Ölkə

Baş infeksionistdən koronavirusla bağlı qorxunc AÇIQLAMA – DİQQƏT!

"Virusun yoluxması üçün münbit şərait yaratmasalar"

Koronaviruslar mövsümi xəstəliklər kimi qəbul olunur, lakin COVID-19 meydana çıxandan sonra onun müxtəlif yoluxma yolları da aşkarlandı. Havaların isinməsi ilə əlaqədar olaraq bizdə də onun məhv olacağına müəyyən ümidlər var, çünki viruslar isti temperatura qarşı davamsızdırlar. Lakin bununla belə əgər bu virus isti temperaturda da qalıb gələn mövsümə keçirsə, onun yoluxma ehtimalı həmişə var. Havaların istiləşməsinə o qədər də ümidli olmaq lazım deyil, çünki isti ölkələrdə də bu xəstəlik var və yayılır. Ona görə də ehtiyat tədbirlərinə mütləq əməl edilməlidir.Analoq.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O, xəstəliyin ikinci dalğasının baş verməsi barədə deyilənlərə münasibət bildirərək deyib: “İkinci dalğa söhbətinə o qədər də əhəmiyyət vermirəm, çünki bu virus artıq ölkəmizdə var və payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar onun yenidən baş qaldırması mümkündür. Bəzən son günlər yoluxmanın yüksəlişini ikinci dalğa hesab edirlər. Lakin bu epidemiyanın gedişi belədir, müəyyən günlər azala, müəyyən günlər arta bilər. Həm də bu, aparılan test sınaqlarının sayından da asılıdır. Ola bilər ki, 14 gün əvvəl yoluxmuş insanda həmin virus indi aşkara çıxsın. İndiki vaxtda onun güclənmək ehtimalı yoxdur, lakin payız-qış mövsümündə onun yenidən baş qaldırmaq ehtimalı çoxdur.

Günəşli havalarda ultrabənövşəyi şüalar çoxalır və həmin şüalar viruslara öldürücü təsir göstərir. Qrip və digər respirator infeksiyalar soyuq havaya dözümlü olduğuna görə payız-qış mövsümü çoxalır, yaz-yay mövsümü isə sönür. Koronavirus da həmin qəbildən olan infeksiyadır və biz buna əsasən müəyyən qənaətə gəlirik. Lakin yenə təkrar edirəm, koronavirusun orqanizmdə qalıb soyuq fəsildə yenidən fəallaşmaq ehtimalı var. Lap temperatur 50 dərəcə də olsa, təmas olduqda yoluxma davam edəcək. Ona görə də havaların istiləşməyinə arxayın olmamaq və bunu mütləq nəzərə almaq lazımdır. Digər tərəfdən, koronavirus yeni növ virusdur və onun haqqında az qala hər gün doğru və yalan bir məlumat eşidirik. Lakin bunların hamısı təhlil edilməli və araşdırılandan sonra qərar verilməlidir. Dəqiq məlumat yalnız bu araşdırmalardan sonra verilə bilər.

Baş infeksionist daha sonra deyib: “Biz heç vaxt orqanizmin gücünə arxayın olub ona yoluxmayacağımızı fikirləşməməliyik. Bu virus 85 faiz hallarda yumşaq keçir və onların əksəriyyətində də heç bir əlamət büruzə vermir. Lakin bununla belə virus yayılmaqda davam edir və belə daşıyıcılar xəstələrdən daha təhlükəlidir, çünki xəstələr izolyasiya edilərək nəzarətdə saxlanılır və onların kimisə yoluxdurmaq ehtimalı çox zəifdir. Gündəlik işə çıxan adamın başqalarını yoluxdurmaq ehtimalı isə daha yüksəkdir.

Hazırda ölkəmizdə vəziyyət nəzarət altındadır və bütün dövlət qurumları virusla əlaqədar lazımi tədbirlər görürlər. Ölkəmizdə bu sahədə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirilir və dünya ölkələri tərəfindən də nümunə kimi qəbul edilir. Yaxşı haldır ki, son günlər şəhərdə maska ilə gəzənlər əvvəlki günlərlə müqayisədə çoxalıb. Vətəndaşlar bu vəzifələri yerinə yetirməkdə bizə kömək etməlidirlər və hər şey onların özündən asılıdır. Onlar karantin rejiminin tələblərinə əməl etsələr, virusun yoluxması üçün münbit şərait yaratmasalar, onda pandemiyanın qarşısını almaq mümkün olacaq”.

Analoq.az

Daha çox
Back to top button
Close