Redaktor seçimi

Mirzə Cəlilin uşaqlarının müəllimi Mirzə Xosrov Axundov

Mirzə Xosrov Axundov 1889-cu ilin iyul ayının 13-də Şuşada ziyalı ailəsində anadan olub. Atası Mirzəli Aşiq dövrünün tanınmış şəxsiyyətlərindən idi. Onun Seyidli məhəlləsindəki məsciddə mədrəsəsi olub. Müəllimlik etməklə yanaşı, şeir də yazıb. Xurşidbanu Natəvanın “Məclisi-üns”, Mir Möhsün Nəvvabın “Məclisi-Fəramuşan” ədəbi məclislərinin fəal üzvü idi. M.F.Axundzadə Şuşada olarkən Mirzə Əli Aşiqlə tanış olub. Mirzə Fətəli bir müəllim kimi ona 1857-ci ildə tərtib etdiyi əlifbanın təbliğini tövsiyə edib. M.F.Axundzadə yazır ki, Şuşada Mirzə Əlidən başqa heç kəsin onun ideyasını təqdir etmədiyini, bir qismi etirazını açıq şəkildə bildirsə də, digərləri üzdə bir, arxada isə başqa cür davranmışlar. M.F.Axundzadə Mirzə Əliyə bir bənd şeir də həsr etmişdir.

Bir neçəsi üzdə müsəddiq olur,
Qaib olur məndən, münafiq olur.
Mirzə Əli ancaq ki, sadiq olur,
Yerdə qalan cümlə tapır zəlalət.

(M.F.Axundzadə. Komediyalar, povest,
şeirlər. Bakı, “Yazıçı”, 1982, s.238).

Mirzə Xosrov Axundovun babası Molla Zeynalabdin Sağəri Qarabaği 40 il mollaxanada müəllimlik etmişdir. Türkcə, farsca yazılmış iki böyük divanı vardır. Divanı 2832 beytdən ibarətdir. Molla Zeynalabdin Sağəri Qarabaği haqqında məlumata Mir Möhsün Nəvvabın “Təzkireyi Nəvvab”, Məhəmmədağa Müctəhidzadənin “Riyazül-aşiqin” adlı təzkirələrində rast gəlirik. Zaman Əsgərli, Cavad Heyət, Cahangir Qəhrəmanov, Zəminə Hacıyeva, Paşa Kərimov, Vasif Quliyev Sağəri Qarabağinin yaradıcılığı ilə bağlı öz məqalələrində geniş məlumat veriblər.

Xosrov Axundov belə bir ədəbi mühitdə böyümüşdür. O, ömrünün 50 ilini Şuşada savadsızlığın aradan qaldırılmasına həsr etmişdi. İbtidai sinif müəllimi olmaqla yanaşı, “Şaiq” təxəllüsü ilə şeirlər yazırdı. Xosrov Axundov 9 yaşında olarkən atası ilə “Məclisi-üns”ə gedərdi. İlk şeiri Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” kitabında nəşr olunub. X.Axundovun həyat və pedaqoji fəaliyyətindən bəhs edən “Mənalı həyat” adlı kitab “Gənclik”, onun “Ömürdən səhifələr” adlı kitabı “Yazıçı” nəşriyyatında nəşr olunub. Şuşa şəhərinin yaranmasının 250 illiyinə həsr olunmuş “Şuşa nəğmələri” kitabının birinci cildinə onun şeirləri daxil edilmişdir. 1993-cü ildən Binəqədi rayonundakı 102 saylı məktəbə Xosrov Axundovun adı verilib.

