Dünya

ABŞ-da nə baş verir?-“Bu, indiyə qədər baş verənlərdən daha böyük etiraz dalğasıdır”

“Nəfəs ala bilmirəm!”. ABŞ-da polisin afroamerikalı Corc Floydu dizinin altında boğaraq öldürməsindən sonra başlanan etirazlar davam edir. Əvvəlcə hadisənin baş verdiyi Minneapolis şəhərində başlanan nümayişlər bütün şatatlara yayıldı, hətta Avropada dəstək aksiyaları da keçirildi. “Bu, indiyə qədər baş verənlərdən daha böyük etiraz dalğasıdır”, – amerikalı mütəxəssislər bildirirlər.

Küçələr döyüş meydanını xatırladır, komendat saatının tətbiq edilməsinə baxmayaraq, etirazçılar evlərinə getmir, polislə toqquşmalar davam edir. Şəhərlərdə yandırılan marketlər, dağıdılan obyektlər gözə dəyir. Adətən “rəngli inqilabların” baş verdiyi ölkələrdəki mənzərə bu gün ABŞ-da müşahidə olunur.

Mayın 25-də Minneapolis şəhərində ağ dərili polis zabiti Derek Şoven afroamerikalı Corc Floydu saxlayarkən, boynunu dizinin altında sıxır, əzilən Floyd isə qışqırırdı: “Mən nəfəs ala bilmirəm”. Görüntüləri araşdıran mütəxəssislər deyirlər ki, polis zabiti afroamerikalını 8 dəqiqə 46 saniyə dizinin altında saxlayır, 2 dəqiqə 53 saniyə sonra Floyd artıq huşunu itirmişdi. İnsanı belə vəziyyətdə saxlamaq həyati risk daşıyır, qeyd olunur ki, ABŞ-da kurslar zamanı polislərə bunu öyrədirlər. Derek Şoven üçüncü dərəcəli qətl və qərəzsiz qətl ittihamları ilə həbs olunub, lakin bu, etirazçıları qane etmir. Və budur, xəyallar ölkəsi Amerika yanır…

“Foreign Policy” jurnalının Minneapolis şəhərində yaşayan analitik bölməsinin rəhbəri Ellison Karlson qeydlərində yazır:

Mən yuxudan oyananda küçə tüstüləyirdi. Leyk küçəsindəki yanğın bir gecə ərzində bütün ətrafı bürümüşdü, şimalda səmaya qara tüstü qalxırdı. Yeniyetmələr küçənin tinində mağazanı talan edirdilər. “Günəşli” hava proqnozu, “tüstülü” hava ilə əvəz olundu.

Bu cümə günü idi. İstirahət günündə hər şey daha pis oldu. Axşam saat səkkizdə tətbiq olunan komendat saatına etiraz edən nümayişçilər şəhəri yandırmağa davam etdilər.

Minnesota (Minneapolis şəhərinin yerləşdiyi) ştatın qubernatoru Tim Vals gecə yarısı mətbuat konfransı keçirdi və hər kəsi sakitliyə dəvət etdi. Bundan başqa o bildirdi ki, hakimiyyət bu dəfə 1960-cı ildəki çaxnaşmalar zamanı istifadə edilən polis qüvvələrindən üç dəfə çox qüvvə cəlb edib.

“Tarqet” supermarketini qarət etdilər, sonra da yandırdılar. Bu, koronavirus pandemiyası zamanı sakinlərin ən vacib malları aldığı market idi. Qarət və yandırma digər müəssisələrə də çatdı, bir çox mağazanın sahibi qapıları bağlayıb evinə qaçdı.

