Yazarlar

Adam aktyor-aktyor adam-Mirzə Yusif yazır…

Yeri görünənlərimiz…

Bu gün Azəbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Fuad Poladovun doğum günüdür. Qədirbilən xalqımız, geniç mədəni ictimaiyyət, sənətsevərlər onun adını daim uca tutur, xatirəsini minnətdarlıqla yad edirlər…

Analoq.az olaraq biz də unudulmaz sənətkarımızın ruhu qarşısında borclu qala bilməzdik. Bu mənada publisist-yazar Mirzə Yusifin Fuad Poladovla bağlı xatirə qeydlərini diqqətinizə çatdırırıq.

Fuad Poladov! Bu ad elə beləcə, heç bir fəxri titulları dilə gətirilmədən də hər kəsə yaxşı tanışdır. Teatr, kino həvəskarları, sənətsevərlər üçünsə bu adın başqa bir anlamı var: Fuad Poladov kimi aktyorlar yüz ildə bir dəfə doğulur! Onunla eyni səhnəni, ekranı paylaşmış həmkarlarının fikirləri də yetərincə maraqlı,mənalı və düşündürücüdür: Fuad böyük, olduqca böyük, heyrətamiz bir istedad və ürək sahibi idi, onun yeri həmişə görünür…

O, təbiətin indiki kimi üzlərə güldüyü gözəl bir çağında– 1948-ci ilin 24 mayında Bakıda ziyalı ailəsində doğulmuşdu. Atası məktəb direktoru, anası müəllimə idi. 7-8-ci siniflərdə oxuyanda aktyor olmaq qərarına gəlmişdi. Yeniyetmə çağlarından öz həmyaşıdları arasında “qəribəliyi”ilə seçilirdi. İlk baxışdan sakit,təmkinli oğlan olsa da, yeri gələndə sərtliyi, tərsliyi də vardı. Fikrindən asanlıqla dönənlərdən deyildi, həmişə sözün düzünü deyərdi, doğru danışanın yanında olardı. Atası Ağarəhim müəllim oğlunun artistlik xəyallarından xəbər tutanda bərk əsəbiləşmişdi:” Mənim yanımda bu barədə heç vaxt, heç nə danışmayın. Bircə artistimiz çatmırdı elə…”

Amma gec idi,artıq iş-işdən keçmişdi. Ağarəhim müəllimin xəbəri yoxuydu ki, Fuad neçə vaxtdır rejissor Lütfi Məmmədbəyovun dram dərnəyinin fəal üzvlərindəndir. Əlbəttə, o hardan biləydi ki, vaxt gələcək onun oğlu Azərbaycan teatrı və kinosunun ən parlaq ulduzuna çevriləcək, milyonların sevgi və məhəbbətini qazanacaqdı. Əgər bilsəydi, yəqin ki…

Atasından fərqli olaraq gənc Fuad tutduğu yolda mütləq istəyinə çatacağına, böyük nailiyyətlər qazanacağına ümid edir, inanırdı.Onun yanında teatrdan, səhnədən söz düşəndə daxilən qəribə hisslər keçirir, ürək çırpıntıları başlayırdı. Çünki nadir aktyorluq istedadı ona Tanrının özü tərəfindən buta verilmişdi, anadangəlmə aktyor idi!

Bu unudulmaz anım məqamında –72 yaşının tamam olduğu bir gündə məqsədim Fuad Poladovun olduqca zəngin yaradıcılıq yolundan, teatrda və kinoda miras qoyub getdiyi möhtəşəm obrazlardan söz açmaq deyil. Əslində, buna ehtiyac da yoxdu: onun oynadığı rollar,davamlı həyata vəsiqə verdiyi qəhrəmanlar hamımızın yaddaşında, ürəyimizin ən gözəl guşəsindədir. Məqsədim, sadəcə olaraq, bu azman sənətkara milli mədəniyyətimiz yolunda ölənə qədər vicdan və namusla çalışdığına görə sıradan bir tamaşaçı və yazar olaraq minnətdarlığımı, heyranlığımı ifadə etməkdir.

Mən o xoşbəxt qələm adamlarındanam ki, Fuad Poladov kimi böyük sənətkarla bir neçə dəfə görüşüb söhbət etmək şərəfinə nail olmuşam.Haqqında qələmə aldığım yazılar bir yana, zahirən çox ciddi və sərt, daxilən səmimi və mehriban bu adamla epizodik könül söhbətlərim də olub.

Fuad Poladovla yaxınlığım uzaq keçmişdən–80 -ci illərdə yaşadığım və çalışdığım İrəvan şəhərindən başlamışdı. O vaxtlar keçmiş Sovetlər Birliyinə daxil olan respublikaların paytaxtlarında ənənəvi teatr festivalları təşkil olunurdu. İrəvandakı növbəti tədbirlərdən birinə Azərbaycan tərəfi Anarın məşhur “Təhminə və Zaur” tamaşası ilə gəlmişdi. Şəhərin azərbaycanlı əhalisi,xüsusən ziyalıları arasında bu tamaşaya böyük maraq vardı. Mənimsə sevincimin həddi-hüdudu yoxuydu: Mərkəzi Komitənin azərbaycandilli mətbu orqanının–“Sovet Ermənistanı”qəzetinin “Ədəbiyyat və mədəniyyət” şöbəsinin müdiri olaraq Bakıdan gələn qonaqları hava limanında qarşılayıb memanxanayacan müşayiət etmək mənim öhdəmə düşürdü. O unudulmaz görüşlər barədə vaxtilə yazdığım yazılarda ətraflı söz açmışam. Bu gün yadıma gələn o acılı-şirinli xatirələrin içində iki böyük sənətkarın- Amaliya Pənahova və Fuad Poladovun ayrıca yeri var. Onlar “Təhminə və Zaur”da aktyor olaraq fantastik ifaları, bir azərbaycanlı qadını və kişisi olaraq yaraşıqlı boy-buxunları, gözəl geyim-keçimləri ilə hamını heyrətdə qoymuşdular. Festival günlərində Azərbaycandan gəlmiş qonaqlar hər addımda şəhər sakinləri tərəfindən xüsusi maraq və sevgi ilə qarşılanırdılar.