Mirzə Xosrovun pedaqoji ustalığı onu Qarabağda məşhur etmişdi. Çoxları öz övladlarına onun dərs deməsini istəyirdi. Təsadüfi deyil ki, C.Məmmədquluzadənin oğlanları – Ənvər və Midhətə, Xurşidbanu Natəvanın nəvələri Şəhla xanıma, Mir Qafara, Əbülfətə, Soltana da dərs demişdir.
X.Axundovun “Şuşada yaşayan görkəmli şəxslərin xatirələri” (206 səhifə), “Şeirlər məcmuəsi” (171 səhifə), “Müxtəlif şeirlər” (21 ədəd dəftər) M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

X.Axundov 1960-cı ilin mayın 10-da dünyasını dəyişib. Onun Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı xatirələri vardır. Mirzə Cəlil və Həmidə xanım haqqında təəssüratlarını sizə təqdim edirik.

ÇƏLİL MƏMMƏDQULUZADƏ VƏ HƏMİDƏ XANIM
BARƏDƏ TƏƏSSÜRATIM

Mən neçə illər Mirzə Cəlil Məmmədquluzadənin uşaqlarına öz evlərində dərs vermişəm. Onun həyat yoldaşı Həmidə xanım ziyalı qadın idi, oğlanları və qızlarının təhsilinə böyük əhəmiyyət verərdi. O, evdə möhkəm qayda-qanun yaratmışdı. Uşaqlar dərsə aid göstərişlərimi həvəslə yerinə yetirərdilər. Mirzə Cəlil hər gün dərslərin gedişi haqqında məndən məlumat alardı.

Bir gün Mirza Cəlil dərs otaqına daxil oldu və mənə müraciət edib soruşdu:

-Müəllim, bizim uşaqlar dərsə vaxtında gəlirmi?

Elə bu anda onun böyük oğlu Midhət sözə qarışdı, dedi ki, qardaşım Ənvər evə verilən tapşırığı yazmamışdır.

Mirzə Cəlil ev tapşırığını yazmamasının səbəbini çox ciddi tərzdə oğlundan soruşdu. Uşaq ağladı, çavab vermədi. Atası ona dedi:
-Bu gün sən gəzməyə getməyəcəksən.
Uşaq gözləri yaşarmış halda güclə cavab verdi:
-Bəs anam?
Bu sualın xüsusi mənası var idi. O demək istəyirdi ki, ev tapşırığını yazmadığımı anam bilsə, mənim halım necə olacaq?
Mirzə Cəlil bir qədər düşündükdən sonra belə cavab verdi:
-Ənvər, əgər bundan sonra bir də belə tənbəllik etməyəcəksənsə, Xosrov müəllimdən xahiş edərik, anana heç bir söz deməz.
Uşaq ayağa durdu, səmimi bir ifadə ilə dedi:
-Bundan sonra bir də belə iş tutmaram. Müəllim mənim taqsırımdan keçsin.
Ənvər qarşımda dayanıb dönə-dönə üzr istədi.
Sabahı gün dərsə gələndə gördüm ki, Ənvər dəhlizin qapısında durub, məni gözləyir. O, salam verib soruşdu:
-Müəllim, anama deməyəcəksiniz ki?
-Yox,—deyə cavab verdim.
Hər həftənin axırıncı günü Həmidə xanım uşaqlarının dərsinə nəzarət edərək məndən məlumat alırdı. Uşaqlardan yaxşı qiymət alanlara hədiyyə bağışlar, geri qalanları məzəmmət edərdi.

Həmidə xanımın uşaqlarına belə münasibəti övladlarının ali savad almasına şərait yaratdı.

1908-ci ildə Həmidə xanım və Mirzə Cəlil Kəhrizli kəndində məktəb açdılar. Həmin məktəb üçün Mirzə Cəlil Qriqor adlı ustaya 20 ədəd skamya qayıtdırmışdı və özü onları rəngləmişdi. Onlar məktəbə ilk dəfə 30 nəfər oglan və 10 nəfər qız cəlb edərək, öz xərcləri hesabına onları dərs ləvazimatı ilə təmin etmişdilər. Məktəbdə Həmidə xanımın əvvəlki həyat yoldaşından olan qızı Mina və Mirzə Cəlil dərs deyirdilər.
Həmidə xanım öz dövrünün irəlidə gedən maarifpərvər qadınlarından biri idi. O, Şuşada «Toxuculuq sexi» açaraq qadınları burada işləməyə cəlb etmişdi. Toxuculuq sexi Mirzə Cəlilin yaşadığı binanın alt mərtəbəsində yerləşirdi.