Bütün bunlar Minneapolisdə, ölkənin ən sabit və çiçəklənən şəhərində başlandı. Lakin şənbə və bazar günlərində etirazlar və çaxnaşma Nyu-York və Los-Ancelesə çatdı, Atlantda isə fövqəladə vəziyyət elan olundu. Bütün istirahət günü Vaşinqton da daxil olmaqla onlarla şəhər polislə etirazçıların sərt toqquşmalarına şahidlik etdi. Etirazçılar Ağ Evə hücum etdi, məxfi xidmətin agentləri prezident Trampı yeraltı bunkerə təxliyə etməyə məcbur oldular.

Çox amerikalı polisin azlıqlarla bağlı özbaşınalığına fikir verməməyə çalışır və bunu həll olunmuş problem hesab edirdi, hərçənd, vəziyyət fərqli imiş. Əvvəlcə qanuni formada həyata keçirilən etirazlar sonra özü ilə dağıntıları gətirdi. Corc Floydun qətli Minneapolisdə illərlə yığılmış gərginliyi kəskinləşdirdi və bu gərginlik təkcə polis özbaşınalığından yox, həm də afroamerikalıların üzləşdiyi iqtisadi bərabərsizlikdən, təhsildən tutmuş bir çox sahədə mövcud olan ayrı-seçkilikdən qaynaqlanır. Koronavirus ən çox afroamerikalıları “vurdu” və yoluxma və ölüm halları onlar arasında çox oldu.

Vətəndaş hüququ üzrə bəzi amerikalı ekspertlər danışıqlar ki, sosial gərginliyin və irqi həbslərin artması fonunda bu gözlənilən idi və xalqın qəzəbi nəhayət partladı. Misal üçün, pandemiya dövründə tətbiq edilən karantin rejimi zamanı maska taxmalarına baxmayaraq, afroamerikalıları tez-tez saxlayır və həbs edirdilər. Mayamidə həbs olunan afroamerikalılar arasında bir həkim hətta virusa yoluxmuş evsizlərə baxmaq üçün könüllü olmuşdu.

Bu hadisələr 2014-cü ildə Nyu-Yorkda afroamerikalı Erik Qarnerin qətlini xatırladır. Həmin vaxt qətldə qismən günahlandırılan ağ dərili polis zabiti Daniel Pantaleo 5 il sonra azadlığa buraxıldı. Floydu qətlə yetirən polis zabiti Derek Şoven də həbs olunub, amma etirazçılar onun da tezliklə azad olunacağını hesab edirlər.

Qarnerin qətli və Myakl Braunun eyni taleyi yaşaması 2014-cü ildə Ferquson hadisələrinə səbəb oldu. Amerikalı ekspertlər bildirirlər ki, Ferquson hadisələrindən sonra hakimiyyət polis zorakılığına qarşı daha qətiyyətli addımlar atmağa başladı.

Arizona Universitetin cinayət hüququ üzrə professoru Edvard Makquar danışır ki, əvvəllər polislər sona qədər müdafiə olunur, ən pis halda bir neçə günlüyə dəmir barmaqlıq arxasına salınırdı: “İndi vəziyyət fərqlidir və daha sərt addımlar atılır”.

Lakin başqa cür düşünənlər də var. ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan zabiti Maykl Bell hesab edir ki, “əgər Floydun qətli ilə bağlı video sosial şəbəkələrdə yayılmasa və etirazlar başlanmasaydı, Şoven də cəzalandırılmayacaqdı”.

“İtirilmiş dürüstlük: hüquq-mühafizə orqanlarının həbs edilmiş əməkdaşlarının tədqiqatı” kitabının müəllifi Filipp Stinson da vəziyyətin əvvəlki kimi olduğunu düşünür.

Bildirir ki, 2005-ci ildən indiyə qədər atış nəticəsində qətl və ya qəsdsiz qətl üçün 110 polis əməkdaşı həbs edilib və bu 15 ildə onlardan yalnız 42-nə qarşı ittiham irəli sürülüb.

Ekspertlər polislərin irqi zorakılığından doğan hadisələrin 2020-ci il prezident seçkilərinin nəticələrinə təsir edəcəyini hesab edirlər. Lakin bu, növbəti dəfə prezident olmaq istəyən Trampı deyəsən o qədər də maraqlandırmır.

