Aktual

Şuşa Xalça Muzeyinin nadir xalçaları İrəvan küçələrində ayaqlar altında qalıb…

İsmayıl Tanrıverdi: “İrəvanda Şuşa xalçalarına rəsmi qurumlar “yiyə” durmur, bu da xalçaları Şuşadan oğurlayıb aparanları möhkəm qəzəbləndirir...”

Ermənilər Qarabağdan Azərbaycan xalçalarını oğurlayıb apardıqlarını artıq boyunlarına alırlar. Əvvəllər “bu xalçaları Qarabağdan gətirməmişik, onlar İrəvanda toxunub” deyən ermənilər indi açıq etiraf edirlər ki, təkcə Şuşadan onlarla xalça çıxarıblar və o xalçalar İrəvandadır.

Erməni mənbələrinin verdiyi xəbərə görə, ermənilər İkinci Qarabağ müharibəsi zamanı Şuşa Xalça Muzeyindəki xalçalardan başqa heç nə çıxarmağa imkanları olmadığını deyirlər. Onlar bildirib ki, İrəvana gətirdikləri xalçaların əksəriyyəti 16 aydır ki, ortalıqda qalib, onları qoymaq üçün yer yoxdur, nəmişlikdən çürüyürlər. Onların müraciətinə isə Ermənistan Mədəniyyət Nazirliyi “o xalçaları yerləşdirmək üçün yerimiz yoxdur” cavabını verib. Açıq görsənən odur ki, ermənilərin İkinci Qarabağ müharibəsi zamanı Şuşa Muzeyindən ogurladıqları xalçalar indi məhv olmaq təhlükəsi altındadı, Azərbaycan xalçaları İrəvanda çürüyür. Bizim heç bir çağırışımıza baxmayaraq, onlar oğurladıqları xalçaları geri qaytarmaq istəmir.

BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi bizimlə söhbətində bildirdi ki, 44 günlük müharibədən sonra Ermənistan və ermənilər artıq müəyyən etiraflar etməyə başlayıb. Qarabağdakı Azərbaycan irsinin ermənilər tərəfindən yağmalandığınını, oğurlandığını deyən İ.Tanrıverdinin sözlərinə görə, onların oğurluqlarının sayı bilinmir. Ermənilərin həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində Qarabağ xalçalarını mənimsədiyini deyən İ.Tanrıverdi bildirdi ki, Şuşa muzeyindən oğurladıqları xalçalar indi ortalıqda qalıb. “Şuşa xalçaları hazırda İrəvandadır. Biz deyəndə də ki, Şuşa xalçalarını ermənilər oğurlayıb aparıb, onlar bunu inkar etmək istəyirdilər. Amma artıq özləri etiraf edirlər ki, Şuşa Muzeyinin xalçalarını daşıyıb İrəvana aparıblar.

Ermənilər iddia edirlər ki, ikinci Qarabağ müharibəsi zamanı Şuşa Xalça Muzeyindəki xalçalardan başqa heç nəyi çıxarmağa imkanları olmayıb. İrəvana gətirilən xalçaların əksəriyyəti 16 aydır ki, öz ünvanını tapa bilmir, yəni ortalıqda qalıb nəmişlikdən xarab olmaqdadır. Ermənistan Mədəniyyət Nazirliyindən isə bildirirlər ki, “münasib şəraitli yerimiz yoxdur”.  Ermənilər həm də iddia edirlər ki, guya “nənələrinin” toxuduğu bu xalçalar dünyanın ən qədim xalçaları olaraq “erməni mədəniyyətinin ən vacib hissəsidir”. Bundan başqa, hətta ermənicə “Azadlıq TV”-də utanmadan göstərirlər ki, guya Rusiyada anadan olmuş, lakin əslən Şuşadan olan bir qız gəlib bu xalçalar arasında vaxtilə nənəsinin də toxuduğu xalçaları axtarır. Əslində isə xalçalara nəzər yetirərkən hiss olunur ki, bu xalçaların ermənilərə heç bir aidiyyəti yoxdur, çünki xalçaların üzərindəki naxışların hamısı Azərbaycan-türk ornamentlərinə aid olan naxışlardır. Sadəcə olaraq, bəzi xalçaların üzərində hansısa üsullarla bir neçə anlaşılmayan erməni hərfləri yerləşdirilib. Bu da, təbii ki, sonradan ora birləşdirilib. Bu xalçaların üzərinə ermənilər elə qondarma sözlər yazıblar ki, adam məəttəl qalır. Məsələn, xalçalardan birində ermənicə açıqca yazılıb ki, “1903-cü ildə toxunub, farslara aiddir”. Azərbaycan xalçası, Qarabağ, Şuşa xalçası necə farslara aid ola bilər? Bu da erməni saxtakarlığıdır”.

İ.Tanrıverdi xatırladır ki, ermənilər İrəvanda azərbaycanlılara aid olan və hələ ki, yeganə salamat qalan abidə olan “Göy Məscid”i də beynəlxalq aləmə “fars məscidi” kimi təqdim edirlər, hətta Şuşada olan məscidlərin və bizə aid müxtəlif tarixi abidələrin də üzərinə “fars abidələri” olması barədə lövhələr vurmuşdular.

İ.Tanrıverdi deyir ki, ermənilər bizim xalçaları oğurladıqlarını boyunlarına alırlar, amma onu geri qaytarmaq istəmirlər. “Bizim o xalçaları onlardan geri almağımız çox çətin olacaq, amma mübarizə aparmalıyıq, bu xalçaları bütün dünyada təbliğ etməliyik. İşğal dövründə Şuşa Xalça Muzeyinə “direktor” “təyin” olunan şəxs indi İrəvanda haray çəkir ki, İrəvandakı rəsmi qurumlar Şuşa xalçalarına sahib durmur, o, etiraz əlaməti olaraq həmin xalçaları Xankəndiyə aparmaq niyyətindədir. Bu da növbəti erməni həyasızlığıdır ki, bizim xalçaları bu şəkildə öz adlarına çıxırlar. İrəvanda Şuşa xalçalarına rəsmi qurumlar “yiyə” durmur, bu da xalçaları Şuşadan oğurlayıb aparanları möhkəm qəzəbləndirir ki, hökumət xalçaları yerləşdirməyə yer vermir, “erməni irsi” batıb gedir” – deyə İ.Tanrıverdi qeyd etdi.

İradə SARIYEVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button