Cəmiyyət

İş adamları ölkə başçısına müraciət ünvanldı

Azərbaycan Respublikasının Prezidenti, Zati Aliləri İlham Heydər oğlu Əliyev cənablarına iş aadamlar tərəfindən müraciət ünvanlanıb.Analoq.az həmin müraciəti olduğu kimi təqdim edir:

Cənab Prezident!


Yazaraq Sizə bildirirəm ki, mən – Müqayis Verdiyev və daha bir neçə sahibkarlar, iş adamları Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasətinizi, bu siyasətdən doğan tərəqqi və inkişaf reallıqlarından qürur duyur, Azərbaycan vətəndaşı olaraq fəxr hissi keçiririk. İstər paytaxt Bakıda, istərsə də digər rayon və şəhərlərimizdə ardıcıllıqla aparılan tikinti​ və quruculuq işlərində əldə edilən münbit uğurlar müasir-müstəqil Azərbaycanın dinamik inkişaf tandemini müvəffəqiyyətlə səciyyələndirir. Xüsusilə, pandemiya dövründə belə, Sizin vətəndaş amilini və sosial rifahını ən yüksək şəkildə dəyərləndirməniz bir daha sübut edir ki, Siz, hər bir Azərbaycanlının Prezidentisiniz!


Zati Aliləri!


Belə bir çətin dövrdə vətəndaşların sağlamlıqlarının mühafizəsi ilə yanaşı, onların qayğılarına qalmaq kimi atılan hər bir addım biz sahibkarlar tərəfindən birmənalı olaraq dəstəklənməkdədir. Xüsusilə, korrpupsiya və rüşvətxorluğa qarşı aparılan sərt, amansız mübarizəniz sahibkarlıq sistemində baş verən neqativ halların qısa müddətdə aradan qalxmasına kifayət qədər zəmin yaradır. Bu baxımdan biz sahibkarların Sizə müraciət etmək və uzun illərdən bəridir ki, yaradılan süni problemlər, əngəllər, sahibkarların incidilməsi, hətta təhdidlərə məruz qalmaları barədə həqiqətləri çatdırmaq zərurəti yaranıb.

Möhtərəm Prezident!

Qeyd edək ki, mən 2015-ci ildə Azərbaycan qanunvericili əsasında yaradılmış və hazırda da qanuni fəaliyyət göstərən A.V. Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru vəzifəsini daşıyıram. İşimin əsas hissəsi tikinti-quruculuq, abadlıq və bu istiqamətdə digər sahələri əhatə etməkdədir. Məqsədim isə, dövlət siyasətinə bir sahibkar olaraq dəstək göstərmək, vətəndaş məsuliyyətinin öhdəsindən layiqincə gəlməkdir.

Xatırlatmaq istərdim ki, gördüyüm işlər kifayət qədər miqyaslıdır. Belə ki, Yevlax, İmişli, Beyləqan, Hacıqabul, Kürdəmir, Quba, Goranboy rayonlarında, eləcə də Gəncə şəhərində bir sıra mühüm tikinti-quruculuq layihələrini reallaşdırmış, habelə rayonlarda Bayraq Meydanlarının tikintisi rəhbərlik etdiyim MMC tərəfindən tikilərək istifadəyə verilmişdir.

Sizin sahibkarların fəaliyyətinə göstərdiyiniz dəstək, eləcə də sahibkarlara qarşı yaradılan süni əngəllərin aradan qaldırılması, işlərimizin daha müfəssəl qaydada həyata keçirilməsi üçün verdiyiniz qərarlar və tapşırıqlar yolumuza işıq saçdı.

Gördüyümüz işlər və həyata keçirdiyimiz layihələrin uğurlu icrası digər rayon və şəhər rəhbərliyi tərəfindən də diqqətə alınmış, MMC-yə onlarla birgə əməkdaşlıq etmək təklifləri irəli sürülmüşdür. Belə şəhərlərdən biri də Sumqayıtdır.

Nəzərinizə çatdırım ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin (İH) başçısı Zakir Fərəcov 2016-cı ilin mart ayında bilavasitə mənimlə əlaqə saxlayaraq, hazırda fəaliyyətdə olan dənizkənarı Yeni Bulvar kompleksinin tikintisinin mənim və kompanyonlarım tərəfimdən aparılmasını istəyib. O cümlədən, bu işlərin həyata keçirilməsi üçün şəhərin o zamankı baş memarı (hazırda Tikinti İdarəsinin rəisi) Adil Xudadatovla tanış edib, maliyyə və s. məsələlərin də onunla müzakirə etməyi tapşırıb.


