Ədəbiyyat

“Dahilər dahisi”-Ulu öndərə həsr edilmiş esse

(Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Gənclər siyasəti” adlı esse müsabiqəsində bu esse fəxri diploma layiq görülərək müəllifi Tural İrfan mükafatlandırılmışdır)

Çoxları xilas ola bilsə də xilaskar ola bilmir. O, həm xilas oldu, həm xilaskar oldu. Çoxları vətəndaş olsa da, vətənpərvər ola bilmir. O, əsl vətəndaş, əsl vətənpərvər oldu.

Xalqının düşdüyü çətinliyi, çəkdiyi əzabları, tarixi keşməkeşi öz ruhunun sıxıntılarında, ürəyinin ağrılarında, taleyində yaşadaraq, özünü bir milləti fəlakətdən xilas edib zirvələrə qaldıracaq bir güc olaraq yetişdirdi…

Böyük imperiyanın rəyasət kürsüsündə də o, vətənə hürriyyət düşünürdü. Nəhayət qalib gəldi. Ecazkar fəlsəfəsi, fövqəladə siyasi uzaqgörənliyi, ən əsası vətənə sarsılmaz bağlılığı və məhəbbəti sayəsində qalib gəldi… Parçalayıcı, yıxıcı-dağıdıcı qüvvələri ilahi məharəti ilə dəf edib, birləşdiricilik, quruculuq gətirdi o zirvələr oğlu!

Sarsılmaz iradəsi sayəsində əvəzsiz idarəçilik qurdu. Kamalı sayəsində sevib sevildi.
Kamillik, yalnız biliyin dərinliyində, hisslərin zənginliyində deyil, eyni zamanda iradənin qüvvəsindədir.
Böyük Heydər Əlirza oğlu Əliyev də iradəsinin qüvvəsi ilə yüksək kamala, kamillik zirvəsinə çatmışdı.

Həqiqətən insan böyük və möhtəşəm işlər görmək üçün doğulur. Ancaq bu böyük işləri görmək hamıya nəsib olmur.

Yalnız böyük Yaradanın istədiyi kəslər və öz iradəsinin, idrakının, idarəçiliyi öz əlində olanlar uğur qazanırlar.
Ulu öndər də böyük və möhtəşəm işləri görməklə insanlıq zirvəsini fəth edə bildi. Dünyada insan üçün ən böyük xoşbəxtlik yaxşı ad qoyub getməkdir ki, belə bir adı da yaxşı əməllərin qarşılığında əldə etmək olur.
Öz yaxşı əməllərinin sayəsində bu yaxşı adı sağlığında qazandı o!

Ulu öndər dahiliyində mütləq bir ilahilik və müqəddəslik təzahürü də var… Adı, soyadı İmam adı. Ata adı İmam adı. Bu onu sübut edir ki, ata-baba məhəbbəti haqqa-ədalətə, peyğəmbərə, imamadı… Tanrı istədi ki, İmam övladları Rəhimə, Həkimə, Şahzadə İbrahimin uyuduğu torpaqda rəhbər oldu… O, müqəddəsləri təcavüzdən, yağışlardan qorudu. Qayğı göstərdi ziyarət etdi, məqbərə qurdu. Çünki Haqdan gələn xilaskarı idi o, bu Yurdun!

Müqəddəsliyi dərk etməyən müqəddəsliyi xidmət edə bilməz. O, fitrətindəki, milli-mənəvi dəyərlərdən yoğrulan, vətəndə təcəlla edən böyük ruhu, inancı ilə, İlahiyə və ülviyyətə eşqi ilə ali müqəddəsliyə bağlı idi…

Babək cəsarətini, Nəsimi mənəviyyatını, Xətai qüdrətini, Cavad xan sədaqətini və öz siyasətini varlığında cəmləşdirdi, doğranmadı, soyulmadı, məğlub olmadı, yaşadı, yaşatdı Azərbaycanı!

Hərə bir şeyə vurğunudur həyatda. Məcnunlar Leyliyə, çoxu şans-şöhrətə, kimi vara-dövlətə… O, xalqına aşiq idi, yalnız xalqını dayaq bilib xalqına dayaq idi. Necə ki, deyirdi:”Mən həyatda üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimi, xalqıma!”

