,
Çiyinləri yorulub əlimin sığalından.

Kürkünü qoruyuram, durmuşam keşiyində,
Əynimə geyinirəm ürəyim üşüyəndə.

***

Bütün xəstələri sağaldan həkim,
Mənim azarımın əlacını tap.
Hər gün qaşıq-qaşıq yediyim balı
Zəhərə çevirən bu acını tap.

Bir iynə vur mənə, huşu itirim,
Kəs, doğra canımı, ziyanı yoxdu.
Onsuz da vücudum bəla içində
Sızlayır, ağrısız bir anı yoxdu.

Ürəyimi çıxar, yenisini qoy,
Beynimi parçala, fikirləri yu.
Gözümün dibinə işığı göndər,
Ora düşüb qalan şəkilləri yu.

Qanımı təmizlə, qanım qaralıb,
Axıt, yeni rəng vur, tap bu çözümü.
Bütün xəstələri sağaldan həkim,
Elə et, tanıya bilim özümü.

Təqdim etdi:
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button