Redaktor seçimi

Əlirza mirzə Şöhrə: Şöhrətin sönmüş parıltısı

Əlirza mirzə Şöhrə haqqında yazıların az olması üzündən bu şair və təzkirəçi Azərbaycanda tanınmır. Müasir elmi-nəzəri fikirdə ədəbiyyat tarixi konsepsiyalarına ehtiyac yarandığından ədəbi-bədii irsimizin tədqiqi sahəsində əhəmiyyətli olan “Bosatinül-xaqaniyyə” təzkirəsinin öyrənilməsinə ehtiyac var. Əvvəlcə müəllif haqqında.

Əlirza mirzə Qacar elinin Qovanlı (Qoyunlu da deyilir) oymağına mənsubdur. Fətəli şahın iyirminci оğlu olan Əlirza mirzə (anası Məryəm xanım) 17 fеvral 1804-cü ildə Tehran şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Zəfərülmülk ləqəbini daşıyırdı. Paytaxtda yaşamışdı. Bir müddət isə doğma qardaşı Məhəmmədrza mirzənin yanında Gilanda yaşamışdı.

Əlirza mirzə Şöhrə təxəllüsü ilə şeir yazırdı.

Təzkirəçilər onun eyş-işrətə və əyləncələrə çox vaxt ayırdığını vurğulamışlar. Şöhrənin 1700 beytdən ibarət “Divan”ına qəsidələri, qəzəlləri, rübailəri, qitələri və məsnəviləri daxildir. Müəllifin həyat yoldaşı Dildarxan Luristaninin xətti ilə köçürülmüş bu “Divan”ın əlyazma nüsxəsi İran İslami Şura Məclisinin kitabxanasında 1006 şifrəsi ilə mühafizə olunur.

Əlirza mirzə Qacarın “Bosatinül-xaqaniyyə” təzkirəsi əlifba prinsipi əsasında hazırlanmışdır. Beş “bostan”dan ibarət olan təzkirənin hər “bostan”ı əslində müstəqil bir təzkirədir (Məani 1348: c. 1, 120). Hər cildin əvvəlində müqəddimə və məqsədin bəyanı, daha sonra isə şairlərin tərcümeyi-halları, əlifba sırası ilə şairlərin fihristi, axırda isə onların hər birinin şeirlərindən nümunələr təqdim olunmuşdur.
 I bostan – “Bostanül-üşşaq” qəzəlxanlar haqqındadır. H.1248/1832-33-cü ildə yazıldığına dair qeydə malikdir. 404 şairi əhatə etməkdədir. Dörd qisimdən ibarətdir: dibaçə, tərcümeyi-hallar, şair adlarının fihristi və şeirlər.

Tərcümeyi-hallar və fehrist şair adlarının ilk hərfləri, şeir nümunələri isə qafiyələrin son hərfləri əsasında əlifba sırası ilə düzülmüşdür. Müəllif bəzi yanlışlıqlara yol vermişdir. Belə ki, təzkirədə Lütfəli bəy Azər Bəydili Şamlı, Azər Bəydili və Azər Şamlı adı altında iki ayrı-ayrı şair kimi təqdim olunmuşdur. Əhməd bəy Əxtər Gürcü də səhvən iki müxtəlif yerdə ayrı-ayrı adlarla verilmişdir. Sultan Yaqub Ağqoyunlunun saray şairi Baba Şəhidi Quminin adı yanlışlıqla Şəhidi Qəzvini kimi yazılmış, Molla Məhəmməd Sufi Mazandarani isə Məhəmməd Sufi İsfahani kimi qeyd edilmişdir və s. Lakin təzkirəçi şəxsən tanıdığı şairlər haqqında qiymətli məlumatlar vermiş, digər təzkirələrdə yer almayan şairləri xatırlatmışdır.

II bostan – “Bostanül-bədayə” qitə deyənlər haqqındadır;

III bostan – “Bostanül-fəzail” qəsidə deyənlər haqqındadır.

Dörd il ərzində yazılmış və 1251/1835-ci ildə başa çatdırılmışdır.

130 şairdən bəhs edir.

IV bostan – “Bostanül-məarif” məsnəvi deyənlər haqqındadır;

V bostan – “Bostanüs-sənaye” rübai deyənlər haqqındadır. H.1250/1834-cü il hüdudunda qələmə alınmışdır.

İkinci və dördüncü bostanlar dövrümüzə qədər gəlib çatmamışdır.