Çox hörmətli Prezident!

Diqqətinizə çatdırım ki, Sumqayıt şəhərinin Memarlıq İdarəsinin rəhbəri olmuş A. Xudadatovla ilkin tanışlıqdan sonra o mənə böyük vədlər verdi və bildirdi ki, əgər bu işi tam şəkildə və yüksək keyfiyyətlə başa çatdırarsam, heç bir maliyyə problemləri yaşanmayacaq, işçilərin və eləcə də digər iş adamlarının gördükləri işlərin müqabilində ödənişlər vaxtı-vaxtında veriləcək. Əlbəttə ki, mən və sahibkar ortaqlarımız işin icra ediləcəyi yerə gedərək, ərazi ilə tanış olduq, 105 hektarlıq ərazidə planlaşdırma apardıq, işin sentyabr ayında təhvil veriləcəyini bildirdik. Habelə, Sumqayıt şəhərinin girəcəyi istiqamətində – Bakı-Quba yolunda da tikinti-abadlıq işlərini qarşı tərəfin istəyi ilə üzərimizə götürdük. Beləliklə, 624 işçimlə və texnikamızla birgə mart ayının 10-da işə başladıq, Bulvar kompleksini sentyabr ayında vəd etdiyimiz kimi, qısa müddətdə və ən yüksək səviyyədə yekunlaşdırdıq. Biz çox fəxr edir, qürur duyuruq ki, Siz kompleksin açılışında şəxsən iştirak edərək, nəhəng miqyaslı işlərin bu qədər qısa müddətdə və ən yüksək standartlara cavab verən şəkildə təhvil verilməsini dəyərləndirdiniz və möcüzə adlandırdınız. Sizin verdiyiniz yüksək qiymət bizə yeni-yeni layihələrin icrası üçün stimul verdi, ruhlandırdı. Sahibkarlıqdan əlavə, həm də məsuliyyətli vətəndaş olaraq, daim Azərbaycanımızın tərəqqisi, çiçəklənməsi üçün hazırda da qarşımıza qoyulan öhdəlikləri vaxtında, yüksək keyfiyyətlə yerinə yetirməyə hazırıq.​

Zati Aliləri!

Qeyd edim​ ki, Sumqayıtda aparılan işlər müqaviləsiz aparılıb və bu məsələdə bizə Zakir Fərəcov tərəfindən vəd verilib ki, işlər yalnız yekunlaşandan sonra dövlət tərəfindən ayrılmış vəsaitin ödənilməsinə başlanılacaq. İşlər başa çatdırıldıqdan sonra isə, bizə nəinki vəsaitlər ödənilmədi, əksinə hər dəfə haqqımızı tələb etməyə gedərkən, qəbuldan kənarda qaldıq. Bütün bunların yerinə isə, bizim qarşımıza Adil Xudadatov göndərilir və onun ayrı-ayrı adamlardan pul alaraq ​ ödənilməsi kimi qanunsuz əməllərə rəvac verilirdi. Hətta müxtəlif materialların alınması üçün bizim tərəfindən müraciətlər edilərkən, A.Xudadatov pulların yığılmadığını deyirdi. Biz yaxşı bilirdik ki, haqlı tələblərimizin ətrafa yayılmaması üçün Adil Xudadatov digər insanların haqlarına girir, onların hüquqlarını cinayətkar əməlləri ilə pozur. Bu baxımdan biz onların təkliflərini rədd edir, dövlətin ayırdığı vəsaitlərin ödənilməsini tələb kimi onların qarşısına qoyurduq. Hətta Z.Fərəcov və onun “sağ əli”​ hesab edilən A.Xudadatov dövlətin ayırdığı vəsaitin 30 faizinin onlara keçilməsini də qarşımıza şərt olaraq qoyublar.

Gördüyümüz işlərin smeta dəyərləri və hesablama nəticələrinə gəlincə isə bildirmək istərdim ki, Sumqayıt şəhərinin girəcəyində – Bakı-Quba yolunda abadlıq işlərinin ümumi dəyəri 12. 800. 000 manat təşkil edib. Sumqayıt şəhər İH ilə aramızda smeta dəyəri ilə bağlı fikir ayrılığı olmasa da, artıq dörd il ötməsinə baxmayaraq, mənə 6. 000.000 manat pul ödənilib. Vəsaitin yerdə qalan hissəsinin isə ödənilmədiyini nəzərə alaraq bu cür nəticəyə gəlinir ki, həmin vəsaitin ödənilməyən hissəsi Z.Fərəcov və A.Xudadatov tərəfindən qanunsuz şəkildə, cinayətkarcasına mənimsənilib. Əks halda onlar nəyə görə ötən müddət ərzində həmin vəsaiti ödəməyiblər? ​

Möhtərəm Prezident!

