Araşdırma

Məhəmmədhaşım mirzə Əfsər: Şairlərin şeyxi

"Əfsər təxəllüsü ilə xоşagələn şеirlər yazırdı"

Məhəmmədhaşım mirzə Əfsər Məşrutə dövrünün aparıcı şairlərinindən biridir. İran ədəbiyyatının yeni tələblər əsasında təşəkkül tapıb inkişaf etməsində, təzə mövzu, fikir, janr, xarakter, obraz, təsvir və ifadə vasitələrilə zənginləşməsində müstəsna xidmətləri olan çox görkəmli ədəbi simalardan sayılır.

Məhəmmədhaşım mirzə Əfsər Qacar elinin Qovanlı (Qoyunlu da deyilir) oymağına nənsubdur. Ulu babası Fətəli şahın оnikinci оğlu Məhəmmədrza mirzə də şair idi. Əfsər təxəllüsü ilə xоşagələn şеirlər yazırdı.

Babası Məhəmmədhaşım mirzə Məhəmmədrza mirzə oğlu dövrünün ziyalı şəxslərindən idi.
Atası Nurulla mirzə Məhəmmədhaşım mirzə oğlu Əfsər Qacarlar dövrünün alim-aydın şahzadələrindən sayılırdı.

Məhəmmədhaşım mirzə Nurulla mirzə oğlu Əfsər 1879-cu ildə Səbzivar şəhərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Hacı Mirzə Həsən Həkim və Hacı Mirzə Hüseyn Səbzivarinin şagirdlərindən idi.

Məhəmmədhaşım mirzə Əfsər Əbülhəsən mirzənin vəfatından sonra Sultan Əhməd şah Qovanlı-Qacarın fərmanı ilə Şeyxərrəis ləqəbi daşıyırdı.

Onun yaradıcılığının genezisi Xorasan ədəbiyyatına bağlıydı. Bu ədəbiyyat özünəməxsus zəngin ənənələrə malik idi. Əfsər eyni zamanda bədii nailiyyətlər və görkəmli ədiblərlə seçilən digər regionların farsdilli ədəbiyyatı ilə də yaxından maraqlanmışdı.

Məhəmmədhaşım mirzə Əfsər 1893-cü ildə diktator rejimlə mübarizəsinə görə mühakimə edilmiş, əvvəlcə Məşhədə, sonra Aşqabada sürgün edilmişdi. 1905-1907-ci illər Məşrutə hərəkatı dövründə İrana qayıtmışdı. Məşhəddə ədəbi dərnəklər təşkil etmişdi.

Onun nəzərinə görə, ədəbiyyat ictimai-siyasi hadisələrdən təcrid oluna bilməz. Məşrutə hərəkatının yaratdığı intibah dalğası bütün İran ədəbiyyatında yeni yol açmışdı. Əfsər bu yeni yolun istedadlı nümayəndələrindən idi. Maraqlıdır ki, Əfsər yaradıcılığının bütöv bir epoxaya və sonrakı şairlərin nəslinə təsiri məsələsi İranda yetərincə öyrənilməyib.

Bizcə Əfsər poetik məktəbinin məsələləri xüsusi araşdırılmalıdır. Rəşid Yasəminin 1937-ci ildə Tehranda nəşr olunan “Müasir ədəbiyyat” kitabında Əfsərin yaradıcılığı öz əksini tapmışdır. Onun şeirləri xalq ruhunu, xalq poeziyasının duzlu, mənalı şeiriyyətini, ifadə tərzini özündə cəmləşdirən ən gözəl sənət nümunələri hesab edilir.

Elə həmin ildə Məhəmməd İshaqın Dehlidə çap olunan “İranın müasir söz ustaları” adlı kitabında Əfsərə geniş yer verilib. Burda zəngin, hərtərəfli, ensiklopedik məlumata malik bir sənətkar, filosof təbiətli, mütəfəkkir ruhu və bu xüsusiyyəti ilə bədii fikrin fövqünə qalxan M. Əfsər həm şair, həm də ictimai xadim kimi oxuculara təqdim edilir.

1950-ci ildə Tehranda oxuculara təqdim olunan Məhəmmədbağır Borqeinin “Müasir şairlərin adları” kitabında onun özünün şeirə-sənətə verdiyi qiymət, ədəbiyyatşünasların Əfsər haqqındakı fikirləri ayrı-ayrı şeirlərinin təhlili çərçivəsində açıqlanır, Əfsər şeirinin poetik vəznləri və s. barədə öz sanballı ilə seçilən elmi-nəzəri yazıları, qəzəlləri saf-çürük edilir.

Məhəmmədhaşım mirzə 1911-ci ildən 1924-cü ilədək İran Milli Məclisin üzvü оlmuşdu. 1933-cü ildə İran Milli Məclisin sədr müavini vəzifəsində çalışmışdı.

Məhəmmədhəşim mirzə bir müddət Xorasan əyalətinin Maarif və Ovqaf idarəsinin rəisi olmuşdu.

Məhəmmədhaşım mirzə Əfsər şair idi. O, əvvəlcə Şərq yaradıcılıq tipinə meyl göstərən bir şair kimi Səbzivar ədəbi məclislərdə formalaşmışdı. Mənbələrindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir.

O, Qacarlar dövrünün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. İran ədəbiyyatında daha çox novator cərəyanının görkəmli nümayəndəsi kimi tanınmışdı.

Məşrutə hərəkatından sonra ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır ki, Əfsər bu dönəmin nümayəndələrindən sayılır.

Məhəmmədhaşım mirzə Əfsər lirik-didaktik xarakterli 8 min şeirin müəllifidir. Onun farsca divanı var, məhəbbətdən bəhs edən çoxlu qəzəllər də yazıb.

Məhəmmədhaşım mirzə Əfsər 1940-cı ildə vəfat edib. Tehran ətrafındakı İmamzadə Abdulla gorgahında dəfn edilib.

Biz şairin tərcümeyi-halının başlıca mərhələlərini bərpa etdik. Onun şeirlərinin ideya-tematik və bədii xüsusiyyətlərinin təhlilini aparmağı peşəkar mütəxəssislərə buraxdıq. Xeyir-duasını bəri başdan veririk: İşiniz avand olsun!

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close