Elm və təhsil

Azərbaycanda fəaliyyət göstərən universitetlərin diplomları işləmək üçün yetərli deyil

Bu gün sizə Azərbaycanda fəaliyyət göstərən universitetlərin diplomlarının heç bir işə yaramadığından bəhs etmək istəyirəm. 11 il ağır şərtlər altında orta məktəb oxuyub, bir neçə ağır imtahan verdikdən sonra nəhayət attestat alırsan. Ağır şərtlər nəyə görə dedim izahını verim. Şagirdlərin oxuduğu 11 il ərzində tədris olunan dərsliklərdə qəliz mövzular və ciddi qüsurlar yer aldığı üçün şagirdlər onları oxuyanda başa düşmürlər, buna görə də dərs bitdikdən sonra repetitor yanına hazırlığa getməli olurlar. Beləcə uşaqlıq çağlarını Azərbaycan təhsilinin çətinliklərinə qurban verib, oxuyub, imtahanlardan keçib attestat almaq üçün çalışırlar. İş bununla bitmir. Attestatı aldıqdan sonra universitete qəbul olmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi çətin imtahanları müvəffəqiyyətlə keçməlidirlər. Keçən keçir, keçməyənlərin də bəziləri valideyinlərinin sərt tələblərini yerinə yetirə bilmədikləri üçün intahara əl ataraq ən gözəl çağlarını yaşamadan bitirirlər. Universitetə qəbul olanların bəziləri isə 4 il oxuduqdan sonra yenidən imtahan verib magistraturaya qəbul olmaq üçün dəridən qabıqdan çıxmalı olurlar. Nəhayət oxuduqları universitetlərin diplomlarını əldə edən tələbələr, İş üçün dövlət orqanlarına və özəl sektorlara müraciət edirlər. Dövlət orqanları və özəl sektorlar işə qəbul üçün müraciət edən şəxslərdən universitet diplomundan əlavə sertifikatlar və iş təcrübəsi tələb edirlər. Yazıq tələbə işləmədən iş təcrübəsini harda toplasın? Gərək bir işə götürəsiniz ki, təcrübə toplasın da. Nə isə, keçək tələb edilən sertifikatlara. Bu sertifikatlardan biri də dövlət qulluğunda işləmək üçün tələb edilir. Həmin sertifikatı almaq üçün yenidən Dövlət İmtahan Mərkəzində müsabiqədən keçmək məcburiyyətində qalırlar. Müsabiqə test imtahanından və müsahibə mərhələsindən ibarət olur. Dövlət qulluğuna qəbul zamanı test mərhələsində iştirak ödənişli əsaslarla həyata keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçdikdən sonra həmin şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatı aldıqdan sonra işləmək üçün yenidən dövlət orqanlarına müraciət etməli olurlar. Bundan sonra da iş qalır Allahın ümidinə boş yer yaranarsa, işçiyə ehtiyac olarsa, işə götürərlər ya da ki, ömrünün yarısını sərf edib aldığın kağız parçalarını aparıb evin bir küncünə atıb başının çarəsinə baxmalısan. Ortaya belə bir sual çıxır. Əgər dövlət orqanlarında və digər sahələrdə işləmək üçün yenidən imtahan verib sertifikat əldə edilməlidirsə, universitetlərə daxil olmaq üçün və daxil olduqdan sonra diplomu alıb universiteti bitirənə qədər keçirilən imtahanlar kimə və nəyə lazımdır? Belə çıxır ki, Dövlət verdiyi təhsili və verdiyi diplomu şübhə altına alır? Bu cür absurd fikirlər kimlərin beyninin məhsullarıdır? Təəssüf olsun ki, hər zaman olduğu kimi suallar çox, cavab yox.
Tural Qoca
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 5 Ortalama: 3.6]

Back to top button