İşlərimizin dayanması halında etdiyim müraciətlər ya cavabsız qalır, ya da məcbur olaraq, tikinti materiallarının nisyə şəkildə əldə edilməsinə, fəhlələrin, ustaların əmək haqlarının ödənilməsinə çalışırdım, böyük borclara girirdim. Yəni layihənin nə qədər vacib olduğunu tam məsuliyyətimlə qavrayır, işlərin dayanmaması üçün əlimdə olan bütün imkanlardan maksimum şəkildə istifadə edirdim. Belə olanda isə, A.Xudadatov İH başçısı ilə birgə mənə yalvararaq, işləri vaxtında sona çatdırmağımı istəyirdilər. Təəssüf ki, qarşı tərəfin cinayətkar və dələduzluq əməllərinə görə, uzun illərdir əməkdaşlıq etdiyim digər iş adamlarının, sahibkarların borclarını da ödəyə bilmirəm, bu amil isə mənim işgüzar nüfuzuma ciddi şəkildə xələl vurmaqdadır.

Adil Xudadatovun İH başçısının “sağ əli” olması, dələduzluq əməlləri faktı həm də onun barəsində aparılan araşdırmalarımızdan sonra daha bariz şəkildə özünü sübuta yetirmişdir. Bu gün onun özünün, ailəsinin və yaxınlarının sürdükləri bahalı, son model maşınlar, mənsub olduğu villalar və mənzillər və s. əmlaklarının hər birinin arxasında dövlətin vəsaitlərini mənimsəmə, dələduzluq vasitələri ilə qanunsuz maliyyələr əldə etmə, eyni zamanda digər cinayət faktorları dayanmaqdadır. Bu gün Sumqayıt şəhəri və ətrafında baş verən çoxsaylı qanunsuzluq əməllərinin hər birinin arxasından məhz A.Xudadatovun adının çıxması heç də təsadüf deyildir. Sahibkarların qarşısının alınması, aldadılması, sadə insanların əmək haqlarının yeyilməsi və s. kimi çirkin əməllər bu gün də mənim və digər bir sıra şəxslər tərəfindən təsdiq və təsbit edilə bilər. Əgər buraya pulların yuyulması faktlarını da əlavə edərsək, onların cinayətkar əməllərinin nə qədər ağır dərəcəli olduğu müəyyən oluna bilər. ​


Möhtərəm Prezident!

Dövlətini, Vətənini sevən sahibkar, iş adamları olaraq, məhz Sizə -​ bizim əvəzedilməz himayəçimizə, xalqımızın Liderinə müraciət edərək, yüksək şəkildə dəyərləndirdiyiniz işimizə – Sumqayıtın Yeni Bulvar Kompleksinə görə hələ də ala bilmədiyimiz haqqımızın ödənilməsinə, bu işdə birbaşa Sizin etimadınızdan sui-istifadə edən, dövlətin qanunlarını pozan, ayrılan vəsaitləri ələ keçirən Zakir Fərəcovun, onun “sağ əli” Adil Xudadatovun əməllərinin araşdırılmasına göstəriş vermənizi təvəqqe edirik.

Biz hər zaman Sizin ətrafınızda sıx birləşərək, dövlət quruculuğu prosesində fəaliyyətimizi davam etdirmək, Azərbaycanımızın abadlaşması, çiçəklənməsi prosesində töhfələrimizi vermək əzmindəyik. O cümlədən, Sizin tərəfinizdən sahibkarlara göstərilən diqqət və qayğınızdan bəhrələnərək, yeni-yeni layihələrin həyata keçirilməsi üçün çağırışlarınıza hazır olduğumuzu bildiririk.

Hörmətlə və dərin ehtiramla sahibkarlar və iş adamları,

İsayev İslam,

Orucov Vilayət,

Əhmədov Həbib,

Mistafayev Vadim,

Qurbanov Tofiq,

Seyidov Taleh,

Mansurov Çingiz,

Allahverdiyev Aydın,

Şəmiyev Ağamməd,

Məmmədov İlham

Verdiyev Müqayis,

Ənnağıyev Bəxtiyar,

Həmidov Səadətxan,

Orucov Abbas,

Məlikov Anar.

Analoq.az

Daha çox
Back to top button
Close