Cəmiyyət

“İçkili avtomobil idarə etmək Quranda qadağan olunub”-Tanınmış ilahiyyatçı

Eyni evdə yaşamayan şəxslərin cinsi əlaqədə olması illeqal hesab olunacaq. Britaniyada koronavirusla mübarizə çərçivəsində sosial izolyasiya tədbirləri gücləndirilib. Bu ölkədə birlikdə qalmayan şəxslərin bir-biri ilə cinsi əlaqədə olması, öpüşməsi və ya hər hansı təmas karantin qaydalarının pozulması kimi qiymətləndiriləcək.

Bu gündən etibarən birlikdə yaşamadığı şəxslə həmin evdə intim əlaqədə olanlar cərimələnəcəklər. Qərarın qəbul olunmasına səbəb kimi koronavirusun yayılmasının qarşısını almaq göstərilir. Belə ki, hökümət bu qərarla müxtəlif insanların eyni qapalı məkanda yaxın ünsiyyətinin qarşısını almaq istəyir.

Bundan əlavə, insanların bir evdə əsassız yerə toplaşması da qadağan edilib. Qaydaların tənzimlənmə mexanizmi barədə məlumat verilmir.

Bu barədə dövri mətbuatda məlumat yayılıb.
Məsələ ilə əlaqədar ilahiyyatçı – yazar Tural İrfan Analoq.az-a açıqlama verib.
Onun yanaşmasını olduğu kimi sizə təqdim edirik:

“Qurani Kərimdə Allah təala insanlığın yaşama tezislərini çizib, qadağa və qanunları göstərib. Sadəcə bəzi insanlar nadanlıq edərək bu kitabın guya qədim dövr üçün yazıldığını iddia edərək əməl etməkdən boyun qaçırır və zəlalətə, pandemiya kimi bəlalara düçar olurlar. Allah nə deyirdi?

Allah deyirdi, leş, qan, haram heyvanları yeməyin. Gərək Allah izahmı edəydi ki, nə üçün yeməyin? Çində əti haram heyvanlardan ictimai istifadə bu günki məlum bəlaya gətirib çıxardı. Yarasa ətinin haram olmasını Quranda yarasanı yaradan Allah 1400 il əvvəl demirdimi? İçkinin haram olmasını, siqaretin haram olmasını Allah demirmi?

Deyir! Ancaq siqaret ilk icad olunan illərdə guya dərman kimi təqdim edilərək dünyada kütləvi yayılmasına nail olundu. Lakin sonralar bunun ziyanı qəbul edilərək həkimlər tərəfindən təsdiq edildi. Bu gün dünyada içkili, sərxoş avtomobil, nəqliyyat vasitəsi idarə etmək, vəzifə başında sərxoş olmaq qanunla qadağan edilib.

Halbuki Allah Quranda 1400 il əvvəl bunu bəyan edib. Necə ola bilər ki, avtomobil idarə edən adama sərxoşluq qadağan edildiyi halda həyat avtomobilini idarə edənə bu qadağa şamil olmasın? Hər kəs ilk öncə öz həyatını idarə edir, öz ailəsini, öz işini idarə edir.

Yaxud da zinanı, qeyri qanuni cinsi əlaqəni Allah qadağan edir. Lakin insanlar buna məhəl qoymur, nəticədə spid kimi yoluxucu xəstəliklər və əxlaqsızlıq baş alıb gedir.

İndi siz görürsünüzmü ki, dünya öz xoşluğu ilə Allahın qanunlarına tabe olmadıqca axırda məcbur olaraq ona əməl etməli olur, hətta Britaniya kimi dövlətdə zinanı qadağan edən qanun qəbul olunur? Demək dünya Qurana qayıtmağa məcbur olur.

Quranda Allah təala buyurur ki, zinaya yaxınlaşmayın. Bu təkcə əxlaqı qorumaq üçün deyil. Bu, həm də belə xəstəliklərdən mühafizə olunmaq üçündür. İmam Əlinin o sözünə qayıdıram ki, buyurur: “Başınıza gəlməmiş başa düşənlərdən olun!”

Təəssüf ki, dünya başına gəlməmiş başa düşmədi. İndi isə başa düşərək Allahın əmrlərini tətbiq etməyə vadar olub.”

Analoq.az

Daha çox
Back to top button
Close