“Bostanül-üşşaq”da İmamverdi mirzə Qacar, Əfsər Qacar (Məhəmmədrza mirzə), Əhməd Əli mirzə Qacar, İnsaf Qacar (Məlik İrəc mirzə), Ümid Qacar (Əsədulla mirzə ibn Məhəmmədvəli mirzə), Ayaz Talışi,

Lütfəli bəy Azər, Aşüftə İrəvani

(Kəlbihüseyn bəy), Ədəb Qacar (Xudaverdi xan ibn Məhəmməd İbrahim xan), Ülfət Avşar (Məhəmmədqulu), Əvhədi Marağayi, Pərvanə Qacar (Məhəmməd mirzə ibn Məhəmmədvəli mirzə), Bidil Qacar (Abbasqulu), Bərqi Xoyi (Abdulla), Bəzmi Bəydili (Mirzə Sadıq), Təsir Təbrizi, Təmkin Şirvani, Tağı Səfəvi, Cahanşah mirzə Qacar, Çeşmə İrəvani (Rzaqulu xan), Hüseynəli mirzə Qacar, Haləti Türkman Razi (Qasım bəy), Xosrov Qacar (Məhəmmədqulu mirzə Mülkara), Xosrovi Qacar (Məhəmmədvəli mirzə), Xavər Qacar (Heydərqulu mirzə), Xocəstə Qacar (Çingiz mirzə ibn Məhəmmədvəli mirzə), Dövlət Qacar (Məhəmmədəli mirzə), Darayi-Qacar (Abdulla mirzə), Davər Qacar (Rzaqulu mirzə ibn Əfsər Qacar), Davər Qacar (Musa xan), Dürdi Türkman (Məhəmmədəmin bəy), Rüsvay Qacar (Möhsün mirzə ibn Abdulla mirzə), Ravi Gorusi (Məhəmməd Fazil xan), Sərvər Qacar (Təhmasib mirzə), Şikəstə Qacar (Həsənəli mirzə Şücaüssəltənə), Şövkət Qacar (Məhəmməd Tağı mirzə), Şapur Qacar (Şeyxəli mirzə), Şöhrə Qacar (Əlirza mirzə), Şükuh Qacar (Nəsrulla mirzə ibn Məhəmmədvəli mirzə), Şövkət Qacar (Məhəmməd Qasım xan), Şah Abbas Sani, Şərər Bəydili (Hüseynəli bəy), Səbahi Bəydili (Hacı Süleyman), Saib Təbrizi, Səfayi Təbrizi (Əli Nağı), Səburi Təbrizi, Toğrul Qacar (İbrahim xan), Tövfi Təbrizi (Məhəmməd Əli), Təbib İrəvani (Mirzə Məhəmməd), Adil Qacar (Əlişah Zillüssultan), İzzət Qacar (Hacı Süleyman xan), Üzri Bəydili (İshaq bəy), Qalib Səfəvi (Mirzə Əli Əkbər), Fövq Təbrizi (Mirzə Məhəmməd), Qasım Ənvar Təbrizi (Müinəddin Əli), Qabil İrəvani (Hüseynəli xan), Qəsəmi Avşar (Qasım bəy), Mahmud mirzə Qacar, Məsud ibn Mahmud mirzə, Məftun Dünbüli (Əbdürrəzzaq bəy), Minnət Avşar (Kərim xan), Mehdiqlu Şəqaqi Azərbaycani, Münsif Qacar (Məhəmməd Zaman xan), Niyaz Səfəvi (Əhməd mirzə), Nüsrət Lənkərani (Sultan Hüseyn bəy), Nizami Gəncəvi, Nəsrulla Qaragözlü Həmədani, Valayi-Qacar (Əlinağı mirzə), Hümayun mirzə Qacar və b. Azərbaycan şairlərindən bəhs olunmuşdur.

“Bostanül-fəzail”dəki azərbaycanlı şairlər: Əfsər Qacar, İnsaf Qacar, Əvhədi Maraği, Bəndə (Məhəmməd Rza ibn Mirzə Məhəmməd Şəfi Təbrizi), Həkim Qətran Təbrizi, Xaqani Şirvani, Davər Qacar (Musa xan), Seyid Zülfüqar Şirvani, Ravi Gorusi, Şikəstə Qacar, Şükuh Qacar, Şöhrə Qacar, Saib Təbrizi, Səbahi Bəydili, Ənqa Qacar (Məhəmməd Hüseyn mirzə), Fəsihi Təbrizi, Mahmud mirzə Qacar, Mücir Beyləqani, Münsif Qacar, Məsud mirzə Qacar, Nizami Gəncəvi. (Musalı (Səmədova) Vüsalə Azər qızı.

Azərbaycan təzkirəçilik tarixi. Bakı:Elm və təhsil, 2012, s.243-245.) Vüsalə Musalının səhvi ünlü şair, Qacarlar dövlətinin sədrəzəmi Mirzə Məhəmmədşəfi Mazandaranini (1754-1819) tanımamasıdır.

Bu vəzir bəzi mənbələrdə İsfahani kimi də göstərilir.

Əlirza mirzə Nasirəddin şahın dövründə Məlairə gеtmiş, оrda da vəfat еtmişdi. (Берже А.П. Фетх-Али-шах и его дети (исторический очерк) // «Русская старина», 1886, № 6, с. 556; Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 122- 123. )
Qacar şairlərinin istər həyat və şəxsiyyətləri, istərsə də yaradıcıqları baxımından verdiyi məlumatlara görə “Bosatinül-xaqaniyyə” təzkirəsi ən dəyərli qaynaqlardan biri kimi qiymətləndirilməlidir.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button