Kriminal

İsmayıllıda nənə-babasını qətlə yetirən şəxs barədə həbs qətimkan tədbiri seçildi

İsmayıllı rayon Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qədirov Vüsal Şirvan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.

“Report” xəbər verir ki, hakim Rəfayel Şirinovun sədrlik etdiyi prosesdə təqdimat təmin edilib. V.Qədirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə mayın 10-da İsmayıllı rayonunun Bizlan kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb.

Nənə və babanı ağır işgəncə ilə qətlə yetirən Vüsal Qədirov sonra qardaşının evinə gedərək onu öldürmək istəyib. Vüsal qardaşının qaçdığını görərək onun evini yandırıb.

İsmayıllı Rayon Polis Şöbəsinin və Prokurorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törədən şəxs Bakıda tutularaq istintaqa təhvil verilib. Hadisənin mülk üstündə baş verdiyi bildirilir.

V.Qədirova Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham verilib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button