Cəmiyyət

ƏBÜLFƏS QARAYEVİN QURBANLARI…

İmişli rayon Mədəniyyət şöbəsinin keçmiş müdiri “Təzadlar”a Mədəniyyət Nazirliyindəki görünməmiş özbaşınalıqdan danışdı

Məlum olduğu kimi, son illər ölkədə başlanan dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən kadr islahatları ötən ilin sonlarına doğru daha geniş vüsət aldı və 2020-ci ildə də davam etdirilməkdədir. İslahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin sağlam prinsiplər üzərində qurulması təşkil edir.

Ancaq təəssüf ki, neqativ halların təkrarlanması faktları hələ də müşahidə olunmaqdadır. Bu hal təkcə yerli icra hakimiyyətlərinin fəaliyyətilə məhdudlaşmır.

Xatırladaq ki, ölkə Prezidenti icra başçılarının həbsilə bağlı məsələyə münasibət bildirərkən bəzi nazirliklərdə korrupsiya hallarının mövcudluğunu qeyd edərək, məmur korpusunun “köhnə qaydalarla” işləyən hissəsini xəbərdar etmişdi. Ancaq yenə nəticə çıxarılmadı və bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, nəyəsə, kiməsə arxayın olan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi qaçılmaz zərurətə çevrildi.

Nəticədə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olundu.

Eyni zamanda, Prezident yeni Baş prokuroru vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılmasına dair prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdi.
Və çox keçmədi ki, mayın 8-də DTX tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat nəticəsində, nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçildi.

Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, muzey, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq hiddətlə qarşılanır, kəskin şəkildə pislənilir.

Qeyd edək ki, adıçəkilən nazirliyin yüksək vəzifəli şəxslərinin öz səlahiyyətlərindən, qulluq mənafeyinə zidd olaraq cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərinin qurbanlarından biri – müsahibimiz “Qayıdış” İctimai Birliyinin və “Binəqədi-7” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin sədri Tağıyev Hasil Feyruz oğludur.

– Hasil müəllim, öncə istərdik bir qədər özünüz barədə məlumat verəsiniz.
– 1962-ci il mayın 10-da İmişli rayonunun Əliqulular kəndində doğulmuşam. Orta məktəbi Əliqulular kəndində bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşam. Ali təhsil aldıqdan sonra İmişli rayonunda kənd və şəhər klubunun müdiri, rayon Mədəniyyət və İstirahət Parkının direktoru, Mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışmışam. Demək olar ki, ömrümün 35 ilini Azərbaycan mədəniyyətinə həsr etmişəm. Həmişə işimin öhdəsindən layiqincə gəlmişəm. Ancaq hazırda ixtisasım üzrə işləmirəm.

