Sağlamlıq

Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara – Həkim tövsiyəsi

Bir çox insan nəqliyyat vasitələri ilə uzun yol gedərkən ürəkbulanma, başgicəllənmə ilə qarşılaşır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.f.d., dosent İsmayıl Əfəndiyev Gömrük “ATV səhər” verilişində bu narahatlıqların qarşısını almaq yollarından danışıb.
Dr.İsmayıl Əfəndiyev bildirib ki, insan orqanizmində vestibulyar aparatda xüsusi kristallar mövcuddur. Bəzən insan hərəkət edərkən gördüklərimiz və vestibulyar aparat tərəfindən beyinə ötürülən siqnallar arasında müəyyən uyğunsuzluq baş verir. Belə olan halda, orqanizm düzgün məlumat almadığına görə bu kimi əlamətlər özünü göstərir.Xəstəliyin tam müalicəsi olmasa da, əlamətlərini azaltmaq mümkündür. Əgər siz gəmi ilə hərəkət edirsinizsə, bu zaman gəminin orta hissəsində dayanmaq və hərəkət etməyən bir nöqtəyə, məsələn üfüqə baxmaq lazımdır. Qeyd olunanlara əməl etdikdən sonra əlamətlər keçməzsə, uzanıqlı vəziyyətdə gözləri yummaqla vestibulyar aparatı müəyyən qədər sakitləşdirmək mümkündür.
Həmçinin, bu problemlə qarşılaşan insanlar nəqliyyatda telefondan istifadə etməməli, kitab oxumamalıdır. Əks halda, bu, hərəkət xəstəliyi olan kinetozun əlamətlərini artıra bilər. Yola çıxarkən dərman vasitələri və ya türkəçarə üsullardan istifadə olun bilər. Bu zaman limon, nanə və ya zəncəfil tamlı vasitələrdən istifadə effektivdir.
Dr.İsmayıl Əfəndiyev qeyd edib: “Uzun yola qatar və ya təyyarə ilə çıxan kinetoza meyilli insanlara məsləhətim odur ki, yola çıxarkən heç bir qida qəbul etməsinlər və qazlı içkilərdən istifadə etməsinlər”.
Dr.İsmayıl Əfəndiyevin bu mövzuda müsahibəsini Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik.
https://youtu.be/JbcDXsB5IsI

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button