İqtisadiyyat

Uşaq bezi və kağız məhsulları istehsalı müəssisəsinə infotur təşkil olunub

Müəssisənin məhsulları bir sıra Mərkəzi Asiya və Avropa ölkələrinə ixrac edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakının Qaradağ rayonunda yerləşən uşaq bezi və kağız məhsulları istehsalı müəssisəsinə infotur təşkil olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyinin və tabeliyindəki qurumların, Dövlət Məşğulluq Agentliyinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin, Ticarət Şəbəkələri Assosiasiyasının və iri ticarət şəbəkələrinin nümayəndələri iştirak ediblər.
Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş infoturun məqsədi müəssisənin fəaliyyəti və istehsal etdiyi məhsullar barədə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarını və yerli təchizatçıları məlumatlandırmaq, satış şəbəkələrinə çıxışa dəstək məqsədilə müəssisə və təchizatçıları əlaqələndirmək, müvafiq təşkilatlar və müəssisə arasında əməkdaşlığın genişləndirilməsidir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ticarət Şəbəkələri Assosiasiyasının sədri Samir Abdullayev, “Rafa Group” MMC-nin təsisçisi Turan Özbahceci və digər şəxslərin iştirak etdiyi tədbirdə iştirakçılar istehsal prosesi ilə tanış olublar. Məlumat verilib ki, “Rafa Group” MMC və Azərbaycan Sənaye Korporasiyasının birgə fəaliyyəti ilə dövlət-özəl tərəfdaşlığı əsasında yaradılmış müəssisədə uşaq bezi və kağız məhsulları istehsal olunur. 2021-ci ildə fəaliyyətə başlamış müəssisədə “Mini Boss” uşaq bezi, “La luna” salfetləri və digər kağız məhsulları istehsal olunur. Müəssisənin məhsulları bir sıra Mərkəzi Asiya və Avropa ölkələrinə ixrac edilir. Müəssisədə 40 nəfər daimi işlə təmin edilib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button