– Qeyd etdiyiniz kimi, ömrünüzün 35 ilə qədərini həsr etdiyiniz bir sahədən uzaqlaşmağınıza səbəb nə oldu?
– Vilyam Hacıyev 2012-ci ildə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunanda mən rayon Mədəniyyət və Turizm Şöbəsinin (o vaxt belə adlanırdı) müdiri idim. Vilyam Hacıyevlə cəmi 9 ay işlədim. Həmin dövrdə səhhətimdə müəyyən problemlər yarandı. Bir də o vaxt Vilyam Hacıyevin işimə aidiyyəti olmayan tapşırıqları olurdu. Mən həmin tapşırıqları yerinə yetirmədiyim üçün işdən çıxaraq doğma rayondan və insanlardan ayrılıb Bakı şəhərinə köçmək məcburiyyətində qaldım. Bakı şəhərində yaşadığım müddətdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qəbuluna düşmək istədim. Əvvəlcə o vaxt nazirin köməkçisi işləyən Rafiq Bayramovun yanında oldum. Dedi ki, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri işləyəndə heç yanıma gəlməzdin, indi xeyir ola gəlmisən. Mən də qayıtdım ki, o vaxt işim düşmürdü deyə gəlmirdim, indi işim düşüb gəlmişəm. Bunu deyəndən sonra onun mənə qarşı soyuq münasibətini gördüm. O görüşdən sonra Rafiq Bayramov mənim nazirin qəbuluna düşməyimə mane olmağa başladı. Nazirə 6 məktub, 3 teleqram göndərdim. Ancaq ətrafındakı Rafiq Bayramov kimilər nazirin qəbuluna düşməyimə imkan vermirdi.
Lakin buna baxmayaraq, 2007-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləmiş, 18 iyul 2014-cü ildən isə təhsil nazirinin müavini təyin olunan Firudin Qurbanovun sayəsində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qəbuluna düşə bildim. Belə ki, 2014-cü il yanvarın 29-da Göyçayda vətəndaşların qəbulunu keçirərkən nazir Əbülfəs Qarayevlə görüşə bildim.
Əslində Mədəniyyət və Turizm Nazirliyində Rafiq Bayramovdan fərqli olaraq nazir müavini Ədalət Vəliyev, aparat rəhbəri Firudin Qurbanov, nazirliyin regionlarla iş sektorunun müdiri Azər Əhmədzadə kimi ziyalı, vətənpərvər, gözəl insanlar çalışırdı. Azər Əhmədzadə, Bəhruz və Vaqiflə aramızda yaxın dostluq, səmimi münasibət vardı. Onlar biz mədəniyyət işçilərinin xatirəsində bir mərdlik, kişilik nümunəsi kimi qaldılar. Onu da deyim ki, Ədalət Vəliyev bir neçə dəfə nazir Əbülfəs Qarayevə mənim işgüzarlığım, işimin öhdəsindən layiqincə gəlməyim, işimdən haqsız olaraq çıxarıldığım barədə danışmışdı. Qeyd etmək istəyirəm ki, Ədalət müəllim tez-tez zona müşavirələri keçirər, görülən işlər, çatışmazlıqlar xırdalıqlarına qədər müzakirə olunardı. Onun təşkilatçılığı ilə rayon şöbələri arasında işgüzar əməkdaşlıq əlaqələri, eləcə də dostluq münasibətləri yaranmışdı. Zona müşavirələrinin keçirilməsi artıq gözəl ənənəyə çevrilmişdi. Ədalət müəllim buraxılan nöqsanları sərt şəkildə tənqid etməklə yanaşı, mövcud problemlərin aradan qaldırılması üçün öz tövsiyələrini verir, rayon rəhbərliklərinə ismarıclarını çatdırırdı. Ancaq dediyim kimi, nazirin ətrafındakı bəzi şəxslər onunla aramızda keçilməz bir tikanlı səd yaratmışdılar.
Ona görə də Göyçayda nazir Əbülfəs Qarayevlə görüşəndə Bakıda onun qəbuluna düşə bilmədiyimi, nazirlikdə bəzi yüksək vəzifəli şəxslərin bazar açdığını söylədim. O, nazirlikdə kimlərin bazar açdığını soruşduqda, köməkçisi Rafiq Bayramovun adını çəkdim. Nazirə dedim ki, Rafiq Bayramovun və nazirliyin digər əməkdaşlarının tapşırığı ilə polis məni onun qəbuluna düşməyə imkan vermirdi. Əbülfəs Qarayev şikayətimi dinlədikdən sonra işləmək üçün məni Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə göndərdi.
Beləliklə, mən nazirin tapşırığı ilə Elmi-Metodiki Mərkəzə gəldim və sektor müdiri vəzifəsinə təyin edildim. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbəri qeyri-ixtisas təhsilli, işi bilməyən, bir sözlə, qeyri-profil sahənin adamı idi. Düzü, mən belə bir insanla işləyə bilmirdim, əzab çəkirdim. Həmin ərəfədə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə İlham Babayev adlı şəxs müavin göndərildi. Nazir Əbülfəs Qarayev İlham Babayevi müavin vəzifəsinə təyin etməklə bərabər, ona üç il işə çıxmadan əmək haqqı almaq şəraiti yaratdı. Əbülfəs Qarayev daha çox ingilis, ərəb dilli kadrlarla, tarix, ədəbiyyat müəllimləri ilə işləməyə üstünlük verirdi. O, sırf mədəniyyət sahəsində çalışan ixtisaslı kadrları işdən uzaqlaşdırırdı. Yəni nazirliyin yüksək vəzifəli şəxslərinin çoxsaylı qanunazidd əməllərinin qurbanı tək mən deyildim. Yaxından tanıdığım insanlar var ki, nazirlikdə baş alıb gedən məmur özbaşınalığının qurbanı oldular. Mədəniyyət və Turizm Nazirliyinin Aparatı rəhbərinin müavini – İnsan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov vardı, mədəniyyət işçilərinin hüquqlarını müdafiə edər, haqlarının tapdanmasına imkan verməzdi. O, nazirlikdən gedəndən sonra haqsızlıqlar baş qaldırdı, meydan Rafiq Bayramov kimilərə verildi, nazirin ətrafındakı quldur dəstəsinin əli-qolu açıldı, vicdanlı, saf insanlar incidildi, bezdirildi.
Nazir Əbülfəs Qarayevin mədəniyyət işçilərinə bu diqqətsizliyinə, edilən haqsızlıqlara dözməyib mən də ərizə yazıb işdən çıxdım. Və tamamilə fərqli bir sahədə həm “Binəqədi-7” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin, həm də “Qayıdış” İctimai Birliyinin sədri kimi fəaliyyətimi davam etdirdim.