Hər şeydən öncə mənliyi var idi Ulu öndərin, böyük mənliyi… İnsanın məxsus olduğu ən böyük xüsusiyyət mənlikdir. Mənliyi olanın, özünü tanıyanın vətəni də var, vətənə məhəbbəti də…

Böyük əql sahibi idi – əqlin ən böyük gücü, onun gücünə inanmaqdır. İnanırdı. O, öz əqlinin, təfəkkürünün gücünə inanırdı. Belə olmasaydı vətəni, vətəndaşı dirçəldə bilərdimi…

Alim, şair, rəssam, komandan olmaq olar, ancaq bunlarla yanaşı əsl insan olmaq əsas şərtdir. Məhz dahi öndər bu sadalananların fövqündə duran mükəmməl insan idi. Nəsiminin dediyi “insani – kamil” o idi… Ruhuyla, varlığıyla, zəkası-təfəkkürüylə, böyük bəşəri faydası və ülvi hissləriylə…

Özündən qabaq Özü doğulmuşdu – Özünün adı Azərbaycan!
Közündən qabaq Odu doğulmuşdu – o Odun adı Azərbaycan!
Özündən əvvəl Sözü doğulmuşdu – o Sözün adı Azərbaycan!
Özündən əvvəl Ruhu yaranmışdı – o Ruhun adı Azərbaycan!
Özündən qabaq Vətəni doğulmuşdu – o Vətənin adı Azərbaycan!
Sonra Özü doğulmuşdu… Günəş olub doğmuşdu, vətənin qəlbinə dolmuşdu, özü Vətən olmuşdu Heydər Əliyev!

Haqdan adı Heydər oldu, böyüdü bir ər oldu, vətənpərvər oldu, qeyrət, məhəbbət, ülviyyət kəsb etdi Ulu xalqından – sahibi-hünər oldu…
Xalqını sevdi, xalqı Onu sevdi, Xalqını rəhbər etdi, Xalqına rəhbər oldu…
Haqdan yaranmışdı, Haqqa qovuşdu… Xalqdan güc almışdı, Xalqa qovuşdu, sonunda Ulu öndər oldu!

Vətən uğrunda şəhid olmaq, ölmək şərəfdir. Ancaq vətən uğrunda cəfalara sinə gərib yaşamaq, ondan da şərəflidir. Necə ki, bu yaşamı yaşadı Heydər Əlirza oğlu…
O, özünü özündə tapmış Şəxsiyyət idi.
O, özünü xalqında tapmış filosof idi.
O, xalqını özündə tapmış Dahi idi.
Dahilər dahisi, ilahi istedadı və bütün müsbət keyfiyyətləri özündə ehtiva edən kəsdir. Çox olub dahilər – fenomenlər, istedadlar, filosoflar, alimlər, yazarlar… Hanısa bir (və ya bir neçə) qabiliyyətinə, fikri bacarığına görə.
Fəqət insana əta olunmuş bütün hiss və bacarıqları işlədə bilmək (xüsüsən, fövqəladə işlədə bilmək!) hər kəsə nəsib olmur.
Həmin ilahi vergi və qabiliyyət Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevdə vardı.

Alimlə alim, rəssamla rəssam, şairlə şair, uşaqla uşaq, böyüklə böyük idi bu dahi insan. Bütün sənət sahiblərinin dilini bilirdi…Sənət və peşələrinin də dilini bilirdi…

Onun, bütün bacarıq və istedad sahiblərini şəxsən özü seçib qiymətləndirməsi, onların sənətlərinin incəliklərini anlarla müzakirə etməsi, onun insana məxsus bütün yaradıcıq növlərinə mükəmməl vaqif olduğunun sübutu idi.

Dahi, çox vaxt bir müstəsna qabiliyyəti sayəsində dahilik zirvəsinə ucalır.

Heydər Əliyev isə bacarığı daxilində olan, kamil insana məxsus, elm, mədəniyyət, hüquq, hərb, siyasət və başqa sahələrə hərtərəfli, eyni zamanda bütöv kompleks şəklində sahib olduğundan dahilər dahisi adlanmağa tam layiqdir.

Heydər Əliyev yaşadı, yaşatdı, sevdi, sevdirdi… Bölmədi, birləşdirdi… Ayırmadı, qovuşdurdu… Vuruşdurmadı, barışdırdı… Söndürmədi, alışdırdı… Endirmədi, qaldırdı… Dağıtması, qurdu, bu Vətəni, bu Yurdu!..

Vətənin ağır və ağrılı günündə imdada yetdi. Tək idi, xalqa birləşdi. Haqqa birləşdi. Haqla birləşdi. Xalqının haqqını tələb etdi. Çarpışdı, vuruşdu, nəhayət qalib gəldi. Zülmətlərdən nura çıxardı pərakəndə pərakəndə və pərişan xalqımızı, öz oduyla özü alışan xalqımızı…
Haqdan ömür alıb xalqa verdi. Haqdan gəlmişdi, Haqqa da getdi, ürəklərdə, tarxilərdə, əsərlərdə, əsrlərdə əbədi yaşayan və yaşayacaq Dahilər Dahisi Ulu Heydər Əlirza oğlu Əliyev!

Tural İrfan (Əhmədov)
Ziyalılar Mərkəzinin sədri

Analoq.az

Daha çox
Back to top button
Close