Həmidə xanım qadınların cadrasız gəzməsinə, qızların məktəbdə oxumasına çalışardı.
***

Təxminən 1915-ci ildə Həmidə xanımın təşəbbüsü ilə kasıb uşaqlarının məktəbdə oxuması üçün Şuşanın keçmiş realnı məktəbi binasında gecə təşkil etmək üçün heyət yaradıldı. Heyətdə Mirzə Çəlil ilə bərabər mən də var idim. Plan tərtib olundu. Binanın bir otağı Asiya, digər otağı Avropa qaydası ilə bəzədilmişdi. Otağın birində köhnə qayda ilə uzun tumanlı, yaylıqlı, o biri otaqda avropasayağı geyinmiş qızlar və gəlinlər rəqs edərək əylənirdilər. Gecədə çalğıçılar, xanəndələr və artistlər iştirak edirdi. Dəvətnamələrin paylanmasına şəxsən mən köməklik göstərdim.

Üzeyir Hacıbəyovun «Məşədi İbad» komediyası böyük müvəffəqiyyətlə oynanıldı. Yığılan pula kasıb uşaqlarına dərs ləvazimatı, ayaqqabı və paltar alındı.

Gecənin təşkili və məqsədi haqqında Həmidə xanım Azərbaycan və rus dillərində çıxış etdi. Gecə olduqca canlı keçdi.
***
1919-cu ilin fevral ayı idi. Mirzə Cəlilin uşaqları ilə məşğul olmaq üçün onların evinə getmişdim. Uşaqlara dərs dedikdən sonra Mirzə Cəlilin xahişi ilə mən onunla birlikdə nahar etdim. O, məni özünün iş otağına apardı. Otaqda qoyulmuş mizin üstündə jurnal və qəzetlərdən əlavə qeyri yazılar da var idi. Söhbət əsnasında Mirzə Cəlil mənə dedi:
-Mirzə Xosrov, səni maraqlandıran, şahidi olduğum və ağsaqqallardan eşitdiyim maraqlı hadisələri qələmə almışam.
Mən ondan yazdığı mövzunun adını soruşdum. O cavab verdi:

-Yazdığım əsərlərin adı «Ölülər» və «Anamın kitabı»dır.

Mirzə Çəlil əsərlərinin əlyazmasını oxumağa başladı. Həqiqətdə də mən çox maraqlandım. O, əsəri oxuyub qurtardıqdan sonra hüsn-xəttinin pis olması səbəbindən əsərinin üzünün köçürülməsini məndən xahiş etdi. Mən «Ölülər» və «Anamın kitabı» əsərinin üzünü iki nüsxədən ibarət köçürdüm. (Həmidə Məmmədquluzadə. “Mirzə Cəlil haqqında xatirələrim”. Bakı, 1967, s.85,86).

