Şou

“İlhamə Quliyeva, onun ətrafları Hacı Məmmədovun adını mənim yanımda başladılar çəkməyə”-Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova ilk dəfə olaraq vaxtilə keçmiş polis polkovniki Hacı Məmmədovla adının birgə hallandırılması məsələsinə aydınlıq gətirib.Milli.Az xəbər verir ki, xanım sənətçi Tarix Əliyevin (Tolik) rəsmi YouTube kanalında “Tolik ilə səmimi” verilişində bir zamanlar Hacı Məmmədovla münasibətinin olduğu barədə deyilənlərin şayiədən başqa bir şey olmadığını bildirib.

Xalq artisti ona bu iftiranın atılmasında mərhum İlhamə Quliyevanın “rolunu” xüsusi qeyd edib:

“Vaxtı ilə həbs edilən Hacı Məmmədovla adım hallandırılırdı. İş orasındadır ki, hökumətimiz hər şeyi çox gözəl bilir. Bu işlə əlaqədar olaraq hökumətimiz mənə bir dənə də sual vermədi. Çünki qulağına yemir çörəyi. Hökumət hər şeyi çox gözəl bilir. Amma İlhamə Quliyeva kimi insanlar, indi o nahaq dünyadadır. Əslində, belə baxanda biz haqq dünyasındayıq.

Mən inanıram ki, o, nahaq dünyadadır. Çünki həmişə nahaq danışıb. İlhamə Quliyeva, onun ətrafları məhz o adamın (Hacı Məmmədov) adını mənim yanımda başladılar çəkməyə.

Ömrümdə tanımadığım, kəlmə kəsmədiyim, danışmadığım, toylarını oxumadığım… Həyatda ən qorxulu şey kiminsə babalını yumaqdır. Sən şəri-böhtanı atanda mənim həyatda kəlmə kəsmədiyim insana deyirsən ki, “3 il bilirsiniz də…”. Ağzım açıq qalıb e. Niyə 3 il? Niyə 2 il yox, 1 il yox 3 il yox, 5 gün yox? Bu 3 ili haradan çıxartmısınız? Sən harada bunu görmüsən? Yaxşı, bu dılğırlar aydın məsələdir, onlar axmaq adamlardır, danışırlar. Bəs bu maqazin proqramında?

Mən çox gözəl bilirdim ki, İlhamə yaşlı adam idi, qoyaq bir qırağa, ona elə suallar verirdilər ki, o elə cavab verirdi. Kamera qarşısında çıxırdı özündən. Mən o qədər həssasam ki, bu söhbətlərə, bu şərə, böhtana, o qədər doymuşam”.

Qeyd edək ki, 2005-ci ilin mart ayından Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və kriminal dəstə başçısı Hacı Məmmədovun bandası ifşa edilərək həbs edilib.

İstintaqın gedişində bəlli olmuşdu ki, de-fakto H.Məmmədova məxsus olan Qusar rayonunda yerləşən məşhur “Qarabulaq” istirahət mərkəzində dəhşətli hadisələr baş verib – Hacı qətlə yetirdiyi adamların bir neçəsini orada basdırıb, bir neçə qurbanını məhz orada qətlə yetirib.

Xalq artisti İlhamə Quliyevanın adı Hacı Məmmədovla ən çox hallanan məşhurlardan idi. Mərhum sənətkar polis polkovniki ilə dostluğunu özü də təkzib etmirdi, ancaq “qara işlər”indən xəbərsiz olduğunu vurğulayırdı.

Hacı Məmmədovun daha bir “qurbanı”nın Xalq artisti Brilliant Dadaşova olduğu deyilirdi. Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində onunla birgə fotosu yayılmış müğənni Eyyub Yaqubovun da adı hallanmışdı. İfaçının H.Məmmədovun “dost” siyahısına düşməsinə səbəb də məhz həmin foto olmuşdu. Eyyub Yaqubov özü isə bu barədə açıqlama verməkdən yayınmışdı.

Hacı Məmmədovla yanaşı adı çəkilən digər müğənni isə Manana Çaparidzedir. Çaparidzenin də adının hallanmasına məhz 2006-cı ildə Hacı Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdiyi fotolar səbəb olmuşdu. Eyyub Yaqubovdan fərqli olaraq M.Caparidzeyə H.Məmmədovun “Mercedes” markalı avtomobil hədiyyə etdiyi də iddia edilirdi. Əməkdar artist Mətanət İsgəndərlinin adı keçmiş polis zabiti Hacı Məmmədovla yanaşı da çəkilib.

Hacı Məmmədov həbs olunandan sonra o dövrün bir sıra gündəlik qəzetlərində müğənni Mətanət İsgəndərlinin Hacı Məmmədovla şəkilləri dərc olunsa da, Mətanət İsgəndərli indiyə kimi bu barədə heç nə deməyib.

Xatırladaq ki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov 2017-ci il dekabrın 3-də saxlanıldığı 3 saylı cəzaçəkmə müəssisəsində kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asaraq intihar edib.Məhəmməd Vaqif Milli.Az

Analoq.az

Daha çox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close