Cəmiyyət

Partiya sədrinin müavini Spikerə və təhsil nazirinə müraciət etdi

Milli Cəbhə Partiyasının sədrinin birinci müavini Rafiq Daşdəmirli Milli Məclisin sədri Sahibə Qafarovaya, təhsil naziri Emin Əmirullayevə müraciət edib. O, müraciətində saxta diplomlu vəzifə sahiblərinə diqqəti çəkib.

Analoq.az müraciəti təqdim edir:

“Ölkəmizdə çox mühüm hadisələrin baş verdiyi bir dönəmdəyik. 44 günlük Vətən müharibəsindən sonra ölkədə daha çox səmərəli işlər görülməsini gözləyirdik. Görülən bir çox müsbət işlərlə yanaşı qeyd etməliyəm ki, saxta diplomlu kifayət qədər vəzifəli şəxs var. Əsasən xarici ölkələrdən müxtəlif yollarla diplom alanlar ölkədə müxtəlif vəzifələrə təyin olunur, qanuni diplom alan savadlı, təhsilli kadrlar isə kənarda qalır, sosial problemlər içində çırpınır. Bu məsələ bütün sahələrdə mövcuddur. Həkimlər, müəllimlər və hətta dövlətin digər əhəmiyyətli qurumlarında çalışan insanlar arasında da var”.

R.Daşdəmirli qeyd edib ki, müəllimlərin dərs bölgüsündə haqsızlıq var və bu, təhsil sistemindəki boşluğun nəticəsidir:

“Bu da məhz yuxarıda qeyd etdiyim saxta və qanunsuz diplomluların sayəsindədir. Həkimlərin saxta diplomla çalışması birbaşa xalq, dövlət üçün təhlükədir. Bununla yanaşı, ən qorxulusu belə şəxslərin icra hakimiyyətlərində, nazirliklərdə çalışmasıdır. Məlumdur ki, ali təhsil almadan saxta diplomla vəzifəyə təyin olunanların fəaliyyətsizliyi, səriştəsizliyi, savadsızlığı nəticəsində ölkədə mənfi hallar təəssüf ki, davam edir.

Avropa Şurasının tövsiyə xarakterli məlumatında qeyd edilir ki, bəzi ölkələrin ali təhsil müəssisələrinin diplomları Avropa standartlarına uyğun deyil. Bu ölkələr arasında əsasən MDB dövlətlərindən Ukrayna, Moldova və Gürcüstan yer tutur. Çox təəssüf ki, ölkəmizdəki saxta diplomlar da əsasən bu ölkələrdən alınır. Təhsil Nazirliyinin də belə şəxslərin sənədini hansısa yolla, nə səbəbdən tanıması qaranlıqdır”.

Sədr müavini müraciətində xahiş edib ki, bu qurumlarda çalışanların diplomlarının, təhsil, ixtisas sənədlərinin qanuni olub-olmaması haqqında araşdırma başladılsın:

“Lazım olarsa bu barədə qanun qəbul edilsin”/cebhe

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button