İqtisadiyyat

Vergi Forumu keçirilib

Fevralın 25-də “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda Vergi Forumu keçirilib. Videoformatda təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyinin və nazirlik yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, xarici və yerli ekspertlər, iş adamları iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edib. Vergi sistemində aparılan islahatların ölkənin iqtisadi inkişaf siyasəti ilə uzlaşdığını qeyd edən Ş.Mövsumov ölkənin iqtisadi hədəfləri və vergi sistemi qarşısında duran çağırışlar barədə fikirlərini bölüşüb.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət büdcəsinin gəlirlərinin artması istiqamətində əldə olunan nəticələrin arxasında hər bir vergi əməkdaşının gərgin və fədakar əməyinin dayandığını bildirib. Nazir 2021-ci ildə iqtisadiyyatın bərpası ilə bağlı atılan addımlara və əldə olunmuş nəticələrə nəzər salıb, COVID-19 səbəbindən səngimiş iqtisadi fəallığın nəinki bərpa olunduğunu, eyni zamanda ÜDM-in həcminin daha da artdığını vurğulayıb.
Nazir bir neçə gün öncə Azərbaycan hökuməti tərəfindən qəbul olunmuş antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərə dair sənədə və İqtisadiyyat Nazirliyi qarşısında duran vəziflərə toxunub. Qeyd olunub ki, hazırda dövlət tərəfindən bütün mümkün iqtisadi tənzimləmə vasitələrindən istifadə etməklə qiymətartırıcı amilləri sabitləşdirməyə, inflyasiyanı cilovlamağa, istehsalçıların və idxalçıların mənafelərinin, eləcə də vətəndaşların sosial rifahının qorunmasına yönəldilmiş tədbirlər həyata keçirilir. M.Cabbarov 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair yeni inkişaf strategiyasındakı əsas hədəfləri və bu istiqamətdə görüləcək işləri, eləcə də ortamüddətli dövrdə vergi siyasətinin qarşısında duran prioritet məsələləri diqqətə çatdırıb.
Konfransda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdimatla çıxıb edib və vergi sistemində reallaşdırılan islahatlar, həyata keçirilən tədbirlər barədə danışıb. Təqdimatda fiskal göstəricilər sahəsində əldə olunan nəticələr, “kölgə iqtisadiyyatı” ilə mübarizə, vergi xidmətində rəqəmsallaşma, perspektiv layihələr, ortamüddətli perspektivdə vergi siyasətinin əsas istiqamətləri barədə geniş məlumat verilib.
Qeyd olunub ki, vergi ödəyicilərinə xidmətlər çeşidinin və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın genişləndirilməsi ölkənin vergi orqanlarının fəaliyyətinin başlıca prioritetlərini təşkil edir. Həyata keçirilən təşviq əsaslı vergi siyasəti və risk əsaslı nəzarət çərçivəsi biznesin vergi öhdəliklərinin sabit artımına şərait yaradır.
Sonra Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) icraçı katibi Alix Perrignon de Troyes, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sarah Maykl, millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəisi Nicat İmanov, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev, Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Sərxan Həşimov, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin rəisi Elçin Ağakişiyev, Ernst & Young şirkətinin Partnyoru Arzu Hacıyeva, “Kapital” Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, “Azerconnect” MMC-nin baş direktoru Emil Məsimov, Azərbaycan Fermerlər Assosiasiyasının rəhbəri Pərviz İlyasov, “Şamaxı Dairy Farm” MMC-nin rəhbəri Fuad Məmmədov müxtəlif mövzularda çıxış ediblər.
Çıxış edənlər ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirləri müsbət qiymətləndirib, əsas prioritetlərin reallaşdırılması prosesində aparılacaq islahatlara dair təkliflərini səsləndiriblər.
Tədbirdə müzakirələr aparılıb və sahibkarların sualları cavablandırılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button