Yazarlar

“Etibarlı” büdcə oğruları olan yerli “xan”ların dövrü bitdi – Faiq Hüsiyev yazır

13 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcərin yeni icra başçısını vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən səsləndirdiyi maraqlı bir fikirə münasibət bildirmək istəyirəm.

Dövlət başçısı belə bir fikir səsləndirmişdi: “Hər bir rayonun inkişafı böyük dərəcədə rayona rəhbərlik edən şəxsdən asılıdır. Mən demişəm ki, bizim bütün rayonlarımız artıq dotasiya sistemindən çıxmalıdır. Bu istiqamətdə böyük işlər görülüb. Əvvəllər bütün rayonlarımız dotasiya ilə dolanırdı, dotasiyasız öz tələbatını ödəyə bilmirdi. İndi bir çox rayonlar artıq özləri-özlərini təmin edirlər, bu proses davam etdirilməlidir”.

Əslində, bu fikir ölkəmizin ictimayyəti tərəfindən idarəçilikdə aparılan mütərəqqi yanaşmanın ortaya qoyulması və ardıcıl islahatların davamı kimi qəbul edilir. Mənim bu yaxınlarda verdiyim – “Eksperiment kimi iki-üç icra başçısı müsabiqə yolu ilə seçilsin! təklifim ərazi idarəçiliyində yeni yanaşmaya münasibət idi. Bunları ona görə yazıram ki, bölgələrimizdəki iqtisadiyyatın və ictimai-siyasi həyatın yeni reallığı təmamilə müasir təfəkkürlü rayon rəhbərlərinə güvənməlidir. Rayonlarımızın dotasiya sistemindən çıxması, özünü maliyyələşdirmə sistemində uğurlu yerli iqtisadiyyatın yaradılması və rayon sakinlərinin məşğulluğunun tam təmin edilməsi deməkdir. Son illərdə bu sahədə atılmış uğurlu addımlara yeni təkan vermək lazımdır.

Mütərəqqi, yeni regional layihələrə, koordinasiya edilmiş strateji planlaşdırmaya da ehtiyac var. Eyni zamanda, bölgələrdə yaşayan vətəndaşlarımızın real həyatı həvəskar eksperimentlərə də çevrilməməlidir. Bunun üçün təcrübəli və işləmək həvəsində olan rəhbərlər lazımdır. Bu rəhbərlər yeni ideyaların layihələndirilməsindən başlayaraq maliyyə vəsaitlərinin cəlb olunmasına qədər həlqəni özləri qurmalıdırlar. Məhz onlar bölgələrimizə yerli və xarici investisiyaların cəlb edilməsi üçün həmfikirlər komandası yaratmalıdırlar. Əslində, yeni icra başçısı sırf idarəçi-menecer yanaşmasını ortaya qoymalı, münbit mühit yaratmalıdır!

Bütün sosial qruplarla işləmək bacarığı nümayiş etdirilməli, bu prosesdə vətəndaş təşəbbüslərinə də həssas diqqət göstərilməli və əməkdaşlığa açıqlıq nümayiş olunmalıdır. Əgər tövsiyələrə əməl olunarsa, regionlarımızın dinamik inkişafı yeni mərhələyə qədəm qoyar və urbanizasiya probleminin də aradan qalxmasına təkan verər. İnsanları kəndə qaytarmaq, torpağa bağlamaq üçün layihələr lazımdır. Dövlətin Ali rəhbərliyindən kart-blanş aldıqdan sonra növbəti addımları mərkəzi hakimiyyət orqanlarından gözləmək yox, elə indidən hərəkət etmək lazımdır.

Düşünürəm ki, postpandemiya dövründə qida təhlükəsizliyinin necə böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq rayonlarımızda istifadəsiz torpaqları tez bir zamanda dövriyyəyə qaytarmaq, aqrar sektorun daha dinamik inkişafını stimullaşdırmaq da lazımdır. Çünki Azərbaycan keyfiyyətli kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz ixrac edən ölkə kimi dünya miqyasında liderliyini daha qabarıq göstərə bilər.

Bölgələrimizin turizm potensialının da tam şəkildə ortaya qoyulmasında yeni icra başçılarının böyük xidmətləri ola bilər. Sadəcə, düşünülmüş şəkildə hərəkət edib, reallıqları ortaya qoymaq, məhsuldar işləmk lazımdır! Belə olan halda ümumxalq mənafeyinə xidmət edən hər bir insanın, o cümlədən icra başçısının şəxsi mənafeyi də hüquqi qaydalar daxilində təmin olunur!

Prezident İlham Əliyevin: “Vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılacaq və məlumat nəzarətdə olacaq. Eyni zamanda, ictimai nəzarət olmalıdır.” – fikri isə ilk növbədə ölkə əhalisinin fərdi vətəndaşlıq hissinin qabarıq şəkildə ortaya qoyulmasına hesablanıb. Bu, həm də vətəndaşlıq məsuliyyəti və dövləti sevmək deməkdir. Vətəndaşlarımızın gedən proseslərə nəzarəti və müəyyən mənada operativ müdaxiləsi indiki reallıqlarda dövlət başçısı tərəfindən aparılan siyasətə həmrəyliyin nümayişi kimi də qəbul olunur.

Unutmayaq! “Etibarlı” büdcə oğruları olan yerli “xan”ların dövrü bitdi! Tamamilə yeni reallıqlar dövrü başlayıb.

Faiq Hüsiyev

Teleradio Akademiyasının rektoru, Əməkdar jurnalist

Daha çox
Back to top button
Close