Araşdırma

Allahqulu xan Elxani: Şeiriyyətlə şöhrətə

Allahqulu xan Elxani Qacar elinin Qovanlı (Qoyunlu da deyilir) oymağından çıxıb. Fətəli şahın qız nəvəsi, şahın kiçik qardaşı Hüseynqulu xanın oğul nəvəsi idi.

Allahqulu xan Mirzə Musa xan oğlu 1820-ci ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı.

Allahqulu xan Elxani kimi tanınırdı. Qacar elinin başçısı olmuşdu. Anası İzzət Nisə xanım baş nazir Hacı Mirzə Ağası ilə ailə qurandan sonra onun hakimiyyətdə rolu artdı. Vəzifələrə yolu açıldı.

Allahqulu xan Elxani bir müddət Həmədanın valisi olmuşdu.

Allahqulu xan Elxani 1881-ci ildə Zəncan hakimi təyin olunduğu zaman Məhəmmədəli xan da Qaragözlü öz əvvəlki peşəsi ilə onun yanında xidmət etməyə başlamışdır.

Məhəmmədəli xan Qaragözlü 1882-ci ildə Allahqulu xan vasitəsilə Londondan Tehrana qayıtmış İranın səlahiyyətli nümayəndəsi Mirzə Mülkum xanla tanış olmuşdur.

Allahqulu xan Elxani Milli Şuranın üzvü idi.
Allahqulu xan şair idi. Kamal təxəllüsü ilə şeir yazırdı. O, poeziyanı Mahmud xan Məliküşşüaradan öyrənmişdi.

Allahqulu xan Elxani qüdrətli bir sənətkar, ədəbiyyat xadimi və şəxsiyyət kimi formalaşmasında İran mədəniyyətinin çoxəsrlik ənənələri ilə yanaşı, xalq mənəviyyatının, adətlərin və islam təfəkkürünün də təsiri olmuşdur.

Allahqulu xan Elxani xalqın və sarayın çox
sevdiyi bir qəzəlxan kimi məşhurlaşmışdı.

Onun qəzəllərində dilin gözəllikləri, incəliyi, zərifliyi əks olunurdu, sarayın muğam ifaçıları onun qəzəllərini oxuyurdular. Onun şeirlərində zülmə, ədalətsizliyə qarşı dərin bir nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. İrihəcmli yazılarında sədaqət və qəhrəmanlıq motivləri, insanın mənəvi gözəlliyi, səmimiyyət və dostluğu, cəsarət və mərdlik kimi keyfiyyətləri öz əksini tapmışdır.

Onun kitabxanasında İranın və Şərqin bir çox yerlərindən gətirilmiş qiymətli kitab, əlyazmalar saxlanılırdı.
Allahqulu xan Elxani 1892-ci ildə vəfat edib. Darül-iman adlandırılan Qum şəhərində dəfn olunub.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button