Özlərindən müştəbeh erməni aktyorları və rejissorlarının isə gördükləri səhnələrdən ağızları açıq qalmışdı desəm, səmimiyyətimə zərrəcə şübhə etməyin…

Fuad Poladov sənəti və şəxsiyyətinə olan məhəbbətim Bakıda yaşamağa başladığım sonrakı illərdə(1988-ci ildən) birə-beş artdı. İndi mən bu qüdrətli səhnə və ekran ustasının yaradıcılığını daha yaxından izləyə bilir, obrazlı şəkildə desəm, ətrini-nəfəsini hiss edirdim. 90-cı illərin əvvəlində çalışdığım İttifaqteatrın respublika filialında Fuad müəllimlə ara-sıra rastlaşır, hal-əhval tuturduq. Daha çox o məni sorğu-sual edir, “əclaf ermənilərin əlindən necə qurtulub” Bakıya gəlişim, burada necə məskunlaşmağım, vəziyyətimlə maraqlanırdı. Hətta xoşbəxtliyə baxın ki, Aktyorlar evinin birinci mərtəbəsindəki kafedə məni çaya da qonaq etmişdi.

Artıq Fuad Poladov mənim ən sevimli aktyorum,kumirim idi. Hər bir uğuruna ürəkdən sevinir,yaxın adamım kimi fərəh hissi keçirirdim. Fuad müəllim həm də əvəzsiz qiraət ustasıydı. Bu yöndə də onun tayı-bərabəri yoxuydu.

Şəhid telejurnalist dostum Alı Mustafayevin xatirəsinə bir oçerk yazmışdım. Tələbə yoldaşlarım məsləhət gördülər ki, yazının efir variantını da hazırlamaq pis olmazdı. Beynimə batdı və dərhal da Fuad müəllimi düşündüm. Bir- iki gün sonra azca tərəddüd və böyük həyəcanla evlərinə zəng vurdum, üzrxahlıqla yazımı radioda səsləndirməsini xahiş etdim. Gözləmədiyim halda səsimə qətiyyətlə üçcə kəlməylə səs verdi:”Fikir etmə, düzələr!”-dedi…

Üstündən az keçmiş radionun “Ədəbi dram” redaksiyasından xəbər verdilər ki, yazın üç məşhur aktyorun–Fuad Poladov, Hacı İsmayılov və İlham Əsgərovun ifasında səsləndirildi, tezliklə efirə gedəcək…

Ağlasığmaz dərəcədə sadə və təvazökar adamıydı.Onun qulluğunda durmaq, ona hansısa məsələdə kömək əli uzatmaq istəyənlər az deyildi. Amma o, heç kimə bu fürsəti verməz, hər kəsi incə təbəssüm və nəzakətlə yola salardı. Taksidən, hansısa dostunun təmənnasız avtomobil xidmətindən yararlanmağı qətiyyən xoşlamazdı.

Daha çox piyada gəzər, bəzi üzdəniraq məşhurlardan fərqli olaraq, ictimai nəqliyyatdan istifadə etməyi özünə eyib bilməz, əksinə, bəlkə də bundan xüsusi zövq alardı.

Zəhrimara qalmış xəstəlik onu tapmamışdan az öncə evinin yaxınlığındakı Atatürk parkında görüşməyimizi tez-tez, acı təəssüf hissiylə xatırlayıram. Doğrusu, buna “görüş” demək də olmazdı.

Sadəcə, bir qəzetin sifarişi ilə Fuad müəllim haqqında yazı hazırlamışdım: özü ilə görüşüb söhbət etmədən. Eləcə telefonda məlumat vermişdim,o da etiraz etməmişdi,”day görüşməyə nə ehtiyac, sən məni təzə tanımırsan ha?!” -demişdi. Minnətdarlığımı bildirib,xahiş eyləmişdim ki, bir neçə fotoşəkli lazımdır, mümkünsə,bir nəfərə həvalə etsin,mən parkın yaxınlığında ondan götürərəm. Vədələşdiyimiz vaxtda və yerdə Fuad müllimin özünü görəndə keçirdiyim xəcalət hissi bütün vücudumu titrətdi… Yaxşı ki,yazım onun ürəyincə alınmışdı,yoxsa,bir dərd də burdan gəlmiş olardı…

Fuad Poladov əbədiyyəti sağlığında qazanmış sənətkar idi. O, peşəşinin fədaisi, səhnənin pərvanəsiydi. Adam aktyor– aktyor adam idi. Ölkəsini, millətini sonsuz məhəbbətlə sevirdi. Həm gözəl sənətkarıydı, həm də gözəl şəxsiyyət.

Belə adamlar haqda “Öldü”deməyə dil dönməz, söz sığala gəlməz. Mən də buna görə keçmiş zaman dilində yox, indiki zaman dilində onu–xalqımızın sevimli aktyorunu doğum günü münasibətilə təbrik edir, sənətinin heyranlarının zaman-zaman daha da artacağına şübhə etmirəm…

Mirzə Yusif

Analoq.az

Daha çox
Back to top button
Close