Cəmiyyət

“Ramiz Mehdiyev – Əli Həsənov cütlüyü televiziya, qəzet və saytlar vasitəsi ilə xalqa əxlaqsızlıq, yaltaqlıq, tərbiyəsizlik aşıladılar”

“Əvvəllər də dəfələrlə yazmışdım ki, Azərbaycan xalqına son 20 ildə vurulmuş zərəri bir çoxları ancaq oğurlanmış pullarla əlaqələndirirlər. Mən isə bu gün də hesab edirəm ki, son 20 ildə bu xalqa vurulan ən böyük zərər onun ideoloji, siyasi, mənəvi cəhətdən çökdürülməsidir. Ramiz Mehdiyev – Əli Həsənov cütlüyü əllərində olan TV, qəzet və saytlar vasitəsi ilə uzun illər bu xalqa əxlaqsızlıq, satqınlıq, riyakarlıq, yaltaqlıq, tərbiyəsizlik aşıladılar. İstifadələrində olan əxlaqsız jurnalistlər, siyasətçilər vasitəsilə əxlaqsızları, tərbiyəsizləri bu xalqa qəhrəman kimi sırıdılar. Bu illər hakimiyyət tərəfindən təltiflər, mənzillər, fəxri adlar alan, ölkənin ən təminatlı şəxslərinə çevrilən də məhz belələri oldu, bu illər məhz belələrinin dəbdəbəli həyatlarından tutmuş lüt şəkillərinə qədər hər şeyləri Azərbaycan gəncləri üçün nümunəyə çevrildi. Birinci Qarabağ müharibəsinin şəhid ailələrini, əlillərini, iştirakçılarını isə zəlil vəziyyətə salıb onları dilənçi və cinayətkar kimi təqdim etdilər. Bu illər ərzində var gücləri ilə Qarabağı unutdurmağa çalışdılar. Məhz bu cinayətlərinə görə uzun illər imkanım çərçivəsində bunların əməllərini ifşa etməyə çalışdım, “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı kitabını” yazdım, Qarabağın unudulmaması üçün daim onun haqqında danışdım, keçən ilin başlanğıcından qarşımızdakı ilin Qarabağ probleminin həll edilməsində sonuncu şansımız olduğunu daim təkrarlamaqla hamını həlledici müharibəyə hazır olmağa çağırdım”. Analoq.az
KONKRET.az-a istinadən xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov qeyd edib ki, təxminən bir il əvvəl adı çəkilən şəxslərin vəzifələrindən azad edilməsi, bu günə qədər onlardan qidalananlar da daxil olmaqla hamının onların bəd əməllərini ifşa etməsi onu çox sevindirib: “Ordumuzun Böyük Vətən müharibəsindəki Şanlı Qələbəsi, az müddət ərzində Rusiya Prezidenti Vladimir Putinin 2 dəfə Dağlıq Qarabağ problemində Sumqayıt hadisələrinin xüsusi rolunun olmasını vurğulaması nə qədər düz olduğumu bir daha təsdiqlədi. Hesab etdim ki, bundan sonra hər şey dəyişəcək və bu günə qədər buraxılmış səhvlər təkrarlanmayacaq və biz hakimiyyətin elan etdiyi kimi bütün sahələrdə köklü islahatlara başlandığını görəcəyik. Bu gün isə görünən odur ki, artıq Ramiz Mehdiyev-Əli Həsənov olmasa da, köklü heç nə dəyişməyib. Əgər bu günlər Prezident Administrasiyasının şöbə müdirinin elan etdiyi kimi ayrı-ayrı siyasi, ictimai xadimlərin mənzil, ailə-məişət problemlərinin həllini islahat sayırsınızsa, bunu sizin sələfləriniz Ramiz Mehdiyev – Əli Həsənov sizdən yaxşı bacarırdı və bunun adı islahat yox, satınalmadır. Təbliğat-təşviqat sahəsində əvvəlki əməllər davam etdirilir. Bu illər ərzində xalqın nifrət obyektinə çevrilmiş, müharibə dövrü susan şəxslər, şou əhli yenidən TV ulduzlarına çevrilib, hamıya əxlaq, mərdlik, qəhrəmanlıq dərsi keçirlər. Vətən Müharibəsində misilsiz mərdlik, qürur, Vətənə təmənnasız  məhəbbətini göstərmiş əsgər və zabitlərimiz xalqa dilənçi, ələbaxan kimi təqdim edilir. Vətən Müharibəsində igidlik göstərmiş əsgər və zabitlərimiz, sanki, hakimiyyət tərəfindən unudulub, ayrı-ayrı biznes strukturlarının və iş adamlarının ümidinə qalıb.