– Hasil müəllim, bildiyimiz kimi, bu gün Azərbaycanda xeyli sayda qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Sizin rəhbərlik etdiyiniz “Qayıdış” İctimai Birliyi hansı ehtiyacdan yarandı?
– Öz ixtisasım üzrə işləməsəm də, mədəniyyət sahəsində olan mənəvi ehtiyacımı təmin etmək məqsədilə “Qayıdış” İctimai Birliyinin vasitəsilə bir çox layihələr həyata keçirməyə başladım. Çünki gördüyüm bu işlərdən mənəvi zövq alırdım. Çalışıram ki, hər zaman Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrimi verim. Bu gün də bir QHT rəhbəri kimi mədəniyyətmizin zəngin ənənələrinin qorunması, tarixi yer və abidələrimizin cəmiyyətə tanıdılması ilə məşğulam. Gənclərimizə vətənpərlik tərbiyəsi aşılayan işlərimiz də çoxdur.
2017-ci ildə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qayıdış” İctimai Birliyi tərəfindən çəkilmiş 18 aprel 2016-cı ildə Lələtəpə döyüşləri zamanı vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş polkovnik-leytenant Sənan Axundov haqqında “Vətən aşiqi” sənədli filmi, yaxud yenə də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi və “Qayıdış” İctimai Birliyinin təşəbbüsü ilə çəkilmiş şəhid baş leytenant Cavid Dədəkişiyev, şəhid leytenant Qabil Orucəliyev və şəhid Adil Adilzadənin xatirəsinə həsr olunan “Biz üç dost idik…” qısametrajlı sənədli filmi aprel döyüşlərində xüsusi şücaət göstərən üç igid qəhramanımızın rəşadətli döyüş yolundan, vətənə və torpağa sevgilərindən bəhs edir.
Qeyd etdiyim kimi, bizim Azərbaycan mədəniyyətinə töhfə verən işlərimiz çoxdur və inanıram ki, bu, gələcəkdə daha da dərinləşəcək.

– “Qayıdış” İctimai Birliyinin yaxında hər hansı bir layihə həyata keçirməyi gözlənilirmi?
– Bəli, növbəti layihəmiz beyləqanlı şəhid Məhəbbət Mirzəyevin həyat və döyüş yolunu əks etdirən filmin çəkilməsi ilə bağlıdır. Digər layihələrimiz də var.

– Koronavirus pandemiyasına qarşı mübarizə, əhalinin sağlamlığının mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən Azərbaycan, eyni zamanda indiki çətin dövrdə də sosial dövlət olaraq çoxistiqamətli dəstək proqramları reallaşdırır. Pandemiya dövründə QHT rəhbəri olaraq tərəfinizdən hansı addımlar atıldı?
– Dünyanı cənginə almış pandemiya təhlükəsindən Azərbaycanı belə qoruduğuna görə Prezident cənab İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. Heydər Əliyev Fondu az təminatlı ailələrdən maddi yardımını, qayğısını əsirgəmədi. Prezident İlham Əlyevlə bərabər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ölkəni minumum zərərlə təhlükədən sovuşmağa cəhd göstərir. Onların bu fədakarlığı xalq tərəfindən sevgi ilə qarşılanır. Biz, bir qrup QHT nümayəndəsi adından Prezident cənab İlham Əliyevin rəsmi saytına məktub göndərdik. Rəsmi saytında dərc olunan məktubumuzda cənab Prezidentin koronavirus pandemiyası ilə əlaqədar verdiyi bütün sərəncam və göstərişlərdən məmnunluğumuzu bildirmişik. Qeyd etmişik ki, dövlət başçısı tərəfindən əvvəlcədən görülən işlər nəticəsində Azərbaycanda infeksiyanın miqyası başqa ölkələrlə müqayisədə o qədər də genişlənməyib.
Biz hər zaman cənab Prezidentin uğurlu və uzaqgörən siyasətini dəstəkləyir, bütün vəziyyətlərdə onun yanındayıq. Biz Prezidentimizə inanır və güvənirik. Koronavirus dövründə bütün tövsiyə və məsləhətləri bizə göstərilən qayğının təzahürüdür. Yalnız qaydalara əməl etmək, birlik nümayiş etdirmək sayəsində biz bu bəlaya qalib gələ bilərik.

– Hasil müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
– Çox sağ olun. Mənə vaxt ayırdığınıza görə sizə və sizin simanızda “Təzadlar” qəzetinin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.tezadlar.az

Elbar ŞİRİNOV

Analoq.az

Daha çox
Back to top button
Close