ƏdəbiyyatYazarlar

“Zirvəsindən qar yediyim,o dagları hardan alım…”

Çeşməsində durulduğum,
Bulaqları hardan alım?
Alovundan qovrulduğum,
Ocaqları hardan alım?

Bir gözələ vurulduğum,
Gözlərinə qul olduğum,
Yollarında yorulduğum
O çağları hardan alım?

Bəhrəsindən bar yediyim,
Dövlətindən var yediyim,
Daldalanıb nar yediyim
O bağları hardan alım?

Həvəsiylə nəfəs kəsən,
Dişləyəndə tezcə küsən,
Öpüşümdən tir-tir əsən
Dodaqları hardan alım…

Ağızımda söz yandıran,
Ürəyimdə köz yandıran,
Üz qoyanda üz yandıran
Yanaqları hardan alım…

Yamacında yar yediyim,
Ətəyində bar yediyim,
Zirvəsindən qar yediyim
O dağları hardan alım?

Tural İrfan günah çəkər,
Həsrətli qız min ah çəkər.
Saçlarıma daraq çəkən,
Barmaqları hardan alım…

Tural İrfan

Daha çox
Back to top button
Close