Müharibə dövrü reklamsız fədakarlıq göstərən jurnalist, ictimai fəallar görməzliyə vurulub, əvəzində ucuz şou göstərənlər qəhrəman kimi təqdim edilir. Koronavirusdan əziyyət çəkən xalq, hərtərəfli öz ümidinə buraxılıb. Müharibədən əvvəl elan edilən Iislahat proqramları isə heç xatırlanmır. Heç bir yerdə, işdə  təşkilatçılıq görünmür. Sanki hamı, xüsusilə hakimiyyət rəsmiləri hələ də Qələbə eyforiyasından ayılmayıb, qarşıda bizi gözləyən çətinlikləri görmür. Əminəm ki, bu yanaşma tərzi ilə tez bir zamanda Qələbə eyforiyasını cəmiyyətdə yaranan, hakimiyyət hərisləri və qonşu dövlətlər tərəfindən qızışdırılan gərginlik əvəz edəcək. Bu gedişlə siz, sələfləriniz kimi 20 il yox, heç 20 ay da davam edə bilməyəcəksiniz, çünki qarşınızda bu dəfə 1990-cı illərin məğlub xalqı yox, 2020-ci ilin Qalib Xalqıdır! Müharibə dövrü susan canlılar indi yenidən diriliblər və son  günlər özüm, ailəm haqqında böhtan, murdarlıq püskürürlər. Oğlanlarımla bağlı olan böhtanlar heç bir əndazəyə Sığmır. Siz 2 oğlumu nə vaxt, nə üçün və haralardan Vətənə dəvət etdiyimi yəqin ki, hamıdan yaxşı bilirsiniz. Onların 44 günlük müharibə dövrü Azərbaycanda Müharibə üçün hansı işlər gördüklərindən də xəbəriniz var. Əgər yoxdursa, onda sizin dövlətdən də xəbəriniz yoxdur və əziyyət çəkib maraqlanın, onlar haqqında deyilənləri balalarınız üçün qəbul etmək istəmirsinizsə, olanları açıqlayın, qoy gerçəkliyi hamı bilsin.

Özləri murdar, əxlaqsız, ailələri əxlaqsızlıq yuvası olanlar mənim ailəmi və balalarımı murdar dillərinə almasınlar! Dəqiq bilirəm ki, bu gün də bu murdarları siz maliyyələşdirirsiniz, siz himayə edib qoruyursunuz, belələrinin məsuliyyətə alınmasının qarşısını da siz alırsınız. Ona görə də bəzi şeyləri xatırlatmağa məcburam. Bu günə qədər də haqqımda qanunsuz olaraq çıxarılmış 3 ittihamedici hökm hələ də qüvvədədir. Bu gün Azərbaycanda 3 dəfə məhkum olunmuş yeganə hüquqşünasam. Bundan başqa, Avropa İnsan Haqları Məhkəməsi 7 mart 2020-ci tarixdə vəkillikdən çıxarılmağımı qanunsuz saysa da hələ də Vəkillər Kollegiyasına bərpa olunmamışam. Bu günə qədər haqqımda olan haqsızlıqları Ramiz Mehdiyev və Əli Həsənovun etdiyini düşünürdüm. Bu gün bunu kimlər edir bilmirəm, ancaq haqqımda olan haqsızlıqların yenə də davam etdiyini aydın görürəm. 31 ildir Azərbaycana gəlmişəm və bu müddət ərzində heç vaxt özümün, ailəmin maddi vəziyyətini düşünməmişəm, var-dövlət toplamamışam, haqsızlıq etməmişəm, vəzifədə olarkən rüşvət almamışam, bəlkə də yeganə vəkiləm ki, haqqımda bir nəfər də müştəri şikayət etməyib, əksinə həmişə hörmət edilən vəkil olmuşam.
Müharibə dövrü gün ərzində 4-5 saat yatmışam, “Facebook”, “İnstagram”, “Twitter” səhifələrindəki yazılarımdan başqa Türkiyənin, İsrailin, Ukraynanın, Gürcüstanın TV-lərinə Azərbaycan mövqeyini müdafiə edən çoxlu sayda müsahibələr vermişəm, rus, erməni, gürcü dillərində müvafiq müraciətlər ünvanlamışam. Rus dilində olan tək bir müraciətimə 1 milyona yaxın insan baxıb, əsasən də Rusiya vətəndaşları. Müharibə dövrü yalnız sosial şəbəkələr üzərindən həftə ərzində izləyicilərimin sayı 10 milyondan artıq olub. Bu göstərici heç bir informasiya agentliyində olmayıb desəm, yanılmaram. Etdiklərimin dövlətçilik üçün nə qədər faydalı olduğunu əminəm ki, yaxşı bilirsiniz. Bunları sizə minnət qoymaq üçün yazmadım, çünki sizi kimilər dövlət, vətən nə olduğunu məni kimi qəbul etmirsiniz, ona yem yeri kimi baxırsınız. Əgər yenidən hər şey təkrarlanarsa, yenə eyni cür davranaram, çünki bunları dövlətim, vətənim üçün etmişəm. Bir daha təkrar edirəm, etdiyim heç nəyə görə peşman deyiləm, əksinə etdiklərimdən qürur duyuram. Tam səmimi deyirəm ki, bu təqiblərə, təhqirlərə bu gün də məruz qalmağımın səbəbini hələ də tam bilmirəm. Bəlkə Azərbaycanda dürüst olmaq, dövləti, vətəni sevmək, ona təmənnasız xidmət etmək, şərəf və ləyaqəti hər şeydən uca tutmaq suçdur, mən onu bilmirəm. Əgər belə deyilsə, səlahiyyətləriniz çərçivəsində haqqımda olan haqsızlıqları aradan qaldırın. Yox, bunun üçün kimlərdənsə xahiş edib minnət götürəcəyimi, qarşılarında gözükölgəli olacağımı gözləyirsinizsə, səhv edirsiniz. Bu heç vaxt olmayacaq. Bunu sizin sələfləriniz bacarmadısa, siz də bacarmayacağınızdan əmin olun. Şəxsiyyətimi qoruyan birisiyəm. Başqaları kimi şəxsim, ailəm haqqında olan təhqirləri görməzliyə vura bilmirəm və bunu etmək fikrində də deyiləm. Bir də mənim səbrim böyükdür, çünki nə üçün, nə etdiyimi bilirəm və Uca Allaha inamım sonsuzdur. Sadəcə sizlərə də sələfləriniz getdiyi yolu getməyi məsləhət bilmirəm, çünki aqibətiniz onlardan da pis olacaq! Uca Allah Azərbaycanı qorusun!”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button