Siyasət

“Mən Hökumət elan edirəm” deməklə təşkilat qurulmaz – Millət vəkilindən yeni yaradılan quruma reaksiya

“Qərbi Azərbaycan Mühacirət Hökuməti ideyası özlüyündə müsbət bir ideyadır. Yəni zaman-zaman ata-baba yurdlarından qovulmuş insanların öz tarixi torpaqlarına qayıtmaq uğrunda mübarizə aparmaq hüququ var və heç kəs buna etiraz edə bilməz”.

Bu fikirləri Modern.az-a açıqlamasında millət vəkili Əziz Ələkbərli ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video- konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edilməsinə münasibət bildirərkən deyib.
deyib.

Əziz Ələkbərli bildirib ki, bu yolda mümkün mübarizə formalarından biri də Mühacirət Hökuməti yaradılması məsələsidir:

“Bu ideya ilk dəfə deyildir ki, ortaya atılır. Son 30 ildə dəfələrlə bu ideya ilə çıxış edənlər, hətta Hökumətin yaradılması ilə bağlı bəyanat verənlər olub, tanınmış ictimai xadimlər məsələyə fərqli münasibət bildiriblər. İnternet səhifələrində bu barədə kifayət qədər məlumat var. Mən burada Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı ilk dövrlərdə Göycə-Zəngəzur Respublikasının yaradılması, Qərbi Azərbaycan mühacir hökuməti və parlamentinin formalaşdırılması, hətta 1992-ci ilin yayında Azərbaycanın tabeçiliynə qaytarılan Gədəbəyin Başkənd bölgəsinin sözügedən respublikanın paytaхtı elan olunması və s. təşəbbüslərini də qeyd edə bilərəm. İctimai xadim Ramazan Hüseynovun, daha sonra Müasir Müsavat Partiyasının məsələ ilə bağlı təşəbbüslərini də burada xatırlatmaq lazımdır”.

Millət vəkilinin sözlərinə görə, Türkiyədə çalışan hörmətli alimimiz Qafar Çaxmaqlının elan etdiyi yeni Mühacirət Hökuməti də növbəti təşəbbüslərdən biridir:

“Bu təşəbbüsün nəticəsi nə olacaq, əvvəlki “hökumətlərdən” nə ilə fərqlənəcək, bu, hələ bilinmir. Mənə elə gəlir ki, bu suala cavab vermək üçün əvvəl belə bir suala cavab vermək lazımdır ki, əvvəlki “hökumətlərin” yaranması niyə baş tutmadı, kağız üzərində qaldı. Deyim, çünki birincisi, o təşkilatlatlar ya bu və ya digər siyasi məqsədlə, çox vaxt da hakimiyyətə təzyiq vasitəsi kimi ortaya atılırdı, ya da vəzifə, fəxri ad, deputat mandatı ala bilməyən ayrı-ayrı şəxslər tərəfindən şəxsi etiraz forması kimi irəli sürülürdü. Aydındır ki, bunun da nə millətə, nə dövlətə, nə də Qərbi Azərbaycanlılara bir faydası ola bilməzdi. İkinci cəhət isə ondan ibarətdir ki, bu hökumətin kifayət qədər sosial bazası olmalıdır. Yəni, bir və ya bir neçə adam birdən ortaya çıxıb, “mən Hökumət elan edirəm” deməklə hökumət qurulmaz. Hökumət bu qədər qeyri-ciddi məsələ deyil. Bu “hökumətin” qurucuları içərisində bütün ömrü boyu Qərbi Azərbaycanla heç bir bağlılığı olmayan, beş mahalın, on rayonun adını belə bilməyən, ömrü boyu bu problemlə məşğul olmayan bir adamın və ya adamların adını görəndə isə nəticə əvvəldən məlum olur.

Çıxış yolu nədədir? Bu gün Azərbaycanda bir Qərbi Azərbaycan İcması fəaliyyət göstərir, strukturu piramida şəkilli bu təşkilat yuxarıdan yox, aşağıdan təşkilatlana-təşkilatlana gəlir. Yəni əvvəl Qərbi Azərbaycanın bütün kəndləri üzrə icmalar formalaşır, kənd icmaları rayon icmalarını təşkil edir, rayon icmaları mərkəzi orqanda birləşir. Bu təşkilatlanma başa çatdıqdan sonra artıq avtomatik olaraq Hökumət formalaşmış olur, onda rahat Hökumətə keçmək olar. Mən Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaranmasının başqa yolunu görmürəm və başqa yolla yaranmasını da mümkün hesab etmirəm. Biz bu istiqamətdə işimizi təmkinlə aparırıq, artıq 100-ə yaxın kənd icması formalaşıb.

Qafar müəllim erməni məsələsi üzrə dəyərli alimlərimizdəndir, ona uğurlar arzu edirəm, səmimiyyətinə inanıram, amma öz fikrimdə də qalıram ki, Hökumətin yolu İcmadan keçir”.

Qeyd edək ki, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video- konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.

Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı. Dünyanın müxtəlif yerlərində yaşaayaan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi yolunda qəaralı bir addım atıldı. Dünən Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etdik. O əlavə edib ki, öncə bu respublikanın MİLLİ ŞURASI fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökümət formalaşdırılacaq

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button