Manşet

Seçən bizik, seçilən bizdən – REPORTAJ

Seçkilər, dövlət vəzifəsini yerinə yetirmək üçün bir neçə namizəd arasından ən layiqlisini seçmək üçün keçirilir. İstər bələdiyyə, istər parlament, istərsə də prezident seçkiləri bir ölkənin gələcəyi, suverenliyi üçün böyük əhəmiyyətə malik qərarvermə aktıdır. Xalqın səsi ilə keçirilən seçkilər bir ölkənin demokratik səviyyəsinin ən yaxşı göstəricisidir.

7 fevralda, müstəqilliyimizi bərpa etdikdən sonra Bütöv Azərbaycanda ilk Prezident seçkiləri baş tutdu. Seçkilərin növbədənkənar olmasının səbəbini ilin əvvəlində Prezident İlham Əliyev belə izah etmişdi: “Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. İkinci səbəb, Prezident seçkilərinin bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır. Digər səbəb Prezident kimi fəaliyyətinin 20 ilinin tamamlanmasıdır. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.

Seçki prosesi 7 fevral, saat 08.00-dan etibarən başladı. Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılmışdı. Bu il ilk dəfə seçki keçiriləcək işğaldan azad olunmuş ərazilərimizdə 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verdi. Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədə səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.

Olduğumuz bütün seçki məntəqələrində canlılıq, izdiham müşahidə edilirdi. Müşahidələrimizə 7 saylı Səbail seçki dairəsinin 162 saylı orta məktəbdəki 25 saylı seçki məntəqəsində başladıq. Məktəbin direktor səlahiyyətlərini icra edən Nərgiz Ələkbərova məntəqə sədri ilə birlikdə seçicilərin rahat səsverməsi üçün yaradılmış bütün hazırlıqları son dəfə gözdən keçirdikdən sonra məntəqə qapıları seçicilərin üzünə açıldı.

Səsvermə saat 08.00-da Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə start götürdü. Xüsusilə gənc nəslin seçkidə iştiraka marağı diqqət cəlb edirdi. İlk dəfə səs verənlər, tələbələr səsvermədə aktiv iştirak edirdilər. Məntəqə tez-tez dolub boşalır, seçicilərin fəallığı səngimirdi.

İlk dəfə səs verən Aydan Şahsuvarova: “I kurs tələbəsiyəm, 18 yaşım yeni tamam olub, ilk dəfə seçkidə iştirak edirəm və bu da bütöv Azərbaycanın ilk seçkisinə təsadüf etdi. Politologiya ixtisası üzrə təhsil aldığım üçün mənə ümumilikdə bu prosesin özü maraqlı idi. Seçkilər, qanunvericilik, idarəetmə kimi sahələri yaxşı öyrənməyə çalışıram. İlk təcrübəm olduğu üçün nəyi necə edəcəyimi bilmirdim, məntəqə katibləri izah etdi, səsimi verdim. Səsvermə üçün yaradılan şəraitdən razı qaldım”.

Məlumat üçün qeyd edək ki, məntəqədə seçici rahatlığı üçün yaradılan şərait, seçicilərin məlumatlandırılması yüksək səviyyədə təşkil olunmuşdu. Məntəqə sədri Tünzalə Mikayılova seçici fəallığından razı idi: “Seçicilər səsvermədə həm maraq, həm də böyük həvəslə iştirak edirlər. Yaşlı-gənc fərq etmir, hamı səs verməyə gəlir. Elə bu məktəbin məzunlarından da ilk dəfə səsverməyə gələnlər var, onların həyacanını bölüşmək də çox xoş olur. Seçici rahatlığını təmin etmək üçün məntəqədə hər şərait yaradılıb”.

Seçici Mərdan İsrafilov: “Bizim ailədən bir özüməm, bir yoldaşım. Mənim 80 yaşım var, yoldaşımın 74. İkimiz də səs verməyə gəlmişik. Hava pis olsa da gələcəkdik, əvvəlcədən oğluma demişdim hava pis olsa zəng edəcəm gəlib bizi səs verməyə apararsan maşınla. Çünki qalib ölkənin ilk seçkisi olacaq, mən də öz haqqımdan istifadə etmək istəyirəm. Səsimizi verdik. Mənim qonşumun dağ kimi oğlu şəhid olub bu torpaqların uğrunda, bizim də borcumuzdur ki, onun qanı tökülən bu torpağa layiqli lider seçək”.

Məntəqə nəzarətçisi Mirzəağa Ağayevin seçicilərlə mehriban, hörmətlə davranışı, yorulmadan, bezmədən səs verməyə gələn hər seçici ilə xoş ünsiyyəti diqqətimi çəkdi. Sözarası öyrəndim ki, o, bu məktəbin məzunu, Vətən Müharibəsinin 19 yaşlı şəhidi Cavidan Ağayevin atasıdır. Qəhrəman oğlunun həyətdəki xatirə guşəsindəki trafaretini göstərib fəxrlə “o mənim balamdır” dedi. Bir şəhid atası ancaq bu qədər vüqarlı ola bilərdi. Azərbaycanın azadlığı uğrunda övladını qurban verən ata vətənin layiqli lider seçimində də iştirak edirdi.

7 saylı Səbail Seçki dairəsinin 24 saylı seçki məntəqəsində də vəziyyət eyni idi. Məntəqə 332 saylı uşaq baxçasında yerləşirdi. Baxçada səsvermə üçün bütün lazımı şərait yaradılmışdı. Seçicilər sıxlıqla səs verir, növbədəkilər isə bayırda məntəqənin boşalmasını gözləyirdi. Kollektiv ilə səsverməyə gələnlər də vardı, ailəsi ilə birlikdə səsini verməyə gələnlər də. Məntəqə sədri Dilarə Kətanovanın sözlərinə görə seçici fəallığı bu məntəqədə də müşahidə edilirdi. Bunu orada olduğumuz bir neçə saat ərzində özümüz də müşahidə etdik, müşahidəçilər heç bir qanun pozuntusu olmadığını, seçkilərin rahat və şəffaf keçdiyini dedilər.

Sonra 6 saylı Peşə Məktəbində yerləşən 23 saylı seçki məntəqəsinə baş çəkdik. Çantasından konfet çıxarıb bütün məntəqədəkilərə paylayan yaşlı seçici, qoltuq dəyənəkləri ilə səs verməyə gələn gənc oğlan, babasının əlindən tutub növbə gözləyən balaca qızcığaz, növbədə gözləyərkən vaxtını boşa itirməyən, telefondan PDF kitab oxuyan gənc qız bu seçkinin siması olacaq qədər gözəl görünürdülər.

Ümumiyyətlə, növbədənkənar Prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı, suverenliyimizin bərpası fonunda keçirilməsi dövlətçiliyimiz naminə böyük tarixi önəm kəsb edir. Vətəndaşlar da bunun fərqindədirlər, ona görə də seçkilərdə fəal iştirak edirlər. Bu seçkilər həm də dünyaya Azərbaycandan mesaj olaraq göndəriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra keçirilən növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button