Cəmiyyət

“Koronavirusla mübarizədə çatışmayan cəhətləri diqqətə çatdırmaq vətəndaşlıq borcumuzdur”-RÖVŞƏN RƏSULOV

“Azərbaycan dövləti və rəhbərliyi koronavirus pandemiyası ilə mübarizədə kifayət qədər lazımi addımlar atır və bundan sonra da atacaq. O cümlədən, Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında vurğulayıb ki, onun üçün əsas faktor vətəndaşların sağlamlıqlarının mühafizəsidir və ölkədə çoxsaylı modul tipli xəstəxanaların açılması, eyni zamanda bu istiqamətdə digər mühüm addımların atılması, müvafiq qərarların verilməsi də məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır”. Bu fikirləri Analoq.az saytına media eksperti, jurnalist Rövşən Rəsulov deyib.

“Bir sıra klinika və xəstəxanalar testlərin pullu şəkildə keçirilməsi qalsın bir yana, ona elə qiymətlər qoyurlar ki, hər vətəndaş bu qiyməti ödəmək imkanında olmur”

Ekspert koronavirus testləri ilə bağlı da fikirlərini açıqlayıb və xatırladıb ki, ölkədə pandemiya elan olunduqdan sonra məhz dövlət başçısının təşəbbüsü ilə COVID-19-la mübarizə üçün fond yaradıldı, müxtəlif şirkətlər, ayrı-ayrı vətəndaşlar fonda maliyyə yatırımları etdilər. “Söz yox ki, bu təşəbbüs uğurla həyata keçirildi və fond koronavirusla mübarizədə öz sözünü dedi, müəyyən problemlər aradan qaldırıldı və bu gün demək olar ki, infeksiyanın yayılmasına qarşı tələb olunan bütün zəruri tədbirlər reallaşdırılır, amma təəssüf ki, testlər baxımından bunu görmək mümkün deyil. Məsələn, bəllidir ki, dövlətin keçirdiyi koronavirus testləri ödənişsizdir. Buna görə isə, vətəndaşdan kimsə pul ala bilməz. Ancaq bir sıra klinika və xəstəxanalar testlərin pullu şəkildə keçirilməsi qalsın bir yana, ona elə qiymətlər qoyurlar ki, hər vətəndaş bu qiyməti ödəmək imkanında olmur. Əlbəttə, bu arzuolunmaz bir haldır və testlərin keçirilməsi üçün daha təkmilləşdirilmiş qaydalar qəbul edilməli, vətəndaşların istəklərinə uyğun hallar tətbiq olunmalıdır.

Əgər koronavirusla mübarizə aparılırsa, bu zaman testlər də pulsuz olmalıdır ki, sağlamlıqlarında müəyyən şübhələr hiss edən insanlar dərhal həmin testlərdən keçib, infeksiyanın yayılmasında iştirakçıya çevrilməsinlər. Hətta könüllü qaydada testdən keçmək istəyənlər də pulsuz testdən keçməlidirlər ki, həyatlarını şübhə altında yaşamasınlar, təlaş keçirməsinlər. Çünki mövcud vəziyyətdə insanların stress halında olmasını da unutmamalıyıq”.

“Müəyyən dövlət qurumları öz əməkdaşlarını daxili büdcələri hesabına testlərdən keçirirlər və bu əlbəttə ki, alqışlanası haldır, amma yerdə qalan, çalışmayan, ya da fərdi əməklə məşğul olan vətəndaşlarımız da nəzərə alınmalıdır”

“Bəli, məlumdur ki, Azərbaycana gətirilən testlər havayı deyil və onu bizə pulla satırlar, amma bu testlərin qiymətləri də baha ölçülmür, uzağı 10 ABŞ dolları həcmində”, deyə qeyd edən Rövşən Rəsulov hazırda bir testin 100 ABŞ dollarına tətbiq edilməsini doğru hesab etmədiyini bildirib: “Bu nə qədər doğru qərardır? Ayrı-ayrı şəxslərin bu məsələdə sözün əsl mənasında sui-istifadəçiliyə yol vermələri, özlərindən qiymət preyskurantı tətbiq etmələri yolverilməzdir və nəyə görə TƏBİB bu məsələdə mövqe ortaya qoymur? Düzdür, müəyyən dövlət qurumları öz əməkdaşlarını daxili büdcələri hesabına testlərdən keçirirlər və bu əlbəttə ki, alqışlanası haldır, amma yerdə qalan, çalışmayan, ya da fərdi əməklə məşğul olan vətəndaşlarımız da nəzərə alınmalıdır”.

“TƏBİB nəyə görə bu məsələyə yenidən münasibət bildirmir? İctimai nəqliyyat şirkətlərinin əməkdaşları, sürücülər nəyə görə belə şəraitin yaradılmasına imkan yaradırlar?”

Rövşən Rəsulov daha bir nüansa toxunub: “Bəllidir ki, TƏBİB ictimai nəqliyyatda sıxlığın yaşanmaması üçün xüsusi qaydaları tətbiq etdi. Əvvəl günlərdə avtobuslarda və s. nəqliyyatlardakı oturacaqlarda sosial məsafənin qorunması üçün lövhələr vuruldu, insanlar da buna əməl edirdilər. Ancaq indi buna ümumiyyətlə məhəl qoyan yoxdur. Yəni lövhələr olduğu halda, vətəndaşlar sosial məsafəni qorumurlar, üstəlik avtobuslarda sıxlıq müşahidə olunur. Bildiyimiz qədər bu qərar aradan qaldırılmayıb və belədirsə, TƏBİB nəyə görə bu məsələyə yenidən münasibət bildirmir? İctimai nəqliyyat şirkətlərinin əməkdaşları, sürücülər nəyə görə belə şəraitin yaradılmasına imkan yaradırlar? Təsəvvürünüzə gətirin ki, pik saatlarında insanlar bir-birinə yapışaraq gedirlər, bu isə potensial yoluxma halının sürətlə artmasına şərait yaradır. Məncə, bu məsələ yenidən diqqətə alınmalı, arzuolunmaz cəhətlər aradan qaldırılmalıdır. Əks halda, görülən böyük işlər, həyata keçirilən tədbirlər nəticəsiz qala bilər”.

“Əgər infeksiyadan qorunmaq üçün bizlər məsuliyyət hiss etməyən vətəndaşlarımıza iradlarımızı bildiririksə, demək ki, bu istiqamətdə məsul olan qurum və təşkilatların boşluqlarını da diqqətə çatdırmalıyıq”

“İnsan ümidsiz yaşaya bilməz və bizlərin hər birimiz bəşər övladını təhdid edən COVID-19-la mübarizədə öz təşəbbüslərimizi göstərməli, dövlətin yanında olmalı, dövlət rəhbərinin iradəsi altında birləşməli, həmrəyliyimizi ortaya qoymalıyıq”, deyən media eksperti əlavə edib ki, ictimai nəzarət funksiyası hər yerdə olmalıdır və çatışmayan cəhətlər diqqətə çatdırılmalı, müvafiq qurumlar da bu xüsusda məlumatlandırılmalıdırlar: “Əgər infeksiyadan qorunmaq üçün bizlər məsuliyyət hiss etməyən vətəndaşlarımıza iradlarımızı bildiririksə, demək ki, bu istiqamətdə məsul olan qurum və təşkilatların boşluqlarını da diqqətə çatdırmalıyıq. Bu, bizim koronavirusla mübarizədə həm də vətəndaşlıq borcumuzdur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button