Redaktor seçimi

Vətənim adamlar… (Laçınlılara, o cümlədən kəndlilərimə həsr olunur)

"Gözümlə gördüm, canımla-qanımla duydum ki, vətən ilk növbədə vətəndə yaşayan insanlardı, vətən adamlarla canlıdı"

…Çınqılın başından fermaya enəndə qabağımızdan bir it qaçdı, bizi görən kimi səssiz-səmirsiz, hürmədən, zingildəmədən bir göz qırpımında yox oldu. Heç qorxmağa da macal tapmadıq. Ancaq mən o iti tanımağa macal tapdım – fermanın itlərindən idi. O itlər bir neçə ay irəliyəcən atlını atdan salırdı, uçan quşa sıçrayırdı. İndi o itlərin qalanı hardaydı – köçəköç vaxtı mal-heyvana qoşulub getmişdimi, acından ölmüşdümü, düşmən buralara “əl gəzdirəndə” güllə qabağına çıxmışdımı – bilmirəm, ancaq nəydisə, qabağımızdan qaçan itin gözü möhkəm qırılmışdı, bəlkə də gözünün qabağında itləri hürdüyünə görə öldürmüşdülər. Burası bəlliydi ki, o it daha özünü bu yerin-yurdun yiyəsi saymır, qorumağa obası, hürməyə doğma adamı qalmayıb, yuvası bir gecədə yağı düşərgəsinə dönüb, zənciri qırmağına qırıb, ancaq azad ola bilməyib, getməyə yer tapmayıb və indi heç acından ölmək qorxusu da onun insana etibarını, sədaqətini geri qaytara bilməz…

Kəndə çataçatda işğalın ilk gördüyüm əlaməti bu oldu. Sonra ot basmış qəbiristanlıq, ortasında ağac pöhrələmiş yol, alaqlamış divarlar, cəngəl basmış bostan yerləri. Çardağı üstünə uçmuş evlər…

Mən sizə 1992-ci ilin avqustundan danışıram. O zamandan ki, Laçın artıq üç ayıdı alınmışdı, bizim kəndin camaatı camaatlara qoşulub Kəlbəcər üzə adlamışdı, qonşu rayonda da bənd almayıb Murovun Gəncə üzünə aşmışdı, dağların dumanlı-çiskinli ətəyində, günün eyni açılmayan acı bir yurdda, taleyin yolu üstündə alaçıq qurub xəbər gözləyirdi. Bir azdan o camaat arxayınlaşıb gəldiyi yolla geri qayıdacaqdı, qışı kənddə çıxarıb, yazda bu dəfə Kəlbəcər alınanda öz ocağının qırağındaca mühasirəyə düşüb yalnız möcüzə sayəsində əsir alınmaqdan qurtulacaqdı…

Onda hələ bir neçə ay sonra Kəlbəcərin də əlimizdən gedəcəyi ağlımıza gəlməzdi və yatsam yuxuma da girməzdi ki, doqquz il sonra Laçının ikinci dəfə – bu dəfə sənədli-sübutlu düşmənə təhvil verilməsi təhlükəsi qarşısında qala bilərik. Onda hələ düşmənin bu gün-sabah ölkədən qovulacağını gözləyirdik və mən dağların çiskindən göz açılmayan ətəyində kənddən ötrü bərk darıxdığımdan yola çıxıb, “Istisu” şüşəsi daşıyan bir yük maşınıyla Murovu aşmışdım, maşın dəyişə-dəyişə gəlib kəndimizə çıxmışdım. Mal-heyvan dırnağı dəyməyən yamacların, yastanaların, kərənti ağzına düşməmiş biçənəklərin otu özünə boy vermişdi, ayağıma dolaşırdı. Cığırlar iz itirməyə başlamışdı. Torpaq üz-gözünü saç-saqqal basmış səfilə oxşayırdı.

