Ədəbiyyat

Səxavət Ənvəroğlunun “Məni bağışla” adlı şeirlər kitabı işıq üzü gördü

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Səxavət Ənvəroğlunun “Məni bağışla” adlı növbəti şeirlər kitabı “Tiçprint” nəşriyyatında işıq üzü görüb. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin üzvü olan S. Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir.

Bu kitabda 44 günlük 2-ci Qarabağ müharibəsində hər gün yeni zəfərlərini səbirsizliklə gözlədiyimiz şanlı ordumuzun qazandığı ugurlardan, qazilərimizin döyüş yollarındakı rəşadətdən, canlarını Vətən uğrunda qurban verən şəhidlərin müqəddəs ruhuna ehtiramdan yaranan şeirlər geniş yer tutur.

Şair dünyanın faniliyinə, təlatümlərinə, sirlərinə, həyatın eniş-yoxuşuna da biganə deyil. Sevgidə etibarı əsas tutan müəllifin dəniz, dənizçilik həyatı ilə bağlı şeirlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır.

Torpaq, yurd, təbiət sevgisi, Ata-anaya, böyüklərə hörmət isə şairin yaradıcılığının əsas xəttini təkil edir.

Kitaba həmçinin şairin atası Ənvər Seyidməmmədovun 1952-1955-ci illərdə, hərbi xidmətdə olarkən yazdığı və ondan yadigar qalan ilk və son 11 şeiri daxil edilib.

Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədov, rəyçisi Dövət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvi, “Araz” və “Qızıl qələm” mükafatları laureatı Şixəmməd Seyidməmmədovdur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button