1919-cu il avqust ayının 17-də Mirzə Cəlilin «Ölülər» komediyası Şuşada Xurşidbanu Natəvanın qızı Xan Bikənin evində yerləşən məktəbdə («Nərimaniyyə» məktəbində) tamaşaya qoyuldu. Tamaşaya Həmidə xanım və qızı Minadan başqa qadın gəlməmişdi. Belə tamaşalarda yalnız Əbdürrəhimbəy Haqverdiyevin əmisi oglanları iştirak edərdi. Başqa bəy tayfasından heç kəs gəlməzdi. Çünki bəylər teatr tamaşalarını baykot etmək fikrində idilər.
***
…Bir gün Mirzə Cəlil ilə məsçidə yaxın olan qiraətxanaya gedirdik. Məscidin qabagında bir neçə molla oturmuşdu. Mirzə onların qarşısından keçərkən salam verdi. Mollalar özlərini eşitməzliyə qoyub cavab vermədilər. Hətta biz bir qədər aralandıqdan sonra «lənət kafirə»—deyə Mirzə Cəlilə lənət oxudular.
Qiraətxanaya çatdıqda Mirzə Cəlil gülə-gülə dedi:
-Mirzə Xosrov, «Ölülər»ə görə mollaların, ruhanilərin məni görməyə gözləri yoxdur. Çünki onlara dağ çəkmişəm.
***
O zaman din xadimləri «Molla Nəsrəddin kafirdir»,- deyə onun əleyhinə hər yerdə təbliğat aparır, hətta onu öldürmək istəyirdilər.

Ruhani və mollaların təzyiqinə baxmayaraq, «Molla Nəsrəddin» jurnalının nömrələri Şuşada əldən-ələ gəzirdi. «Molla Nəsrəddin» jurnalının yayılmasında Mir Möhsün Nəvvabın oğlu Mir İbrahim ağanın böyük rolu olmuşdur. O, «Molla Nəsrəddin» jurnalını gizli satır, onu alanlar da gizli oxuyurdular. Çünki hər kəsin əlində «Molla Nəsrəddin» jurnalı görünsəydi, onu «kafir» adlandırardılar. Həmin adamı hamama buraxmazdılar. Dəllək də başını və üzünü qırxmazdı. Mollaların fitvası belə idi.
***
Mirzə Cəlilin kiçik iş otaqı var idi. O, hər gün nahardan sonra uzanıb bir qədər yatardı. İstirahət etdikdən sonra qamışdan qayrılmış tütəyi götürüb çalmağa başlardı. O, «Çoban bayatısı» və «Qarabağ şikəstəsi»ni yaxşı çalardı. Deyərdi ki, ney sadə və təbii çalğı aləti olduğundan onu çox xoşlayıram.
Mirzə Cəlil Ağdamda, Gülablı kəndinin aşıqları olan aşıq Nəçəfqulu və aşıq Abbasqulu ilə dostluq edərdi. Onun kamançası da var idi.
***
Günləri bir günü Mirzə Cəlili hara isə qonaq dəvət etmişdilər. O, libasını dəyişdikdən sonra şalvarının dal cibinə balaca bir tapança qoydu, evdən çıxanda tapşırdı ki, qardaşım Mirzə Ələkbər gələndə deyərsiniz, axşam saat 12-də silahını götürüb dalımca filan yerə gəlsin.

Bu sözlər məni həm maraqlandırdı, həm də narahat etdi. Həmin günün sabahı ondan soruşdum:

-Mirzə, dünən silah götürməyinə və qardaşın Mirzə Ələkbərə sənin dalınca gəlməsini tapşırmağına səbəb nə idi?

O, cavab verdi ki, məni təqib edirlər. Odur ki, ehtiyatlı olmağı lazım bilirəm. Həmişə ehtiyatlı olmaq insana xeyir verər.

Mirzə Cəlil X.Axundovun müəllimlik qabiliyyətini yüksək qiymətləndirərdi. Mirzə Cəlilin qohumlarından biri Musa Vəzirov söyləyir ki, biz Həmidə xanımın yaşadığı mənzildə tez-tez olardıq. Mirzə Xosrov Mirzə Cəlilin uşaqlarına dərs vermək üçün onlara gəlmişdi. Mən də həmin gün orada idim. Müəllim uşaqlara dərs vermək üçün başqa otağa keçdi. Bu zaman Mirzə Cəlil bizə yaxınlaşıb dedi:
-Bu müəllim yaxşı pedaqoqdur, onun dərs üsulu çox xoşuma gəlir.

Mehparə AXUNDOVA

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button