D.Tramp Floydun qətlinə görə əvvəlcə təəsüfünü bildirdi, amma sonra sanki odun üzərinə yağ tökdü. ABŞ pezidenti “Tvitter” hesabında belə yazdı: “Soyğunçuluq edəcəksiniz, güllələnmə başlayacaq”. Cümə günü mətbuat konfransı zamanı isə o, ümumiyyətlə Minneapolisdəki hadisələr haqda danışmaqdan imtina etdi.

“Mən bura Çini müzakirə etmək üçün gəlmişəm”, – Trampın cavabı belə idi.

Demokratların namizədi, seçkilərdə respublikaçıların əsas rəqibi olacaq Con Bayden Trampı “Amerika vətəndaşlarına qarşı zorakılıqda” ittiham etdi.

“Floydun həlak olması ölkənin tarixində “açıq yaranı” ortaya çıxardı. İrqçilik əvvəl olduğu kimi indi də ABŞ-ın reputasiyasına ləkədir”, – Bayden vurğulayıb.

Dinc başlanan etirazların sonradan qarət və yanğınla əvəz olunması afromerikalıların ittiham edilməsinə səbəb oldu. Tramp Administrasiyası, eləcə də bir çox “zadəgan” amerikalı qaradərililəri “vəhşilikdə” günahlandırır, ittiham olunan tərəf isə yanğın və qarətin etiraza aid olmayan təxribatçılar tərəfindən törədildiyini bildirir.

“Vətəndaş Hüquqları Korpusu” qeyri-kommersiya hüquq müdafiə qrupunun rəhbəri Alec Karakatsanis isə hesab edir ki, afroamerikalıların çıxış yolu yoxdur.

“Mən qaraların çarəsizliyini anlayıram. Ya sən yandıracaqsan, ya da polis səni güllələyəcək. Onların başqa seçimi yoxdur”, – hüquq müdafiəçisi danışır.

Minnesota ştatının rəsmiləri bildirirlər ki, etirazların miqyası gözləniləndən bir neçə dəfə böyük oldu. Nümayişçilərin bəziləri özlərini sakit aparır, amma əksəriyyəti silahlıdır və barrikadalar tikirlər. Polislə silahlı atışmalar baş verir. Qiyamçılar poçt pikaplarını və yük maşınlarını saxlayır, onları qarət edir və barrikada üçün istifadə edirlər. Ştatın Milli Qvardiya qüvvələrinin nümayəndəsi Con Censen bildirir ki, yanğınların söndürülməsinə üç yanğın briqadası cəlb olunub. Qubernator isə Milli Qvardiyaya əlavə 1000 əsgər cəlb etmək səlahiyyəti verib. Bunun Minnesota tarixində ən böyük hərbi kontingent olduğu deyilir. Analoji hal digər ştatlarda da müşahidə olunur. 6 ştatın qubernatoru Milli Qvardiya qüvvələrini etirazların yatırılması üçün cəlb edib.

“Assoşeyted Press”in məlumatına görə, mayın 30-da 17 şəhərdə 1400 insan həbs edilib. Həbs edilənlər arasında etirazçılarla yanaşı, etiraz edənləri ox və digər kustar silahlarla nişan alanlar da var. Rəsmilər ölkədə vətəndaş müharibəsinin olması ehtimalından da narahatdırlar. ABŞ 1861-1865-ci illərdə bunu yaşayıb…

Latın Amerikasından gəlmə olan silahlı etirazçılardan biri deyir ki, “mən polisi sevmirəm, onlar bizi güllələyir, biz sadəcə özümüzü qorumağa çalışırıq”.

“The Guardian” yazır ki, CNN və MSNBC də daxil olmaqla bir çox informasiya agentliyinin əməkdaşları etirazları işıqlandırarkən zədələnib. Jurnalistlər polisin rezin güllələrinə və kimyəvi maddə atan silahlarına tuş gəlir. Hətta bir neçə müxbirin həbs edildiyi deyilir.

