Cəmiyyət

“Dövlət tərəfindən Sumqayıta pul ayrılmayıbsa, bu qədər bahalı layihələri Zakir Fərəcov hansı pulla əmələ gətirib?”-İŞ ADAMI

Ötən yazımızda iş adamı Müqayis Verdiyevin Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı fikirlərini dərc etmişdik. Fərəcovun ünvanına bir sıra ittihamlar səsləndirən sahibkar, 4 ildir gördükləri işin müqabilində pullarını ala bilmədiyini vurğulamışdı. Onu da qeyd etmişdik ki, iş adamı ilə söhbətimizin davamını dərc edəcəyik.Müqayis Verdiyev JAMAZ.İNFO-ya bildirib ki, 4 il ərzində təkcə o yox, digər şəxslər də döymədikləri qapı qalmayıb. Onun sözlərinə görə, dəfələrlə Prezident Admnistrasiyasında olublar və onlar məsələni araşdıracaqlarına söz veriblər.

“Biz bütün sənədləri təqdim etmişik. Zakir Fərəcovun bizə qarşı etdiyi qanunazidd hərəkətlərini əks etdirən dəlil və sübutları da vermişik. Söz veriblər ki, məsələni müsbət şəkildə həll edəcəklər. Lakin görünən odur ki, Zakir Fərəcov heç kimdən çəkinmir. Əgər çəkinsəydi bu qədər qanunsuzluğa davam etməzdi”.

İş adamı qeyd edir ki, Zakir Fərəcov onlarla görüşündə dövlətin ona pul ayırmadığını, Sumqayıtda bütün işləri öz puluyla etdiyini söyləyib.

“Mənə maraqlıdır, əgər dövlət tərəfindən Sumqayıta pul ayrılmayıbsa, bu qədər bahalı layihələri Zakir Fərəcov hansı pulla əmələ gətirib? Təkcə, Dənizkənarı Bulvarın smeta dəyəri 100 milyon manata yaxındır. Bir icra başçısında bu qədər pul hardandır? Əgər bu qədər pulu varsa, şübhəsiz,

Fərəcov onu düzgün yollarla əldə etməyib. Aydın məsələdir ki, Zakir Fərəcov dövlətdən pul ayrılmaması ilə bağlı dedikləri ağ yalandır. Bu adam dediyim kimi, super yalançıdır. Hər cür dona girir ki, sahibkarların pulunu verməsin”.

Verdiyev vurğulayır ki, Zakir Fərəcovun əyri yollarla pul qazanması sirr deyil. Hətta bunun üçün icra başçısının özünün xüsusi vasitələrinin olduğunu da iddia edir. “Sumqayıt bulvarının bütün işlərini biz görmüşük.

Amma sonradan məlum oldu ki, həmin işlər adı var, özü yox, həm də yaxın adamlarının adına yaradılmış şirkətlərin adına yazılıb. Məqsəd də ayrılmış pulu nağdlaşdırmaq idi və bunu da edib. Sonuncu belə əməliyyatlardan biri də Sumqayıt Bulvarının tikintisinə 3,7 milyon manat pulun ayrılmasıdır.

Həmin pul Zakir Fərəcovun müavini Gündüz Əliyevin bacısı oğlanlarının adına yaradılmış şirkətə köçürülüb. Fərəcov da həmin pulla oğluna Bulvarda “Paseydon” adlı restoran tikdirib. Bu adam o qədər arxayındır ki, oğlu prokuror olduğu halda və qanunla bizneslə məşğul olması qadağan edildiyi halda restoranı onun adına sənədləşdirib.

Sahibkarlardan pul yığılması, iş adamlarının pulunu kəsmək də bir ayrı məsələdir və onun əziyyətini çəkənlərdən biri də bizik”.
Sahibkar deyir ki, Sumqayıtın icra başçısının pul məsələlərinə İcra Hakimiyyətinin tikinti və memarlıq idarəsinin müdiri Adil Xudadatov baxır. “Bu adam vaxtıyla “Kamaz” sürücüsü olub.

Abşeronda işləyəndə də Zakir Fərəcovun xeyli pulunu mənimsəmişdi, hətta deyilənlərə görə, bu əməlinə görə 15 sutka həbsdə yatıb. İndi Adil Xudadatov necə, hansı yolla Sumqayıtda vəzifəyə gətirilib, bəlli deyil. Bəlli olan odur ki, bu adam hər gün şəhərdə daşı-daş üstə qoymaq istəyənlərin başının üstünü kəsdirir ki, pul yığsın.

Zakir Fərəcov onu sahibkarların, ev tikənlərin, balkonunu təmir etdirənlərin üstünə göndərir ki, pul yığıb gətirsin.

Axı, Adil Xudadatov kimdir ki, sahibkarlardan xərac toplayır? Nə haqla, hansı qanunla pul yığır? Şəhərdə təmir-tikinti işləri aparan şirkətlərə pul aparan da Adildir. Məgər dövlətin bankı, bank hesabı yoxdur ki, iş görənlərə pul nağd şəkildə verilir? Qayda var, qanun var, köçürmə üsulu var. Lakin Zakir Fərəcov üçün bunların heç bir əhəmiyyəti yoxdur. Adil Xudadatovu verib qabağa, onun əliylə Sumqayıtda pul yığdırır, özü də qanunsuz olaraq”.

Müqayis Verdiyev onu da bildirir ki, Zakir Fərəcov bütün iş adamlarına deyir ki, pulu Adil Xudadatov verəcək. “Niyə? Axı, Adil Xudadatov hansı səlahiyyətin sahibidir ki, maliyyə işləri ona həvalə olunub? Biz bank hesabımıza köçürmə yolu ilə pulu ala biləcəyimiz halda, Adil niyə onu nağd şəkildə təqdim etməlidir? Təbii ki, Zakir Fərəcovun məqsədi ayrılan pulu nağdlaşdırıb, özünə götürməkdir. Sahibkarları da Adilin əliylə yığdırdığı pullarla sakitləşdirib, işdən qazanclı çıxmağa çalışır”.

Sahibkar sonda onu da deyir ki, Zakir Fərəcov həbs olunan həmkarlarının aqibətindən nəticə çıxarmalıdır. “DTX yarım ilin içində 5 icra başçısı həbs edib. Hamısı rüşvət aldığına, qanunsuzluq etdiyinə görə həbs olunublar.

Zakir Fərəcov köhnə həmkarlarının aqibətini gözünün önünə gətirsin və ibrət alsın. Günün birində onu da qandallayıb, həbs edəcəklər. Çünki bu qədər qanunsuzluq yerdə qalmaz. Bunca insanın haqqını yemək, bunca insanı incitmək, hədələmək, qorxutmaq cavabsız qalmaz. Əminəm ki, dövlət Zakir Fərəcovun törətdiyi əməllərə qiymət verəcək və onun özbaşınalığına son qoyacaq”.

Analoq.az

Daha çox
Back to top button
Close