Kəndin xatirəsinə qarovul çəkən beş-altı tay-tuşum bir evə yığılmışdı. Otuza yaxın ev, o cümlədən neçə-neçə nəslin əvəzsiz xatirə arxivi olan qədim məktəb binası yandırılmışdı, üstünün dəmiri saçaq-saçaq doğranmışdı. Külə dönmüş divarlara əl atırdın, daşı əlində gəlirdi. Evlər, həyətlər, bağçalar, bostanlar ağzıgünə qalmışdı. Uşaq vaxtı meyvəsini daşladığımız, barını oğurladığımız ağaclar indi özü budaqlarını bizə sarı uzatmışdı, ancaq ağacların payına yiyə duran yoxudu. Burda insanın azadlığı fermada gördüyüm o itin azadlığından fərqlənmirdi…

Kəndin bütün pişikləri biz qaldığımız evə yığılmışdı – ömrümdə heç vaxt o qədər pişiyi bir yerdə görməmişəm. Deyəsən, yurda dönük çıxmayan təkcə elə pişiklərdi. Əlinə bir tikə aldınmı, miyoltudan qulağın tutulurdu; ac pişiklər altdan-yuxarı insan səsiylə yalvarışırdı.

Qonşumuzun iti məni görəndə bir ağız hürüb, qaçıb tövləyə girdi. Sən demə, boz qancıq küçükləyibmiş, hürməyi də balalarına görəymiş. Yoxsa o sakitlikdə hürməkmi yada düşərdi – adam öz səsindən diksinirdi, bir quşun səsi dağları yerindən tərpədirdi… Sonra boz qancığın küçükləri azalmağa başladı; uşaqlar dedilər ki, it acından balalarını yeyir.

Mən ot otlayan it də gördüm. Bir sözlə, gözə görünən nə vardısa, hamısı indiyəcən görünməmiş bir şəkil almışdı, anormal hala düşmüşdü: torpaq da, təbiət də, heyvan da, insan da. Yadımdadı, xamır yoğuran tay-tuşlarımı, ana-bacısız, arvad-uşaqsız qalıb yetimləşən kişiləri görməyə alışmadığım bir halda – çörəkbişirmə əməliyyatının hansısa mərhələsində nəyinsə üstündə mübahisə eləyən görəndə necə kövrəlmişdimsə, məni bir dəli gülmək tutmuşdu, uşaqlar da mənə qoşulmuşdular və eləcə gülə-gülə xamırı yoğurub kündələyib çörəyi bişirmişdilər.

Mən o gülüşün tarixini yazmağa bütün ömrümü həsr eləyərdim…

Hər şey öz yerindəydi – Vətən ayağımın altında, gözümün qabağında, ovcumun içindəydi; havası ciyərimdə, qoxusu burnumda, dadı damağımdaydı. Ancaq yenə nəsə çatmırdı, yenə mən özümü doğma kənddə qərib kimi, yad kimi hiss eləyirdim. Elə bil gözümün qabağındakı kəndimizin, dağlarımızın özü deyildi, surətiydi, şəkliydi – kəndin, dağların xatirəsiydi…

Və elə onda anladım ki, çatışmayan adamlardı, tanış, doğma üzlərdi, səslərdi. Gözümlə gördüm, canımla-qanımla duydum ki, vətən ilk növbədə vətəndə yaşayan insanlardı, vətən adamlarla canlıdı. O adamlar hansı torpağa-daşa, hansı ağaca-kola, hansı dağa-dərəyə, çaya-bulağa, hansı ata-itə, quşa öz dilini öyrədib ruhunu köçürsə, vətən oradadı.

…İndi Laçın böyüyüb Azərbaycan boyda olub. Mənim kəndlilərim neçə-neçə bölgəyə dağılıb. Hərdən onların arasında oluram. Ancaq doğma üzlər içində özümü yenə də qəriblikdəki kimi hiss eləyirəm; onlarsız kənddə necəydisə, eləcə. Çünki vətən təkcə doğma üzlər, doğma səslər demək deyil. Vətən insandan başlayır, ancaq insanda qurtarmır. O insanın keçmişi, taleyi, yaddaşıyla bağlı nə varsa, hamısını toplayanda cəmi VƏTƏN eləyir. Vətənim adamın mindiyi at da vətəndi, o atın gəzdiyi dağlar da vətəndi, o dağlara yağan yağış, o yağışı gətirən bulud, o buludu saxlayan göy, o göydə süzən quş, o quşun qonduğu budaq da vətəndi. Əgər bu halqalardan biri qırılıb düşübsə, deməli, vətən zədəlidi, yarımçıqdı, şikəstdi. Laçınlıların yaşamadığı Laçın kimi. Və yaşadığı yerdə Laçın qura bilməyən laçınlılar kimi…

Fəxri Uğurlu
May 2001-ci il, “Avropa” qəzeti

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button