Nəşr yazır ki, Los-Ancelesdə etiraz aksiyası Pan-Pasifik parkında sakit formada başladı, lakin sonra etirazçıların kiçik qrupları polis maşınlarına hücum edərək, yandırdı, polis buna cavab olaraq rezin güllələri ilə saldı. Axşam saat 20:00-dan sonra komendat saatı başlandı, şəhər meri Erik Qarsetti isə ştat qubernatorundan Milli Qvardiyanın 700 əsgərini göndərməyi xahiş etdi.

Nyu-Yorkda küçə döyüşləri Tayms bağında başlandı. Etirazçılar polislərə “molotov kokteyli” atır, küçələri yandırılır. Yüzlərlə etirazçı İst-Villic mikrorayonuna toplaşdı, polislər onları dəyənək ilə döyürdülər.

Nyu-York polisinin rəsmi “Tvitter” səhifəsində belə bir tvit yayımlandı: “Biz Nyu-York polisinin zabitlərinə qarşı belə hərəkətlərə dözməyəcəyik”. Məlumatda qeyd olunur ki, polis maşınlarını yandıranlar həbs olunub. ABŞ prokurorluğu artıq saxlanılanlardan üçünə qarşı ittiham irəli sürüb. Nyu-Yorkun meri Bill Blazio da polisin etirazçılara qarşı zorakılığına haqq qazandırıb.

Atlantda 70 etirazçı həbs edilib, üç polis zabiti yaralanıb. Milli Qvardiyanın 1500 əsgəri etirazçılarla mübarizəyə cəlb olunub.

Filadelfiya və Çikaqoda da etirazçılar polis maşınlarını və şəhər mərkəzini yandırıb.

Vaşinqtonda etirazçılarla polis və Ağ Evin təhlükəsizlik xidmətinin əməkdaşları arasında toqquşma iki gün davam edib. Yüzlərlə nümayişçi Ağ Evi mühasirəyə alıb və “Mən nəfəs ala bilmirəm!”, “Qaraların da həyatı əhəmiyyətlidir!” şüarları səsləndirib. Ağ Evi yaxınlığındakı avtomobillər və zibil konteynerləri yandırılıb.

Prezident Tramp etirazçıları yenidən ittiham edib. Kennedi adına Kosmik Mərkəzdə çıxış edən ABŞ prezidenti bildirib: “Qiyamçılar və soyğunçular Corc Floydun xatirəsini təhqir edir”.

Trampın Ağ Evi mühasirəyə alan etirazçılar haqqında dediyi “qəddar və acıqlı itlər” ifadəsi narazlığı daha da artırıb. Vaşinqtonun meri Myuriel Bauzer prezidenti tənqid edib.

“Afroamerikalılar haqqında acıqlı itlər ifadəsi Cənubda itləri qadınların, uşaqların və günahsız insanların üzərinə salan quldarlığın xatırlanmasıdır”, – şəhər meri bildirib.

Qətlə yetirilən Floydun qardaşı isə bildirib ki, prezident Trampla qısa telefon danışığı olub.

“Hər şey çox sürətlə oldu. O mənə imkan vermirdi nəsə deyim. Mən onunla danışmağa çalışırdım, amma o daim sözümü kəsir, mənim nə haqqında danışdığıma qulaq asmaq istəmirdi”, – öldürülən afroamerikalının qardaşı Filonis bildirib.

ABŞ sabah gözlərini yeni vətəndaş müharibəsinə, yaxud “rəngli inqilaba”mı açacaq? Etirazların miqyası müxtəlif gözləntiləri önə çıxarır. Amma baş verənlərin prezident seçkilərinə təsirsiz ötüşməyəcəyi dəqiqdir.publika.az

Analoq.az

Daha çox
Back to top button
Close