Yazarlar

QHT ictimai nəzarəti necə təmin edə bilər?

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı cavab vermək çətindir. Azərbaycan cəmiyyətində  QHT-lər haqqında, bu sahənin mahiyyəti ilə bağlı  fikirlər xeyli dərinləşib. Mövcud pandemiya şəraitinə baxmayaraq, dünyada gedən proseslər, ölkə daxilində davam edən qaçılmaz islahatlar, kadr dəyişikliyi QHT sisteminin təmərkürləşməsini özündə ehtiva edir.

İctimai sektorun bu vaxta qədər davam edən fəaliyyətinə kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaq Azərbaycanda QHT-lərin bir çoxu cüzi maliyyə ilə kifayət qədər əhəmiyyətli işlər görüblər. Prezident yanında QHT-yə  Dövlət Dəstəyi Şurasının layihələrinə diqqət yetirsək görərik ki, Azərbaycanda QHT-lər nə qədər fədakarlıq göstəriblər. Bəlkə də hər hansı nazirliyin böyük məbləğdə vəsait hesabına görəcəyi işi QHT-lər az bir maliyyə ilə icra ediblər. Hətta həmin layihənin hesabatı ictimaiyyətə təqdim olunub.

Lakin bu, sahədə çox ciddi problemlər qakmaqdadır. Niyə görə QHT ictimai nəzarəti təmin edə bilmir? Bunun bir sıra səbəbləri var. Bunlardan biri maliyyə çatışmazlığıdır. Əgər QHT hər hansı dövlət strukturuna müraciət edərək bildirsə ki, pul ver sənin fəaliyyətini monitorinq edim, ictimai nəzarəti təşkil edim. Bu normal hal olmaz. Hətta QHT-nin belə məqamda ictimai nəzarəti necə təşkil edəcəyi ilə bağlı suallar yaranacaq. Bəs, onda bu vəsaitləri QHT haradan tapsın.

Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi problem olaraq qalmaqdadır.
Pandemiyaya qədər çağdaş dünyada, xüsusilə, Avropa məkanında yardımlaşma, xeyriyyəçilik işi kifayət qədər  inkişaf etmişdi. Bəs,  həmin müsbət ənənələr bizdə niyə inkişaf etmir?  Bu məsələ üzərində  düşünmək lazımdır.

Biz qht təmsilçisi olaraq dəfələrlə “İctimai iştirakçılıq haqqında” qanunu əsas tutaraq bir çox nazirliklərə, özəl şirkətlərə əməkdaşlıq üçün məktubla müraciət etmişdik. Təəəssüf ki, cavab məktubu ala bilmirik. Mənim təklifim ondan ibarətdir ki, bir çox sənədlərdə, o cümlədən “İctimai iştirakçılıq haqqında” qanunda həm dövlət qurumlarının, həm də özəl şirkətlərin bu proseslərə necə cəlb olunması və qanunlara əməl etməyən hər hansı tərəfin məsuliyyəti açıq şəkildə göstərilməlidir. Xahiş, minnətlə deyil, qanunların icra mexanizminin tapılması ilə bu məsələni çozmək olar.

Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bu sahədə mövcud olan qanunları təkmilləşdirməklə bərabər  ən azından ictimai qınaq mexanizminin dərinləşməsi barədə düşünmək olar. QHT-lərlə fəal şəkildə əməkdaşlıq etməyən,  heç bir xeyiriyyə aksiyalarına qoşulmayan  özəl şirkətlərin, bəzi rəsmi qurumların etinasızlığı barədə ictimaiyyətə məlumatlar təqdim etmək lazımdır. Onu da  unutmaq olmaz ki, bu gün maliyyə  çevrəsini genişləndirməklə QHT-nin potensialından düzgün istifadə etmək  ən məqbul variantdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dəfələrlə öz çıxışlarında ictimai nəzarətin təşkili ilə bağlı cəmiyyətə çağırış edib.
Dövlət başçısının islahat kursuna, yeni qurulan idarəetmə modelinə dəstək olmaq, cəmiyyətdə şəffaflığa töhfə vermək, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli davam etməsi üçün QHT iqtisadiyyatı formalaşmalıdır.

Müşahidələr onu göstərir ki, ötən dövrlərdə QHT sahəsinə kütləvi axın,  kim gəldi, necə gəldi təşkilat yaratması, bir sözlə “QHT bumu”  heç də  uğurlu variant olmayıb. Bəzi şəxslər qazanc götürmək məqsədilə  öz yaxınlarının, tanışlarının adlarına  xeyli sayda QHT  yaradıblar. Eyni şəxslərə məxsus olan  həmin təşkilatlar müxtəlif yerlərdən  maliyyə vəsaitləri əldə etsə də ortada ciddi nəticə və hesabatlılıq  görünmür.

Azərbaycan cəmiyyəti belə  QHT-lərdən  qurtulmalıdır. QHT-yə  Dövlət Dəstəyi Şurasının qrant müsabiqələrinə təqdim olunan  layihələrdə  layhənin peşəkar hazırlanması ilə  bərabər layihə rəhbərinin bütün  keyfiyyətləri nəzərə alınmalıdır. Elə insanlar var ki, onlar bir neçə  vəzifədə çalışırlar. Onların QHT-də çalışmağa zamanı yoxdur. Ancaq yenə həmin şəxslərin adlarını  qrant müsabiqəsinin qaliblərinin siyahısında görmək mümkündür.Təbii ki, heç kimə qadağa qoyub demək olmaz ki, sən layihə təqdim etmə və yaxud təşkilat yaratma. Ancaq hər şeyin  bir əndazəsi olmalıdır.

Yazılarımızda dəfələrlə bunu qeyd etmişik. QHT-yə  Dövlət Dəstəyi Şurası   səmərili iş görən və  görmək gücündə olan QHT-lərlə uzun müddətli tərəfdaşlığa start verməlidir. Yəni  Şura  tərəfindən həmin təşkilatlara müsabiqədən kənar  müxtəlif sahələr üzrə sifarişlər verilə bilər. Etibarlı tərəfdaşlar arasında bu çox normal hal olar. Unutmaq olmaz ki, QHT sahəsinə yatırılan sərmayələr, vəsaitlər bu sistemdə çalışan insanların varlanmasına deyil, bu, əslində cəmiyyətin inkişafına, dolayası ilə həmin maliyyənin dövlət büdcəsinə yenidən qayıdışına xidmət edir.

Yekunda mənim qənaətim belədir ki, Azərbaycanda müxtəlif beyin mərkəzləri, tədqiqatla məşğul olan rəsmi strukturlar QHT sektorunun potensialını düzgün dəyərləndirməlidir. Dövlətin yeni qurulan idarəetmə sistemində, ictimai nəzarətin təşkilində, informasiya müharibəsinin daha peşəkar səviyyədə davam etməsində və digər sahələrdə QHT sahəsində çalışan imanlı və dürüst insanların intellektual potensialından faydalanmaq lazımdır.

Əkrəm Bəydəmirli
Analoq.az

Daha çox
Back to top button
Close