Yazarlar

Məhəmməd mirzə Qəhrəman: Mədhiyyədən mənəviyyata qədər yol

Şərq şairləri istibdadın, cəhalətin, nadanlığın hökm sürdüyü mühitdə dünyaya göz açıblar. Ya zəngin çağlayan saray bucağını, ya yarımqaranlıq mədrəsə küncünü, ya da səfil-sərgərdan səfər yolunu tutublar. Bəxti gətirən özünə gün-dirlik qura bilib. Bəxti gətirənlərdən biri…

Məhəmməd mirzə Qəhrəmanın ulu babası Fətəli şahın altıncı оğlu Həsənəli mirzədir. Şücaəssəltənə ləqəbi, Şikəstə təxəllüsü ilə tanınırdı.

Həsənəli mirzə Murtuzaqulu xan Qоvanlı-Qacarın qızı ilə, İbrahim xan Dəvəli-Qacarın qızı ilə, İshaq xan Türbətinin qızı ilə, Qumlu bir xanımla ailə qurmuşdu. Hülaku mirzə, Ərqun mirzə, Оqtayqaan mirzə, Abaqaqaan mirzə, Manqu mirzə, Əbusəid mirzə, Qəhrəman mirzə adlı оğlanları, Əxtərüssəltənə xanım adlı qızı vardı.

Həsənəli mirzənin yеddinci оğlu Qəhrəman mirzə Şiraz şəhərində anadan оlmuşdu. Anası İshaq xan Türbətinin qızıdır. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü.

Qəhrəman mirzənin törəmələri Qəhrəman və Şücaniya soyadını daşıyırlar.

Qəhrəman mirzənin Məhəmməd mirzə adlı oğlu vardı.

Məhəmməd mirzə Qəhrəman mirzə oğlu Şiraz şəhərində doğulmuşdu.

Məhəmməd mirzənin Məhəmmədrza mirzə, Məhəmmədsadıq mirzə adlı oğlanları vardı.

Məhəmmədrza mirzə Məhəmməd mirzə oğlu Xorasanda dünyaya gəlmişdi. Mükəmməl təhsil almışdı. Xorasanda, Məşhəd və Türbəti-Heydəriyyədə müxtəlif idarələrdə çalışmışdı.

Məhəmmədrza mirzə Qəvaməssəltənə Xorasanda olarkən onun müavini və sağ əli olmuşdu. Seyid Ziya Təbatəbai və Rza xan Sipəh tərəfindən tutulmuşdu.

Məhəmməd mirzənin ikinci oğlu Məhəmmədsadıq mirzə Şiraz şəhərində anadan оlmuşdu. Türbəti-Heydəriyyə şəhərinə köçmüşdü.

Məhəmmədsadıq mirzənin Məhəmməd mirzə, Hüseyn mirzə adlı oğlanları vardı.

Məhəmməd mirzə Məhəmmədsadıq mirzə oğlu Qəhrəman 1 iyul 1929-cu ildə Türbəti-Heydəriyyə şəhərinə bağlı Əmirabad kəndində anadan olmuşdu. Beş yaşında ikən anasını, on altı yaşında isə atasını itirmişdi. Böyük bacısının himayəsində təhsil və tərbiyə almışdı. Orta təhsilini Məşhəd şəhərində və Əlburz litseyində almışdı. Sonra Tehran Universitetinə qəbul olmuşdu. Universitetin hüquq fakültəsini bitirmişdi. O, hüquqdan çox ədəbiyyata meyl edirdi.

Məhəmməd mirzə Qəhrəman şair idi. Klassik üslubda şeirlər yazırdı. Hind üslubunu (Səbki-hindini) seçmişdi. Moğollar mədəniyyətinin yayılmasından sonra bu üslub bütün Yaxın Şərq xalqlarının ümumi sərvətinə çevrilmişdir. İran, türk, əfqan və digər xalqların ədəbiyyatları məhz bu üslubdan bəhrələnmişlər. Ürfi Şirazi, Nəziri Nişapuri, Zühuri Turşizi, Talib Amuli,­Kəlim Kaşani kimi şairlərin yaradıcılığında inkişaf edən bu üslub böyük­Azərbaycan şairi Saib Təbrizinin şeirlərində kamillik səviyyəsinə çatmışdır.

Farsdilli poeziyada meydana çıxmış bu yenilik “sadəcə formanın mürəkkəbləşməsindən ibarət deyildi, savadlı şəhər təbəqələri mühitində yeni ideya-bədii istiqamətlərin nəticəsi idi. O, yüksək həyat həqiqətinivə daxili dramatizmini itirmiş­ ənənəvi saray mədhiyyə poeziyasına cavab kimi meydana çıxdı.

Məhəmməd mirzə Qəhrəman ədəbi inkişaf yolu müasirlərinin çoxlarından fərqlidir. O, ictimai şüurun meydana atdığı, insanı düşündürən hər bir məsələni, hər bir faktik hadisəni ədəbiyyatın, bədii təfəkkürün obyektinə çevirmişdi.

Məhəmməd mirzə Qəhrəmanın şeirlərində kədər, qüssə və pərişanlıq hiss olunsa da, fərdi hisslərin deyil, ictimai hisslərin təsviri başlıca yer tutur.

Məhəmməd mirzə Qəhrəman əmisi nəvəsi Firiştə xanım Qəhrəmanla ailə quraraq, 1960-cı ildə Məşhədə yerləşdi.

Məhəmməd mirzə Qəhrəman 1961-ci ildə təqaüd yaşına qədər Firdovsi adına Universitetin ədəbiyyat fakültəsinin kitabxanasında çalışmışdı.

Məhəmməd mirzə Qəhrəman həmin dönəmdə evində ədəbi dərnək yaratmışdı. Hər həftənin cümə günü Xorasanın şairləri onun evinə yığışırdılar.

Məhəmməd mirzə Qəhrəman bir neçə divanın müəllifidir. Qəzəllərindən ibarət kitabları dərc olunub.

Məhəmməd mirzə Qəhrəman ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdi. Qədim şairlərin kitablarını tərtib etmiş, çapa hazırlamışdı. Bu şairlərin arasında Saib Təbrizi, Meyli Məşhədi, Hacı Məhəmmədcan Qüdsi Məşhədi, Daniş Məşhədi, Kəlim Həmədani, Seydi Tehrani, Salim, Nazim Hərəvi, Qüdsi, Kamal kimi söz nəhəngləri var.

Məhəmməd mirzə Qəhrəman 18 may 2013-cü ildə xərçəng xəstəliyindən vəfat edib. Vəfatına görə İranın dini lideri Xamneyi başsağlığı vermişdi.

Məhəmməd mirzə Qəhrəmanın adına Tehran şəhərində küçə var. Məşhəddə heykəli qoyulub.

Məhəmməd mirzə Qəhrəman Firiştə xanımla ailə qurmuşdu. Ruzbeh mirzə, Məhəmmədrza mirzə adlı oğlanları var.

Məhəmməd mirzə Qəhrəman ruhlu, tərbiyə verməyi sevən əxlaq üzərində çox düşünən şairdir. Yaşadığı mühitin, həyatın dərinlərinə vardıqca, qüvvətli müşahidəsini davam etdirdikcə, yalnız İran deyil, bütün islam Şərqi ilə tanış olduqca məktəbə, tərbiyəyə, ümumən əxlaqi vərdişlərin islah və inkişafına olan ehtiyacın kəskinliyini duyurdu. O, duyğular şairi idi…

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Analoq.az

Daha çox
Back to top button
Close