ManşetSiyasət

Erməni ombudsman dəlixanalar barədə şok fakt açdı

Ombudsman Arman Tatoyan keçirdiyi mətbuat konfransında bir sıra diqqəti çəkən məqamlara toxunub. O qeyd edib ki, Ermənistan psixiatriya xəstəxanalarında insanlar öz iradələrinin əksinə olaraq zorla saxlanılır.
A.Tatoyan bunu bir sıra faktlarla əsaslandırmağa çalışıb və qeyd edib ki, psixatriya müəssisələrində praktiki olaraq pozuntular davam edir: “Məsələn, Sevan Psixi Sağlamlıq Mərkəzində 402 xəstə saxlanılıb, onlardan 8 nəfəri məcburi müalicəyə cəlb edilib. Qalan 394 xəstə isə sənədlərdə qeyd olunduğu kimi, könüllü olaraq müəssisədə olub və psixi müalicə alıb. Əslində bizim xəstələrlə görüşlərimiz bunun əksini göstərir: insanlar daim müqavimət göstərirdilər, öz iradələrinə zidd olaraq psixiatriya xəstəxanasında saxlandıqlarını qeyd edirdilər, lakin sənədlərdə onların könüllü olduqları qeyd olunur”.
O qeyd edib ki, sənədlərin tədqiqi zamanı xeyli dərəcədə eyni şəxsin imzaları müəyyən edilib: “Bu, əslində insanların nəyə imza atdıqlarını bilmədən sənədə imza atması ilə bağlı ciddi şübhələr yaradır. Bu problem ciddi narahatlıq doğurur və təkcə Sevanda deyil, Vardenis pansionatında da qeydə alınıb. Psixi sağlamlıq problemi olan şəxslər yalnız müəyyən olunmuş saatlarda şöbəni tərk edə bilirdilər. Bu, öz növbəsində, onların öz iradəsinə zidd olaraq orada saxlanılması deməkdir”.
Ombudsman onu da vurğulayıb ki, psixiatriya xəstəxanalarında psixi pozğunluğu olan şəxslərin könüllü müalicəsi formal xarakter daşıyır.
O da məlumdur ki, Ermənistanda Paşinyan hakimiyyətinə qarşı xeyli narazı şəxs var. Hakimiyyət onları neytrallaşdırmaq üçün müxtəlif vasitələrə əl atır. Bu baxımdan ehtimal etmək olarmı ki, Ermənistanda siyasi rəqiblərdən kimlərisə zorla dəlixanada saxlayırlar?
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı bu versiyanı istisna etmədi: “Belə bir halın baş verməsi mümkündür. Çünki ermənilərdən, ölkədə hakimiyyətdə olan qüvvələrdən nə düsən gözləmək olar. Nəzərə almaq lazımdır ki, Ermənistan bir terror dövlətidir. Onların siyasəti terror üzərində qurulub. Siyasi rəqibləri sıradan çıxarmaq üçün bütün vasitələrə əl atırlar. Məsələn, Ermənistanın ikinci prezidenti Robert Köçəryan bir sıra siyasi rəqiblərini terror yolu ilə qətlə yetirdi. Nikol Paşinyan demokratiya bayrağı altında hakimiyyətə gəlsə də əslində o özü də belə metodlardan bir qədər fərqli formada istifadə edir. Düzdür, buna görə kimsə qətlə yetirilmir, amma digər vasitələrlə neytrallaşdırılır. Ermənistanda siyasi rəqibləri sıradan çıxarmağın bir yolu da onlari zorla psixatriya xəstəxanalarına yerləşdirməkdir. Çünki psixatriya xəstəxanasına normal insanı yerləşdirib elə inə vururlar ki, həmin şəxs birdə normal insan olmur. Kənardan baxan kimi bunun psixi xəstə olması görüntüsü yaranır. Bu baxımdan istisna deyil ki, insan haqlarının kobud şəkildə pozulduğu Ermənistan kimi ölkədə bu metoddan istifadə olunur. Kim nə deyir-desin müharibədən sonra Paşinyandan narazı olanların sayı artıb. O üzdən, hakimiyyətin bu metodlara əl atması ehtimalı böyükdür”.
Professor onu da qeyd etdi ki, belə qeyri-qanuni vasitələr Paşinyanı xilas etməyəcək.

Vidadi ORDAHALLI

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button